Şrift:
Ombudsman saxlanılan və həbs cəzası olan şəxslərin üzləşdiyi əsas problemləri açıqlayıb
28.02.2019 [10:42] - Gündəm, Hüquq
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupu (MPQ) Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Miqrasiya xidmətlərinin, həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin tabeliyində olan, ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək müəssisəyə, o cümlədən müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən 343 dəfə baş çəkib.

Bu barədə Ombudsman Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində məlumat verilib.

Qeyd olunub ki, bunların 220-i plan, 123-ü isə plandankənar olub.

Sənəddə bildirilib ki, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərinə 186, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 56, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlamayeri və istintaq təcridxanasına 4, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılma mərkəzinə 3, Təhsil Nazirliyinin xüsusi-təlim tərbiyə və internat müəssisələrinə, habelə xüsusi peşə məktəbinə 44, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat, pensiya yaşına çatmış və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə 7, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə və körpələr evlərinə 29, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 14 başçəkmə həyata keçirilib: “Saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidanın rasionu və keyfiyyəti, tibbi xidmətin və asudə vaxtın təşkili vəziyyəti öyrənilib, konfidensiallıq təmin olunmaqla müvəqqəti saxlanma yerlərində 570, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 430, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 2 114 saxlanılan şəxslə təklikdə görüşlər keçirilib, müraciətləri yerində araşdırılıb və müvafiq tədbirlər görülüb. Bununla yanaşı, bu müəssisələrdə çalışan 600-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici söhbətlər aparılıb. Müəssisə rəhbərləri və aidiyyatı vəzifəli şəxslər tərəfindən MPQ üzvlərinə lazımi şərait yaradılıb, pozuntuların aradan qaldırılması üzrə verilən tövsiyələr nəzərə alınıb. Bəzi hallarda müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin istintaq təcridxanasına keçirilməsi müddətlərində pozuntulara yol verilməsi, azadlıqdan məhrum edilən şəxslərin penitensiar müəssisələrdə konfidensial yazışma hüququnun reallaşdırılması sahəsindəki problemlər qeyd edilməlidir.

Müvəkkilin ünvanına daxil olan müraciətlərin, başçəkmələr zamanı qəbul edilən şəxslərlə görüşlərin və qaynar xəttə daxil olan zənglərin təhlili göstərir ki, azadlıqdan məhrum edilən şəxslərin ailə üzvləri və yaxınları ilə görüş, sovqat, telefon danışıqlarından istifadə ilə bağlı hüquqlarının pozulması hallarına rast gəlinir. Belə halların aradan qaldırılması üçün nəzarət daha da gücləndirilməlidir”.
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed