Şrift:
Əli Kərimlinin müavini farspərəst qiyafəsində iranın ərəzi bütövlüyünü dəstəkləyir…
08.08.2012 [16:48] - Xəbərlər
Əlirza Amanbəyli: «Razi Hurullayevin açıqlamalarını milli-azadlıq hərəkatına xəyanət kimi qiymətləndirirəm»

Əjdər Tağızadə: «Belə mövqe ortaya qoymaq millətə və dövlətçiliyə ziddir»

Bu günlərdə Əli Kərimlinin müavini Razi Hurullayev iranpərəst mövqe sərgiləyən bir açıqlama ilə çıxış edib. Qəzetlərdən birinə müsahibəsində Razi Hurullayev İranın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb. O bildirib ki, İranda vəziyyətin pisləşməsi və onun parçalanması Azərbaycana sərf edən variant deyil: «Azərbaycan istənilən halda İranın dağılmasında və bu ölkəyə qarşı müharibənin başlanmasında maraqlı deyil və ola da bilməz. Çünki İran dağılan zaman bunun ən çox ziyanını görən ölkələrdən biri də Azərbaycan olacaq. Buna görə də İran məsələsində Azərbaycan neytral davranmalıdır».
Digər tərəfdən, Razi Hurullayev İranın Azərbaycan vətəndaşları üçün viza rejimini ləğvində də məkrli niyyət görmədiyini deyib. O düşünür ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini qəsdən ləğv etməyib. Bunu o bloklara qoşulmayan ölkələrin Tehrandakı sammitilə bağlı İranın müəyyən ehtiyat tədbirləri görməsilə əlaqələndirib. Bu açıqlama göstərir ki, "AXCP" güneyli soydaşlarımızın İran müstəmləkəçilərinə qarşı azadlıq mübarizəsini dəstəkləmir. Yəni Razi Hurullayevin bu fikirlərilə təmsil olunduğu təşkilatın güneyli, quzeyli Azərbaycanın birləşməsi ideyasına laqeyd yanaşdığının bariz şəkildə ortaya qoymuş oldu. Başqa bir tərəfdən Razi Hurullayev İranın viza rejimini ləğvində məkrli niyyət görmür. Unudur ki, Tehran viza rejiminin ləğvini uzun müddətə uzada bilər. Viza rejimini ləğv etməkdə İranın başlıca məqsədi heç də sözügedən sammit ərəfəsi ölkədə təhlükəsizliyinin təmin edilməsi deyil. Burada fars-molla rejiminin əsas niyyəti həmin rejimi ləğv etməklə Azərbaycan hökumətinə qarşı əhali arasında narazılıq toxumu səpməkdir.
Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli dedi ki, İranın parçalanmasının Azərbaycana sərf edən variant olmadığını demək düşmən qüvvələrinin mövqeyidir: «Hazırda Güney Azərbaycanda milli-azadlıq hərəkatı, istiqlal davası gedir. Güneyli soydaşlarımız da öz taleyini həll etmək hüququna malikdir. Azərbaycanlılar Türkmənçay müqaviləsindən üzü bəri parçalanmış millətin birləşməsi uğrunda mübarizə aparır. Belə bir şəraitdə soydaşlarımızın İranı dəstəkləməsi milli-azadlıq hərəkatına arxadan zərbə vurmaq kimi bir şeydir. Bir müddət öncə Əli Kərimli də ayətullah Xamneyini dəstəkləyərək bildirmişdi ki, bu şəxs guya 40 milyonluq Azərbaycan türkünün dini rəhbəridir, onu təhqir etmək onları təhqir etmək deməkdir. Əslində isə Əli Kərimlinin dəstəklədiyi Xamneyinin rəhbərlik etdiyi dövlət torpaqlarımızın bir hissəsini işğal edən Ermənistanla daha sıx əlaqələr qurur və müstəqil Quzey Azərbaycan respublikasını iranın şimalı adlandırır. Əli Kərimlinin müavini Razi Hurullayev kimi İran dövlətinin ərazi bütövlüyünü dəstəkləyənlərin bu açıqlamasını isə Azərbaycan türklərinin milli-azadlıq hərəkatına xəyanət kimi qiymətləndirirəm. Güney Azərbaycanda baş verən milli-azadlıq hərəkatının hansı qanlar hesabına başa gəldiyini yəqin ki, Razi bəy başa düşmür. Bu şəxslərin xalqımızın milli-azadlıq hərəkatına qarşı çıxaraq canfəşanlıqla İranın ərazi bütövlüyünü dəstəkləməsinə səbəb nədir? Başa düşə bilmirəm ki, bu insanlar niyə Azərbaycan milləti və dövlətinə deyil, farsa, rusa xidmət göstərirlər. Onlar Soros Fondundan və iran rjimindən müəyyən qrantlar almaqla həm dövlətimizə ciddi təhlükə yaradır, digər tərəfdən, düşmən dövlətlərə dəstək olurlar. Yəqin ki, yaxın gələcəkdə Azərbaycan bütövləşdikdən sonra bu kimi qüvvələr xalq qarşısında cavab verməli olacaqlar. Gec-tez xalqımızın çörəyini yeyib ona dönük çıxan, Bütöv Azərbaycan məsələsinə qarşı duran insanlar layiqli cavablarını alacaq».
Razi Hurullayevin İranın viza rejimini ləğvini məkrli niyyət saymamasına gəldikdə isə, həmsöhbətimiz Tehranın bu addımının da çirkin niyyətlərdən qaynaqlandığına əmin olduğunu vurğuladı: «İran viza rejimini Azərbaycan və Türkiyəyə münasibətdə ləğv edir. Amma həmin addımı Gürcüstan, Ermənistan, müharibənin getdiyi Suriya və digər ölkələrə münasibətdə atmır. Bu hal onu göstərir ki, İranın ölkəmizə münasibətdə viza məsələsində atdığı addımında həqiqətən də məkrli niyyətlər var. Aydındır ki, bunu məkrli niyyət saymayanlar İran rejiminə xoş gəlsin deyə, belə təşəbbüslərdə bulunurlar. Belə davam edərsə, həmin qüvvələr sabah Ermənistanı da müdafiə edib onun da ərazi bütövlüyünün toxunulmaz olduğunu bəyanlaya bilərlər. Təki həmin qüvvələrə qrant verənlər olsun».
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Əjdər Tağızadə də Razi Hurullayevin fikirlərini millətimizə və dövlətçiliyimizə zidd sayır: «Azərbaycan Respublikası və Türkiyədə Güney Azərbaycanda milli-azadlıq hərəkatının güclənməsindən sonra bəziləri digər etniklərin də ayağa qalxacağını bəyanlamağa başladılar. İranın parçalanmasını istəməyən və bununla da milli-azadlıq hərəkatına qarşı çıxdıqlarını söyləyən bəzi quzeyli soydaşlarımızın İrandan xəbərləri olsaydı, belə fikirlər səsləndirməzdilər. Belə düşünənlər bilməlidirlər ki, İran rejimi beynəlxalq terrorçuluğu dəstəkləyir və bu fəaliyyəti dünyada hamı qınayır. Bu halda bizim susmağımız güneyli soydaşlarımıza dəstək olmaz. Əksinə, İranın parçalanmamalı olduğunu deməyimiz fars rejimini dəstəkləmək kimi bir şeydir. İndi hamı bildirir ki, Suriyadan sonra növbə İranındır. Çünki əsarət altında olan bütün millətlər rejimin əlindən cana gəlib. Amma Quzeydə oturan soydaşım İranın parçalanmamalı olduğu iddiasını irəli sürür. Bu düşüncə tərzi heç də doğru deyil. Bu fikri ortaya qoymaq millətə və dövlətçiliyə ziddir».

Rüfət Sultan
Bu xəbər oxucular tərəfindən 2033 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed