Şrift:
Borçalıda el bayramı keçirilib
23.10.2011 [12:03] - Borçalı
Azərbaycanlıların kompakt yaşadığı Qardabanidə el bayramı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Qardabnoba" adlanan "Qardabani Günü" bayramı gürcü və azərbaycanlıların iştirakı ilə qeyd edilib. Tədbirə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Qardabani rayon icra hakimiyyəti başçısı Zviad Epitaşvili, Gürcüstan parlamentinin nümayəndələri, Rustavi, Bolnisi, Marneuli, Dmanisi, Tetri-Skaro rayon icra hakimiyyəti başçıları, kənd icra nümayəndələri, QHT təmsilçiləri, jurnalistlər, ziyalılar qatılıblar. Qardabani parkında bədii özfəaliyyət dərnəklərinin, aşıqların, gürcü və Azərbaycan folklor ansambllarının iştirakı ilə konsert proqramı təşkil edilib, müxtəlif bayram süfrələri açılıb, şənlik bütün günü davam edib. Bölgə qubernatoru el bayramında azərbaycanlılarla görüşüb, söhbət edib və məktəblilərin Azərbaycan və gürcü dilində söylədiyi şeirləri dinləyib.Tədbirdə bölgə rəhbərliyi və digər icra strukturları valideyn qayğısından məhrum olan uşaqların rəsm əsərlərinin sərgisi ilə də tanış olublar.
Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze APA-ya açıqlamasında Qardabanidə keçirilən bu bayramın artıq ənənəyə çevrildiyini bildirib. "Qardabnoba" (Qardabani Günü) bayramı Gürcüstanda yaşayan gürcü və azərbaycanlıların dostluğu bayramıdır. Ənənəvi olaraq hər il baş tutan bu el bayramında biz həyata keçirdiyimiz layihələr barədə xalq qarşısında hesabat verir, onları gələcək layihələr barədə məlumatlandırırıq. Bu il Qardabanidə müxtəlif layihələr başlayıb və biz onları gələn il uğurla başa çatdıracağıq. Düşünürəm ki, Qardabani Gürcüstanın gözəl bir guşəsinə çevriləcək."
Bu xəbər oxucular tərəfindən 1164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed