Şrift:
Qərbi Azərbaycan mahalları ilə bağlı yüzdən çox saxlama vahidi fotosənəd arxivə təhvil verilib
16.04.2019 [10:38] - Qərbi Azərbaycan-İrəvan
AMEA-nın Folklor İnstitutunun qorqudşünaslıq şöbəsinin aparıcı elmi əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli tərəfindən daim saxlanmaq məqsədilə Qərbi Azərbaycan mahalları və İrəvan şəhəri ilə əlaqədar 152 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Bu barədə Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov bildirib.

Qeyd edib ki, tarix üçün əhəmiyyəti olan bu fotosənədlərin məzmununda İrəvan xanlarının, xanzadələrinin, onların ailələrinin, İrəvan şəhərinin məşhur məhəllələrinin, habelə Qərbi Azərbaycan torpaqlarında olan tarixi memarlıq abidələrinin, görkəmli dövlət adamlarının, tanınmış ziyalıların nadir şəkilləri əks olunur.

Foto və kinosənədlərin arasında hicri 1144-cü ildə III Şah Abbas adına basılmış pul sikkələrinin fotoları, İrəvan qalası uğurundakı döyüşlərdə istifadə olunan atıcı silah nümunələrinin şəkilləri, İrəvan xanlığının bayrağının, qalasının açarlarının və məşhur məhəllələrinin fotoları var.

Fotosənədlərdə İrəvan xanı Hüseynqulu xanın, İrəvan xanzadələrindən Əbülfətih xan Bağırxan oğlunun, Musa xan Cavad Ağa oğlunun şəkilləri, Türkmənçay müqaviləsinin fotosurəti, İrəvan şəhərinin vitse-qubernatoru İsmayıl bəy Qazıbəyovun, Zəngibasar mahalından 1948-1953-cü illərdə əhalinin deportasiyası ilə bağlı köçürülmə biletləri, İrəvan yaxınlığındakı Cəfərabad kəndində Çuxur-Səd əmiri Əmir Səidin məzarı üzərində oğlu Pir Hüseyn tərəfindən 1413-cü ildə ucaldılmış məşhur Cəfərabad türbəsinin müxtəlif görüntüləri əks olunub.

Hazırda arxivə daxil olmuş fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənədin qısa məlumat bazası hazırlanır.
Bu xəbər oxucular tərəfindən 3111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed