Şrift:
Deputat açıq danışdı: “Aprel hadisələrində məsələni həll edə bilərdik, lakin Rusiya mane oldu”
15.05.2019 [12:29] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bu günlərdə millət vəkili Qüdrət Həsənquliyev böyük müzakirələrə səbəb olan və ciddi rezonans doğuran fikir səsləndirib. O qeyd edib ki, Azərbaycan xalqı Qarabağı azad etmək üçün fədakarlığa hazır deyil. Parlamentarinin sözlərinə görə, Qarabağ savaşında içimizdən satqınlar çox çıxdı. Hər dövrün öz çətinlikləri var. Həmçinin də bugünkü dövrün:

"Ona görə də müharibə barədə qərar verə bilmirik. Qarabağ barədə danışanda hamı başqasını ittiham edir. Məncə, əvvəlcə özümüzü ittiham etməliyik. Düşünürəm ki, Azərbaycan xalqı Qarabağı azad etmək üçün fədakarlığa, qəhrəmanlığa hazır deyil”.


Həmkarının iddiasına münasibət bildirən millət vəkili Fərəc Quliyev "Sherg.az”a açıqlamasında söyləyib ki, Azərbaycan xalqı kifayət qədər fədakar xalqdır. Biz ölkəmizi müdafiə etməyi bacarırıq. Deputatın sözlərinə görə, Qarabağ savaşı başlayanda aydın idi ki, Rusiya ermənilərin arxasında dayanıb:

"Ona görədə sovet ittifaqından qalma bütün qüvvələrə qarşı Azərbaycan müqavimət göstərdi. Bu günə qədər minlərlə şəhid vermişik və fədakarlıqlar göstərmişik. O zamanlar qadınlar çadra altında benzin gətirib sərhədlərdə dirəklərə töküb yandırırdılar. Bu qədər fədakarlığın ölçüsü varmı?

2016-cı il aprel döyüşlərində Azərbaycanın hər yerindən müraciətlər olundu. Xaricdə oxuyan tələbələr, diasporda olan insanlarımız belə savaşa qatılmaq üçün müraciət edirdilər. Bizim partiyanın Qarabağ Departamentinin keçmiş döyüşçüləri ölkə başçısına müraciət etdilər ki, savaşa qoşulsunlar. Yəni, torpaqlarımız uğrunda kütləvi şəkildə fədakarlıq göstərilirdi. Ona görə də xalqımızı bu cür aşağılamaq və fədakarlığa hazır olmadığını demək düzgün deyil.

Parlamentdə dəfələrlə bildirmişəm ki, hətta 1 milyondan çox qaçqınımızın içindən belə çıxıb müqavimət göstərən adamları səfərbər etməklə məsələni yoluna qoymaq mümkündür. İnsanlar hər an savaşa hazırdırlar. Özünə inam olduqca mühüm amildir. Bəzən deyirlər ki, ermənilərin arxasında böyük güclər dayanır və gərək bir az ehtiyatlı davranasan. Sual edirəm ki, həmin güclərin özü birbaşa müdaxilə etsəydi, nə olacaqdı? Onda ölkəni təhvil verəydik? Bizim imkanlarımız var. Gərək torpaqlarımızı azad etməyə psixoloji cəhətdən hazır olaq. Belə mövqe sərgiləsək, ermənilər düşünəcəklər ki, qorxuruq. Bu duyğusal bir məsələ deyil”.

Deputat vurğulayıb ki, mövcud olan gücümüzü, iradəmizi, torpaqlarımıza sahib çıxmaq istəyimizi nümayiş etdiriməyi bacarmalıyıq:

"Xüsusən də, fikrimiz ictimai rəydə rezonans doğura biləcək , Ermənistana qədər gedib çata biləcək səviyyədə olmalıdır. Biz dinc yolla məsələnin həll olunmasına etiraz etmirik. Amma 25 ildən artıqdır ki, dinc yolla heç nə alınmır.

Aprel ayında məsələni həll edə bilərdik, lakin Rusiya mane oldu. BMT nizamnaməsinin 7-ci və 51-ci bəndi, Azərbaycan Konstitutsiyası, beynəlxalq konvensiyalar imkan verir ki, məsələni həll edək. Xalqımızın savaşa hazır olmadığına dair atmosfer yaratmasaq, torpaqlarımızı geri qaytara bilərik. Bütün cəmiyyətimiz, hətta qadınlarımız belə savaşa hazırdır. Ona görə də Qüdrət müəllimin fikirləri ilə razılaşmıram. Düşünürəm ki, Ali Baş Komandan nə vaxt əmr etsə, Azərbaycan xalqı savaşa gedə bilər”.


Yeganə Bayramova
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed