Şrift:
Marneulidəki seçkilər Azərbaycanda maraq doğurmadı - səbəb
24.05.2019 [11:46] - Xəbərlər, Siyasət, Borçalı, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “500 min soydaşımıza biganə qalmaq olmaz”

Mayın 19-da Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçirildi. Bu seçkilər əvvəlkilərdən fərqli cəhətləri ilə yadda qaldı. Seçkilərə diqqət kifayət qədər az oldu. Bu da hər zaman seçici fəallığı ilə seçilən Gürcüstanda nədən passivliyin olduğu yönündə haqlı suallar ortaya çıxarıb.

Seçkilərdə bir soydaşımız qalib gəldi. Bu, Marneulidə hakim “Gürcü Arzusu” Partiyasının namizədi olan azərbaycanlı Zaur Darğallıdır. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin xanımı, Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Sandra Rulofsun məğlubiyyəti isə gözlənilməz oldu. Gürcü müxalifətinin seçkilərə mövqeyi hər kəsin gözlədiyi kimi oldu, demokratik düşərgə saxtakarlıq iddiaları ilə nəticələri tanımadı.

Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə seçkiləri izləmək üçün Azərbaycandan nümayəndə heyətinin Gürcüstana gedib-getmədiyi məlum deyil. Adətən indiyə qədər Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri qonşu ölkəyə səfər edirdilər. Amma bu dəfə belə olmadı. Əksəriyyət düşünür ki, Azərbaycanla Gürcüstan arasında son günlərdə yaranan “Keşikçidağ” qalmaqalı burada əsas rol oynadı. Bununla yanaşı, mer seçkilərinin prezident və ya parlament seçkilərindən fərqli olaraq nüfuzlu olmamasının səbəb olduğunu dilə gətirənlər də var.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev seçkiyə qədər bir sıra işlər gördüklərini bildirdi: “İşçi qrupunun üzvləri olaraq seçkilərlə bağlı mütəmadi olaraq maraqlanırdıq. Seçkiyə qədər bir çox görüşlərimiz də oldu. Gürcüstandakı soydaşlarımızın bu məsələləri ilə bağlı həm parlamentdə dinləmələri oldu, həm mətbuatda yazılar getdi, həm də Elmlər Akademiyasında görüş oldu. Azərbaycandan müraciətlər də oldu. Parlamentdə məsələ qaldırdım ki, Borçalıda azərbaycanlıların sıx yaşadıqları ərazidə süni mer seçdirmək istəyirlər, torpaq alqı-satqısı və digər məsələlərlə əlaqədar belə cəhdlərin olduğunu bildirmişdim. Bu məsələlərə son qoyulmasını tələb etdim. Prezident seçkilərindən fərqli olaraq mer seçkilərində iştirakla bağlı nə yerli hökumət dəvət etmir, nə də xüsusi maraq olur. Amma Gürcüstanı diqqətdə saxlamaq bizim üçün zərurətdir. Çünki orada 500 mindən çox soydaşımız yaşayır. Onların taleyinə sahib çıxmaq borcumuzdur. Hər zaman məsələ qaldırıram ki, oradakı idarəçilikdə polisdə və digər strukturlarda soydaşlarımız iştirak etməlidir. Hesab edirəm ki, mer seçkilərində adekvat münasibət bəlkə də sərgiləmədik. Namizədliyini verən soydaşlarımıza planlı şəkildə dəstək verməli idik.

Çünki biz indidən bu cür dəstəklər nümayiş etdirməsək, sonradan fəsadlarını aradan qaldırmaq məcburiyyətində qalacağıq. Təkcə Gürcüstanda deyil, digər ölkələrdə də soydaşlarımızın seçkilərdə namizəd olmaları üçün xüsusi bir proqram hazırlanmalı, münasibət olmalıdır. Lakin hesab etmirəm ki, Azərbaycan tərəfdən məsələyə əvvəlki illərdə soyuq münasibət olub. Sadəcə, Gürcüstandakı bu mer seçkiləri ”Keşikçidağ" məsələsinin bir az kölgəsində qaldı. Belə bir böyük qalmaqalın fonunda seçkilər çox kiçik göründü. Lakin istənilən halda, belə məsələlərə çox fərqli bir yanaşma ortada olmalıdır. Hansı seçkilərin olmasından asılı olmayaraq, oradakı 500 min soydaşımıza biganə qalmaq olmaz. Onlar Gürcüstanın taleyini həll edən elektoratdır. Sözlərini deyə biləcək addımlar atmalıdırlar. 500 min soydaşımızla bağlı indidən bir qrup oturub xüsusi bir davranış modelini hazırlamalıdır. Planlı şəkildə qarşımıza məqsəd qoyub oradakı elektoratla işləməliyik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 96 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed