Şrift:
Azərbaycan-İsveçrə Birgə Komissiyasının iclasına hazırlıq məsələləri müzakirə edilib
21.06.2019 [10:08] - Xəbərlər, İqtisadiyyat
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Ervin Bollinqer ilə görüşüb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafından, yüksəksəviyyəli səfərlərdən məmnunluq ifadə olunub.

Səfir digər sahələrlə yanaşı, ticari-iqtisadi əlaqələrin daha da artırılması istiqamətində işlərin davam etdirildiyini, Azərbaycandan İsveçrəyə iqtisadi heyətin səfər etməsinin nəzərdə tutulduğunu bildirib.

Görüşdə, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının artırılması, ticarət dövriyyəsinin yüksəlməsinə səy göstərilməsi, birgə Hökumətlərarası Komissiyanın iyunun 28-də keçiriləcək növbəti iclasına hazırlıq işləri, qarşılıqlı səfərlər barədə müzakirələr aparılıb.

Ervin Bollinqer Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu və bu istiqamətdə birgə Hökumətlərarası Komissiyanın öz səylərini artırdığını vurğulayıb.

Qeyd edək ki, son illərdə iki ölkənin iqtisadiyönümlü təşkilatları arasında əməkdaşlıq inkişaf edir. Növbəti həftə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Turqau kantonunun Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq memorandumlarının imzalanması nəzərdə tutulur. Bu barədə razılıq səfirlik tərəfindən İsveçrə kantonlarına təşkil edilən işgüzar səfərlər zamanı əldə edilib. İyunun 27-də Sürixdə İsveçrə-MDB Birgə Ticarət Palatası ilə biznes-forumun təşkili də nəzərdə tutulan tədbirlər arasındadır. Oktyabrda isə Qərbi İsveçrənin işgüzar dairələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed