Şrift:
Fərəc Quliyev: “Biz postlar qurmuşduq ki, döyüşə gələn əhalinin qarşısını alaq, düşmən post qurmuşdu ki, əsgərləri cəbhədən qaçmasın.” (video)
27.06.2019 [14:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycanda döyüşən Qafqaz İslam Ordusundan əvvəl, Çanaqqala müharibəsində də Azərbaycan türkləri döyüşmüşdü”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən – 26.06.2019 tarixində Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin qonağı olub. “26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü”-nə həsr edilmiş həmin verilişdə partiya sədri bu bayram münasibətiylə xalqı təbrik etdikdən sonra, Azərbaycan ordusunun yaranandan bu günə qədər məruz qaldığı təzyiqlər və keçdiyi ağır yola nəzər salıb. O, yox yerdən yaranan ordunun şücaətinin misilsiz olduğunu vurğulayıb və bunun millətin genetik kodları ilə bağlı olduğunu bildirib. F.Quliyev Azərbaycan ordusunun 1918-ci ildə Qafqaz İslam Ordusu ilə ilə birgə addımlamasını təbii qardaşlıq missiyası adlandıraraq, hələ bundan əvvəl Çanaqqala müharibəsində də Azərbaycan türklərinin döyüşdüyünü qeyd edib.
Millət vəkili xalq-ordu münasibətləri ilə bağlı maraqlı bir məqamı təhlil edib. O, 2016-cı il aprel döyüşlərindən misal çəkərək bildirib ki, “həmin döyüşlərdə bizim tərəf də arxa cəbhədə postlar qurmuşdu, düşmən tərəf də. Biz postlar qurmuşduq ki, savaş meydanına döyüşmək üçün axan əhalinin qarşısını alaq, düşmən post qurmuşdu ki, əsgərləri savaşdan qaçmasınlar.” Partiya sədri bildirib ki, biz geri dönməmək şərti ilə döyüşə atılmaq üçün növbəyə duran millətik. O, bu ruhla sahib olan millətin əsgərini qazanacağı qələbə münasibətilə əvvəlcədən təbrik etdiyini bildirib.

F.Quliyevin həmin verilişdəki çıxışının videosunu təqdim edirik:


Bu xəbər oxucular tərəfindən 1042 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed