Şrift:
Fərəc Quliyev Nihat Çetinkayanın vəfatı ilə bağlı başsağlığı verib
27.06.2019 [17:08] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Türkiyənin tanınmış ictimai-siyasi xadimi, 1992-1993-cü illərdə Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin müşaviri olmuş Nihat Çetinkayanın vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Əziz dostum, ideyadaşım və silahdaşım, Türk millətinin böyük bilim adamı, siyasi, sosial, tarixi və mədəni sahələrdə araşdırmaçı, olduqca dəyərli əsərlərin müəllifi, dərin millətsevər düşüncə sahibi, tanınmış ictimai-siyasi xadim, Nihat Çetinkayanın dünyasını dəyişməsi Türk milləti üçün olduqca ağır və sarsıdıcı bir itgi oldu.
Həyatını Türk millətinin inkişafı və birliyi uğrunda mücadiləyə həsr etmiş bu böyük şəxsiyyət bu müqəddəs yola böyük töhvələr vermiş, olduqca ciddi nəaliyyətlər əldə etmişdir.
1992-1993-cü illərdə Azərbaycanın Prezidenti Əbülfəz Elçibəyin müşaviri olmuş Nihat Çetinkayanın bu ölkənin yeni qazandığı müstəqilliyinin möhkəmlənməsi, qorunub saxlanması və dövlətin güclənməsi ilə bağlı mühüm xidmətləri olmuşdur. 1946-cı ildə Türkiyənin İğdır şəhərində doğulan əslən Azərbaycan türkü olan Nihat Çetinkayanın adı Azərbaycan tarixində mühüm bir şəxsiyyət kimi anılacaq, xatirəsi xalqın qəlbində əbədi yaşayacaqdır.
Onun vəfatı xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itgi ilə bağlı şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından mərhumun bütün doğma və yaxınlarına, xalqımıza və bütün Türk millətinə dərin hüzünlə başsağlığı verir, Nihat Çetinkayaya Allahdan rəhmət diləyirik.
Məkanı Cənnət, ruhu şad olsun!

Dərin hüzünlə, Fərəc Quliyev
Azərbaycan millət vəkili,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri
”.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed