Şrift:
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
16.07.2019 [10:21] - Gündəm, Siyasət
“Newtimes.az” portalında “Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində çətinliklərin olduğu və hətta Brüsselin Azərbaycanın ərazi bütövlüyünü tanımaqda tərəddüd etdiyi haqqında əsassız informasiyalar yaymağa çalışırdılar. Bu baxımdan Donald Tuskun regiona səfəri yerinə düşdü. Aİ rəsmisinin ifadə etdiyi fikirlər təxribat xarakterli həmin informasiyaları təkzib edib. D.Tusk Azərbaycanla əlaqələrin strateji xarakterli və çox vacib olduğunu vurğulayıb. Bu, Aİ-nin məsələyə geniş aspektdə yanaşması ilə şərtlənir. Belə ki, Brüssel Azərbaycanı Cənubi Qafqazın həm qüdrətli dövləti, həm də lideri kimi qəbul edir. Bu, Bakı ilə münasibətlərin bütövlükdə regionun geosiyasi mənzərəsində həlledici rol oynadığını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev də D.Tuskla müzakirələrdən sonra həmin kontekstdə konkret tezislər ifadə edib. Bu bağlılıqda D.Tuskun Azərbaycan səfərinin geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac gördük.

İki aspektin vəhdəti: Azərbaycan müstəqil dövlət və Cənubi Qafqazın lideri kimi

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər haqqında antiazərbaycançı mərkəzlər və erməni lobbisi tərəfindən əsassız informasiyalar yayılır. Hətta bir sıra hallarda Aİ ilə Azərbaycan arasında ciddi ziddiyyətlərdən bəhs edilir. Lakin bu kimi informasiyalar hər dəfə bu və ya digər tərəfin rəsmi nümayəndələrinin səfərləri zamanı tamamilə puça çıxır. Bu dəfə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun regiona səfəri çoxlarının danışdığı yalanları üzə çıxardı.

Öncə onu deyək ki, D.Tusk ikinci dəfədir Aİ Şurasının prezidenti kimi Azərbaycana səfər edir. Artıq onun səlahiyyət müddəti bitib və bu səfər mahiyyətcə vida xarakterlidir. Həmin keyfiyyətdə də səfər, faktiki olaraq, Aİ-nin müstəqil dövlətlərlə əlaqələrinin xarakterini müəyyən mənada qiymətləndirmə məqsədi daşıyır. Yəni, hansı dövlətlə Aİ-nin münasibətləri hansı səviyyədədir və onun perspektivi necədir.

Prezident İlham Əliyevlə D.Tuskun Bakıda apardıqları müzakirələr yuxarıda vurğulanan məqamlar baxımından çox maraqlıdır. Aydın göründü ki, Aİ üçün Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyəti olan ölkədir. Regionun başqa heç bir dövləti ilə Aİ-nin bu səviyyədə geniş və dərin əlaqələri yoxdur. Azərbaycan müstəqil dövlət və regionun lideri kimi Brüssellə münasibətlərini elə qurub ki, hər zaman konkret proqramların həyata keçirilməsi özünü göstərir. Ümumi vədlərə əsaslanan, gəlişigözəl sözlərlə bəzənən bir münasibət yoxdur. Məsələn, D.Tuskun ermənilərə yanaşması nə qədər yaxşı olsa da (hətta bir sıra məqamlarda o, ermənipərəst siyasətçi təsiri bağışlayır), konkret məsələlər üzrə hansısa praktiki fəaliyyət gözə dəymir. Nikol Paşinyana qədər Aİ ilə Ermənistan arasında münasibətlər ümumi sözlər və dilənçi payı verməklə məhdudlaşırdı, indi isə meydana bunlardan əlavə geosiyasi ziddiyyətlər də çıxıb.

Azərbaycanla bağlı situasiya tamamilə fərqlidir: Aİ Cənubi Qafqazda real imkanlara, müstəqil siyasətə və etibarlı tərəfdaşlıq imicinə malik nüfuzlu bir dövlətlə münasibətlər qurmaqdadır. Brüssel Bakıya real tərəfdaş kimi yanaşır. Məsələnin mahiyyəti bundan ibarətdir. Prezident İlham Əliyev D.Tuskla görüşü zamanı həmin məqamın müxtəlif aspektlərini konkret fikirlərlə ifadə edib. Dövlətimizin başçısı mətbuata verdiyi bəyanatda deyib: “Bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz zamanı biz ikitərəfli əməkdaşlığımıza dair geniş spektrli məsələləri, regional inkişaf və təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdik”.

Bu fikirlərdən görünür ki, Aİ-Azərbaycan münasibətlərində ikitərəfli əməkdaşlığın geniş istiqamətləri ilə yanaşı, regional inkişaf və təhlükəsizliyə aid məsələlər də ayrıca yer tutur. Belə bir spektr Brüsselin Azərbaycana həm müstəqil dövlət, həm də Cənubi Qafqazın lider ölkəsi kimi yanaşdığını əks etdirir. Bu iki aspektin vəhdəti Aİ-Azərbaycan münasibətlərinin təkamül dinamikasını göstərir.

Beynəlxalq hüquq və ərazi bütövlüyü: Brüssel erməniləri məyus etdi

Azərbaycanın regional inkişaf və təhlükəsizliklə bağlı Aİ ilə yaxın tərəfdaşlığı konkret proqramların reallaşmasına əsaslanır. Onlar həm Brüsselin, həm də Bakının təşəbbüsü ilə həyata keçirilir. Bu səbəbdəndir ki, Aİ Azərbaycanı enerji təhlükəsizliyinin təminində vacib ölkələrdən biri kimi qəbul edir. Bu prizmadan Prezident İlham Əliyevin vurğuladığı yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında aparılan danışıqlar xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı həmin kontekstdə ifadə edib: “Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq”. Deməli, Aİ-Azərbaycan münasibətləri kifayət qədər möhkəm təməl üzərində qurulub. Söhbət nəinki bu münasibətlərin pisləşməsindən gedə bilməz, hətta Brüssel onun daha dolğun, uzunmüddətli və mütərəqqi olması üçün təşəbbüs göstərir. Bu isə Bakının təklif etdiyi strateji əməkdaşlıq sənədi üzərində aparılan işdə konkret ifadəsini tapır.

Bu baxımdan 2018-ci il iyulun 11-də Aİ ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənədin qəbul olunması ayrıca diqqət tələb edir. İlham Əliyev D.Tuskla görüşündən sonra onu ayrıca vurğulayıb. Ölkə rəhbəri deyib: “Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur”. Mövqe kifayət qədər aydındır: Aİ rəsmi olaraq Azərbaycanla münasibətlərin prioritet istiqamətləri sırasında ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığını qeyd-şərtsiz prioritet məsələ kimi qəbul edir.

Bu fikirdə, əslində, son vaxtlar bəzi qüvvələrin Aİ-Azərbaycan münasibətlərinə kölgə salmaq məqsədi ilə ortaya atdıqları iftiralara cavab vardır. Belə ki, onlar Aİ-nin Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etmək istəmədiyi kimi cəfəng fikirlər yaymağa çalışdılar. Məsələ təbii ki, dərhal aydınlaşdı. İndi isə Prezident İlham Əliyevin dəqiq ifadə ilə real vəziyyəti əks etdirməsi məsələyə nöqtə qoymuş olur. Çünki rəsmi olaraq prioritet statusu almış bir sənəddə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı konkret göstərilirsə, Aİ üçün bu, bir qanundur. Ondan kənara çıxmaq mümkün deyil. Və ya bu, Aİ-nin iflası demək olardı.

Əslində, D.Tusk da eyni fikirləri ifadə edib. O, İrəvanda da açıq bəyan etmişdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktının şərtləri daxilində həll edilməlidir. Yəni, D.Tusk məsələyə Aİ-nin siyasi, ideoloji və hüquqi dəyərləri müstəvisində baxır. Bakıda o, bu mövqeyini daha aydın fikirlərlə ifadə edib. Aİ Şurasının prezidenti deyib: “Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə Siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız. Əvvəllər də qeyd etdiyim kimi, cənab Prezident, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Burada qaranlıq heç bir məqam yoxdur: D.Tusk Aİ ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri”nin müddəalarına uyğun fikir bildirib. O, 2018-ci ildə müəyyən edilmiş prioritetlər kontekstində Azərbaycanla əlaqələrin perspektivini belə ifadə edib: “Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək”.

D.Tusk bundan başqa tərəflər arasında mühüm əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələrinin xüsusi yer tutduğunu da vurğulayıb. Bütün bunların yekunu olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Prezident İlham Əliyev və D.Tuskun məzmunca bir-birindən fərqlənməyən fikirləri olduqca maraqlıdır. Bakı və Brüssel münaqişənin Azərbaycanın ərazi bütövlüyü şərti ilə ancaq beynəlxalq hüququn normaları çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar.

Beləliklə, Aİ Şurasının prezidentinin Azərbaycana səfəri iki aspektdə əhəmiyyətli oldu. Birincisi, Brüsselin Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları daxilində həllində maraqlı olduğu bir daha aydınlaşdı. İkincisi, Brüssel Azərbaycanla əlaqələrinin strateji xarakterini tam dərk edir və onun inkişaf etməsi üçün konkret addımlar atır. Aİ ümid edir ki, münasibətlərdəki “müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir”. Bizcə, şərhə ehtiyac yoxdur!

Newtimes.az
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed