Şrift:
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 [10:06] - Gündəm, Mədəniyyət
Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nəzdində fəaliyyət göstərən kitabxanaya Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində sənədlər toplusu və görmə məhdudiyyətli insanlar üçün Heydər Əliyev Fondu tərəfindən Brayl əlifbasında hazırlanmış kitablar hədiyyə edilib. Bütün dillərdə insan hüquqları ilə bağlı müxtəlif kitablar, təlim və tədris ləvazimatları, hesabatlar və digər məlumatların yer aldığı bu kitabxana Ali Komissarlıq, BMT-nin insan hüquqları mexanizmləri, üzv dövlətlər, QHT-lər və beynəlxalq təşkilatların nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulur.

Kitabları təqdim edən daimi nümayəndə Vaqif Sadıqov Azərbaycanda insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində dövlət siyasətindən danışıb, ölkəmizin Ali Komissarlıqla əməkdaşlığa önəm verdiyini qeyd edib. O, əlilliyi olan şəxslərin hüquqlarının dövlət tərəfindən müdafiəsinin təmin edilməsi sahəsində görülən işlər və bu şəxslərə göstərilən dəstək və qayğıdan söz açıb, sağlamlıq imkanları məhdud insanlar üçün əlçatanlığın asanlaşdırılması məsələsinin dövlət rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Kitabxananın direktoru xanım Alfia Gilbert ikinci dəfədir ki, kitabxanaya daimi nümayəndəlik tərəfindən kitablar hədiyyə olunduğuna görə minnətdarlığını ifadə edərək, kitabxanadakı materiallardan BMT-nin Cenevrə Bölməsi yanında akkreditə olunmuş dövlətlərin nümayəndələrinin, BMT əməkdaşlarının, QHT-lərin, eləcə də Cenevrədə təhsil alan tələbələrin yararlana biləcəyini bildirib. O, Azərbaycanda Brayl əlifbasında kitab nəşrinin xüsusilə təqdir olunduğunu vurğulayıb.

Eyni zamanda, iyulun 17-də Azərbaycanın Daimi Nümayəndəliyi tərəfindən növbəti dəfə BMT-nin Cenevrə Bölməsində fəaliyyət göstərən kitabxanaya kitablar hədiyyə edilib. Daimi nümayəndə Vaqif Sadıqov bildirib ki, Azərbaycan BMT-nin bu ən böyük kitabxanası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və artıq üçüncü dəfədir ki, buraya müxtəlif kitablar hədiyyə edir.

Kitablar sırasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi və arxitekturasına aid nəşrlər, eləcə də Brayl əlifbasında kitablar yer alıb. Daimi nümayəndə Azərbaycanın zəngin mədəniyyətə malik və qədim tarixi ilə seçilən müasir ölkə olduğunu bildirib. O, dövlət rəhbərliyi tərəfindən ölkəmizin mədəni irsinin qorunub saxlanılmasına göstərilən diqqət barədə danışıb, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Daimi nümayəndə, həmçinin kitabxana tərəfindən 2017-ci ildə Millətlər Liqasının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı 36 min səhifəlik arxiv materiallarının rəqəmsal formaya salınaraq Azərbaycan rəsmilərinə təhvil verildiyini xatırlayıb və bu sənədlərin tariximiz üçün xüsusi önəm daşıdığını vurğulayıb.

BMT kitabxanasının direktoru Françesko Pisano Azərbaycanın Daimi Nümayəndəliyi tərəfindən təqdim edilmiş kitablara görə dərin təşəkkürünü bildirərək, bu əməkdaşlıqdan məmnunluq ifadə edib və kitabxana fondunun gələcəkdə Azərbaycan barədə daha çox kitabla zənginləşəcəyinə ümidvar olduğunu deyib.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed