Şrift:
“EYOF Bakı 2019”: Azərbaycanın idman tarixində növbəti parlaq səhifə
30.07.2019 [09:57] - Gündəm, İdman
Azərbaycan mötəbər idman tədbirlərindən biri olan Avropa Gənclər Olimpiya Festivalına uğurla ev sahibliyi etməklə idman tarixinə daha bir parlaq səhifə yazdı. Avropa Gənclərin Olimpiya Festivalı yaddaşlarda möhtəşəm idman bayramı kimi qaldı, ölkəmizin gücü və qüdrətini, irimiqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını bir daha dünyaya nümayiş etdirdi.

Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov müsahibəsində deyib.

Mötəbər tədbirlərin ev sahibliyinin ölkəmizə etibar edilməsi

Azərbaycana inam və etimadın təzahürüdür

Firdovsi Umudov qeyd edib ki, Azərbaycanın sürətli inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması məhz bu cür irimiqyaslı tədbirlərin ölkəmizdə reallaşmasında əsas rol oynayır. Belə bir irimiqyaslı tədbirin keçirilməsi üçün təkcə idman sahəsində yox, bütün sahələrdə müasir infrastruktur olmalıdır. Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə beynəlxalq Olimpiya hərəkatına qoşulub. Ulu öndər Heydər Əliyevin siyasi irsini yeni ideyalarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən idman sahəsində həyata keçirilən nəhəng layihələr, böyük quruculuq işləri uğurla davam edir. Ötən illər ərzində infrastrukturun yenilənməsi, bütün sahələrdə quruculuq işlərinin bir an belə səngiməməsi ölkəmizi bugünkü yüksəlişə addım-addım yaxınlaşdırıb. Azərbaycanın sürətli inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması məhz bu cür irimiqyaslı tədbirlərin ölkəmizdə reallaşmasında əsas rol oynayır. Ölkəmiz ən mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsində artıq kifayət qədər böyük təcrübəyə malikdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər idman tədbirlərinin yüksək səviyyədə təşkili bütün dünyada əks-sədaya səbəb olub. Mötəbər tədbirlərin ev sahibliyinin Olimpiya hərəkatının nüfuzlu ölkələrindən olan Azərbaycana etibar edilməsi dünyada ölkəmizə bəslənilən inam və etimadın təzahürüdür.

Bu nüfuzlu yarışda idmançılarımızın parlaq nailiyyətləri

respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqləyir

F.Umudov təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində əldə etdikləri nəticələrin də çox mühüm amil olduğunu diqqətə çatdırıb: "Azərbaycan inkişaf etdikcə idman sahəsində nailiyyətlərin sayı da artır. Əldə edilən böyük nailiyyətlər həm idmançılarımızın gücünü, eyni zamanda, dövlətimizin qüdrətini nümayiş etdirir. Diqqət etsək görərik ki, ancaq inkişaf etmiş güclü dövlətlərdə idman sahəsində yüksək nailiyyətlər əldə edilir. Təqdirəlayiq haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Avropa Gənclər Olimpiya Festivalında gənc idmançılarımızın nəticələri buna parlaq misaldır. Onlar böyük əzmkarlıq göstərərək bu mötəbər yarışda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazandılar. Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşdı.

Güləşçilərimiz daha böyük qələbələr sorağındadırlar

Festivalda güləşçilərin nailiyyətlərini xüsusi qeyd edən F.Umudov medallardan 16-sını məhz güləşçilərin əldə etdiklərini vurğulayıb: “Güləş Azərbaycanda ən məşhur idman növüdür və pəhləvanlarımız əldə etdikləri nailiyyətlərlə həmişə diqqət mərkəzində olublar. Bu sahədə ən böyük qələbələrimiz isə müstəqillik dövründə əldə edilib. Güləşçilərimiz festivala da ciddi hazırlaşmışdılar və hədəf maksimum nəticə göstərmək idi. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, məşqçilər korpusu pəhləvanlarımızın yüksək nəticələr qazanması üçün böyük səy göstəriblər. Güləşçilər onlara bəslənilən etimadı doğruldaraq Azərbaycanı yüksək səviyyədə təmsil ediblər. Bu mötəbər yarışda komandamızın əldə etdiyi 23 medalın 16-sı (8 qızıl, 5 gümüş və 3 bürünc medal) məhz güləşçilərimizin payına düşür. Əldə edilmiş nəticələr ötən illər ərzində Azərbaycanda çox güclü güləşçilər nəslinin yetişdiyini bir daha sübut edir. Təqdirəlayiq haldır ki, son illər region güləşçiləri mühüm nailiyyətlər əldə edirlər. Şübhəsiz, bu da Azərbaycanın bölgələrində də güləşin yüksək səviyyədə inkişafına göstərilən diqqətin nəticəsidir. Əminik ki, pəhləvanlarımız bundan sonra daha böyük qələbələrə imza atacaqlar”.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed