Şrift:
El-Pasoda qırğın törədən cinayətkarı edam cəzası gözləyir
05.08.2019 [11:09] - Gündəm, Hüquq
Federal hakimiyyət orqanları El-Pasoda törədilmiş qırğını daxili terror kimi qiymətləndiriblər. Bunu Texas ştatının Qərb dairəsi üzrə federal prokuroru Con Baş bəyan edib.

Federal prokuror mətbuat konfransında qeyd edib ki, ABŞ-ın Ədliyyə Nazirliyi də odlu silahdan istifadə etməklə kin və nifrət zəminində cinayət törədilməsi maddələri ilə federal ittiham irəli sürülməsi imkanlarını “ciddi şəkildə nəzərdən keçirir”. Bu ittihamlarla cinayətkarı edam cəzasına məhkum edə bilərlər.

Başın sözlərinə görə, bu cinayət işi qanunla müəyyən olunmuş daxili terrorizm maddəsinə uyğun gəlir. O deyib ki, El-Pasoda baş verən və ən azı 20 nəfərin ölümü, 26 insanın yaralanması ilə nəticələnən atışma “böyük ehtimalla mülki əhalinin qorxudulması məqsədilə törədilib”. Baş əlavə edib: “Biz bu ölkədə ədaləti çevik və qətiyyətlə təmin etmək üçün terrorçular barəsində görülən tədbirləri həyata keçirəcəyik”.

Məlum olub ki, Walmart mağazasında kütləvi qırğını Texas ştatındakı Allen şəhərinin sakini, 21 yaşlı Patrik Kruzius törədib. Polis bəyan edib ki, atışmadan təxminən 20 dəqiqə əvvəl şübhəli “8chan” veb-forumunda ispandilli immiqrantların doldurduğu Amerikanın mənzərəsi barədə bədbin manifest yerləşdirib. Məktub ağların üstün olması fikri və Latın Amerikasından olan immiqrantlara irqçi nifrətlə köklənib. Cinayətkar bu ilin martında Yeni Zelandiyada iki məsciddə kütləvi qırğın törətmiş qatilə də dəstəyini ifadə edib. O iddia edib ki, bununla ABŞ mədəniyyətinin və iqtisadiyyatının zərər gördüyü “xarici basqının” qarşısını almaq istəyir.

Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed