Şrift:
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
12.08.2019 [10:50] - Xəbərlər, İslam dini
Bu gün Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır.


"Sherg.az"xəbər verir ki, Təzə Pir məscidində bayram namazı məscidin imamı Mircəfər Əyyubovun rəhbərliyi ilə qılınır.
Qeyd edək ki, Qurban bayramı münasibətilə Şeyxülislam Allahşükür Paşazadə xalqı təbrik edib: “Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, qurbanlarımızın Haqq dərgahında qəbul olunmasını diləyirəm.
İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.
Bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımız Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır.
İslami dəyərlərə sahib duran, diqqətini əsirgəməyən dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı layiqli şəkildə bayram etmək səadəti nəsib olub. Bu əziz gündə dualar edən Azərbaycan müsəlmanları Ulu Öndər Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması, əzəli torpaqlarımıza Böyük Qayıdışımız yolunda dəyərli fəaliyyətinə, dövlətimizin beynəlxalq müstəvidə uğurlarının artması, rifahımızın daha da yüksəldilməsi istiqamətində islahatlarına rəvac verməsini Uca Allahdan arzulayırlar.
Valideynlər, doğmalarla yanaşı, kimsəsiz və maddi-mənəvi ehtiyacı olan soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, sevincini onlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.
Bu əziz, mübarək günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala ibadət və dualarımızı qəbul etsin! Amin!"
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed