Şrift:
Hakimlərin seçimi üzrə növbəti açıq müsabiqəyə 200-dək hüquqşünas sənəd təqdim edib
27.08.2019 [11:01] - Hüquq
Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, xüsusilə də dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanı ilə əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi üzrə növbəti açıq müsabiqə keçirilir.

Hakimlərin Seçki Komitəsindən bildiriblər ki, bu il iyulun 25-dən davam edən hakimliyə namizədlərin sənədlərinin qəbulu nəticəsində artıq 200-dək hüquqşünas sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib, yaxud elektron qaydada müraciət edib.

Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına kömək məqsədilə imtahan suallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və sualların nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” hazırlanıb və jlc.gov.az saytında yerləşdirilib.

Mətbuatda məlumat verildiyi kimi, namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən, təxminən 200-250 nəfərlik qruplar üzrə və daha müasir üsulla keçirilərək hər bir namizəd fərdi qaydada, sualları kompüter vasitəsilə cavablandıracaq.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi bildirir ki, sənədlərini ilk təqdim etmiş 250 nəfərədək hakimliyə namizədlə test imtahanı cari il sentyabrın 15-də keçiriləcək, eyni zamanda namizədlərin sənədləri bundan sonra da davamlı olaraq qəbul ediləcək.

İmtahanla bağlı, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və digər məsələlərə dair əlavə məlumatlar veriləcək.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed