Şrift:
Fərid Şəfiyev ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını şərh edib
26.09.2019 [11:37] - Gündəm, Siyasət
“ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı sentyabrın 25-də verdikləri bəyanat göstərir ki, onlar Ermənistan baş naziri Nikol Paşinyanın populist bəyanatlarını rədd edirlər”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, həmsədrlər danışıqların nəticəsini əvvəlcədən müəyyən edən təxribatçı ritorikanı qəbul etmədiklərini bildiriblər: “Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il avqustun 5-də Xankəndidə səsləndirilən bəyanatlara və ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır. Həmsədrlər ümumi açıqlamalarında təmas xəttində baş verən son itki ilə bağlı təəssüf etdiklərini bildirərək beləliklə, sentyabrın 22-də azərbaycanlı hərbçinin öldürülməsini pisləyiblər. Beləliklə, həmsədrlərin Ermənistan tərəfinin hərəkətlərinə mənfi münasibət göstərdikləri ilə bağlı ümumi nəticəyə gələ bilərik. Lakin bir sual yenə də açıq qalır- bütün bunlar danışıqların gələcəyinə necə təsir edəcək?"

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın və Ermənistanın XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya - İqor Popov, Fransa - Stefan Viskonti və ABŞ - Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə görüşüblər. Həmsədrlərin görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qoşulub. Onlar, həmçinin ATƏT-in baş katibi Tomas Qreminqerlə, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla və Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli şəxsləri ilə görüşüblər.

Həmsədrlər hər iki nazirə münaqişənin humanitar və təhlükəsizlik aspektləri üzrə bu yaxınlarda Parisdə və Cenevrədə keçirilən məsləhətləşmələri də daxil olmaqla, iyunda Vaşinqtondakı birgə görüşdən sonra fəaliyyətləri haqqında məlumat veriblər.

Həmsədrlər birbaşa əlaqə kanalları da daxil olmaqla, yay dövründə tərəflərin zorakılığın minimallaşdırması üzrə səylərinin müsbət təsirlərini qeyd ediblər və təzəliklə baş verən ölüm hadisəsi ilə bağlı dərin təəssüf hissi ifadə ediblər.

Həmsədrlər və nazirlər gərginliyi azaltmaq, sülh və əsaslı danışıqlar üçün əlverişli şəraiti qorumaq məqsədilə əlavə tədbirlərin müzakirəsini davam ediblər. Həmsədrlər martın 9-da qəbul etdikləri bəyanata istinad edərək, tərəfləri danışıqların nəticələrini pozan və ya onun barədə əvvəlcədən hökm verən ritorikadan istifadəni minimallaşdırmağa çağırıblar.

Həmsədrlər yaxın gələcəkdə regiona səfər etməyi də planlaşdırırlar.
Bu xəbər oxucular tərəfindən 301 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed