Şrift:
İran partlamış gəmisinin fotolarını yayıb
15.10.2019 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səudiyyə Ərəbistanı tərəfindən hücuma məruz qaldığını iddia etdiyi “Sabiti” gəmisinin gövdəsində yaranmış dəlikləri əks etdirən fotoları yayınlayıb.

Ötən həftənin cümə günü İran Qırmızı dəniz sularında, Səudiyyə Ərəbistanının Ciddə limanından 60 mil kənarda üzən gəmisində 20 dəqiqə aralıqla 2 partlayışın baş verdiyini bəyan etmişdi.

Bu, yay aylarında İranın körfəz sularında xarici ölkələrə məxsus gəmilərə qarşı həyata keçirdiyi hücumlardan sonra partlayan ilk İran tankeridir.

İran Milli Tanker Şirkətinin yaydığı fotolarda gəminin sağ tərəfində, gövdənin su ilə təmasa yaxın hissəsində 2 dəliyin meydana gəldiyi müşahidə edilir. Şirkət həmçinin iddia edir ki, partlayışdan sonra göyərtədə olan neft dənizə sızmağa başlasa da, tezliklə onun qarşısı alınıb.

Lakin beynəlxalq dəniz naviqasiyası sahəsində ixtisaslaşan “Tanker Trackers” saytı hadisə baş verən günü qeyd edilən ərazidə nə tüstü, nə də neft sızmasının müşahidə edilmədiyi barədə məlumat yaymışdı.

İlkin olaraq “İRNA” xəbər agentliyi gəminin Səudiyyə Ərəbistanından atılmış raket nəticəsində partladığını iddia etsə də, İran Milli Tanker Şirkəti bunu təkzib etmişdi.

Ötən gün isə rəsmi Ər-Riyad hücumda əllərinin olmadığını və bu iddiaların əsassız olduğunu bəyan etmişdi.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed