Şrift:
Ədliyyə naziri bank sektorunun təmsilçiləri ilə görüşüb
29.11.2019 [10:20] - Hüquq
Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi müşavirədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələr dərhal Ədliyyə Nazirliyində müzakirə olunaraq zəruri tədbirlər görülüb, o cümlədən ötən ay bankların məsul təmsilçiləri ilə dəyirmi masa keçirilib. Bankların hüquqlarının məhkəmə müdafiəsinin və icra işinin yaxşılaşdırılması, bu sahədə qarşıya çıxan problemlərin operativ həlli məqsədilə birgə işçi qrupları yaradılaraq qısa müddətdə səmərəli fəaliyyət göstərib. Bu sahədə iş daim nəzarətdə saxlanılmaqla Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən bank sektorunun bir qrup rəhbər şəxsləri ilə görüş keçirilib. Tədbirdə işçi qrupları tərəfindən görülən işlər barədə məlumat dinlənilib və qarşıda duran məsələlər müzakirə olunub. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir ölkə iqtisadiyyatının aparıcı sahələrindən olan banklarla ədliyyə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətini qeyd edib, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə həyata keçirilən, o cümlədən sahibkarlığın inkişafına və bank sektorunun fəaliyyətinin səmərəliliyinə xidmət edən kompleks qanunvericilik, institusional və praktiki tədbirlər barədə məlumat verib. Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarının icrası ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan mühüm addımların atılmasını qeyd edib. O, ədliyyə sisteminin rəqəmsallaşmasını, o cümlədən bankların işinin asanlaşmasına xidmət edən "elektron məhkəmə" və "elektron icra" informasiya sistemlərinin, notariat və məhkəmə ekspertizası sahəsində innovasiyaların tətbiqini yüksək qiymətləndirib. Həmçinin bankların fəaliyyəti ilə bağlı qaldırılan məsələlərə nazirlik tərəfindən operativ reaksiya verilməsini və birgə işçi qrupların işinin müsbət nəticələrini vurğulayıb. Görüşdə Ədliyyə naziri işçi qrupları tərəfindən işlərin davam etdirilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed