Şrift:
Dərbənddə dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
10.12.2019 [12:58] - Dərbənd
Dağıstanın Dərbənd şəhərində görkəmli dövlət xadimi, artilleriya general-leytenantı, sovet dövründə uzun illər Azərbaycanın Rabitə naziri vəzifəsində çalışmış Hüseyn Rəsulbəyovun büstü açılıb. Açılış mərasimində Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, Quba, Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, Dərbənd şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Abidənin qoyulduğu ərazi general-leytenant Hüseyn Rəsulbəyovun adını daşıyan küçə ilə 345-ci Dağıstan Atıcı Diviziyası küçəsinin kəsişməsində yerləşir. Mərasimdə büstün üzərindəki örtük tədbir iştirakçılarının alqış sədaları altında götürülüb. Dərbənd şəhəri dairəsinin rəhbəri Xızrı Abakarov mərasim iştirakçılarını salamlayaraq, xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrindən danışıb. Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov abidənin açılışını Dağıstan üçün unudulmaz hadisə adlandırıb: “Bu gün biz qədim Dərbənddə Rusiya və Azərbaycanın şərəfli oğlu, general-leytenant Hüseyn Rəsulbəyovun abidəsini açırıq. Biz tarixdə parlaq iz qoymuş Hüseyn Rəsulbəyovla fəxr edirik. O, Böyük Vətən müharibəsi cəbhələrində şərəfli döyüş yolu keçib. Bir çox döyüş əməliyyatlarının iştirakçısı olan Hüseyn Rəsulbəyov cəsarətli və qətiyyətli zabit idi. Xalqlarımız görkəmli dövlət və hərbi xadimin xidmətlərini bu gün də ehtiramla xatırlayırlar”.
Sonra çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev, diyarşünas alim, Dərbənd şəhərinin fəxri vətəndaşı Hüseynbala Hüseynov və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyev Dağıstan və Azərbaycan xalqlarının qədim tarixə malik dostluq əlaqələrindən danışıblar.
Açılış mərasimində hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinədək yüksəlmiş azərbaycanlı general-leytenant Hüseyn Rəsulbəyovun tarixi xidmətləri xatırlanıb, həyat və fəaliyyəti barədə ətraflı söhbət açılıb. Bildirilib ki, peşəkar hərbçi kadrların yetişdirilməsində mühüm xidmətləri olan Hüseyn Rəsulbəyovun şərəfli ömür yolu zabit və əsgərlər üçün gözəl nümunədir. Bu baxımdan onun həyat yolu, fəaliyyəti dərindən öyrənilməli, gənclər arasında geniş təbliğ olunmalıdır. Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan Hüseyn Rəsulbəyov 1917-ci ildə Dərbənddə doğulub. 1932-ci ildə o vaxtkı Orconikidze şəhərində Politexnik Texnikumuna daxil olan H.Rəsulbəyov sonradan təhsilini Leninqrad Elektrotexnika İnstitutunun siqnalizasiya və rabitə mühəndisi fakültəsində davam etdirib. 1941-ci ildə isə F.Dzerjinski adına Qızıl Ordu Artilleriya Akademiyasını bitirən ilk azərbaycanlı olub. Həmin il H. Rəsulbəyov Odessadan Primorsk Qoşunlar Qrupuna göndərilib və hava hücumundan müdafiə qoşunlarının 15-ci briqadasının mühəndisi vəzifəsində xidmət göstərib. Böyük Vətən müharibəsi zamanı hava hücumundan müdafiə qoşunlarının tərkibindəki qərargahlarda müxtəlif vəzifələrdə çalışıb, Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak edib. Müharibənin sonlarında isə Zaqafqaziya cəbhəsinin 99-cu hava hücumundan müdafiə qoşunları diviziyasının artilleriya rəisi olub. Müharibədən sonra uzun illər Bakı hava hücumundan müdafiə dairəsi qoşunlarında məsul hərbi vəzifələrdə çalışan H.Rəsulbəyov mühəndis-texniki xidməti general-mayoru rütbəsi alıb, 1966-1975-ci illərdə Bakı hava hücumundan müdafiə dairəsi qoşunlarının zenit-artilleriya qoşunları komandanı vəzifəsində xidmət edib. 1968-ci ildə nümunəvi xidmətlərinə görə ona artilleriya general-leytenantı hərbi rütbəsi verilib. H.Rəsulbəyov sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır. Diqqətə çatdırılıb ki, 1975-ci ildə Azərbaycanın Rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın rabitə xidmətinin inkişafında, respublikamızın şəhər və kəndlərinin telefonlaşdırılmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsində xüsusi xidmətləri olub. Həmin dövrdə Azərbaycanda Baş Poçtamt, Rabitə Evi, rabitə qovşaqları və digər mühüm obyektlər inşa edilib. Artıq iyirmi ildən çoxdur ki, Azərbaycan Televiziyası və digər televiziyalar öz verilişlərini Dağüstü parkın yaxınlığında ucaldılmış müasir teleqüllə vasitəsilə bütün dünyaya yayır. Bu teleqüllənin ucaldılmasında Hüseyn Rəsulbəyovun mühüm xidmətləri var. Görkəmli dövlət və hərbi xadim 1984-cü ildə dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

DAVAM.AZ
“Dərbənd Bürosu” (Dağıstan)
Bu xəbər oxucular tərəfindən 30664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed