Şrift:
Tiflisdə tanınmış azərbaycanlı jurnalist İslam Əliyev anıldı
24.01.2020 [11:51] - Borçalı
Gürcüstanın başkəndi Tiflisdə Azərbaycan Türkcəsində nəşr olunan “Gürcüstan” qəzetinin mərhum baş redaktoru İslam Əliyevin xatirəsi anılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov İ.Əliyevin həm Gürcüstan, həm də Azərbaycanda böyük hörmət və nüfuz sahibi olduğunu bildirib: “İslam müəllim Azərbaycan və gürcü xalqları arasında dostluq nümunəsi olub. O, redaktoru olduğu qəzetdə iki xalq arasında dostluq və qardaşlıq münasibətlərini təbliğ edib”.
Səfirin İ.Əliyevin Gürcüstanda xatirəsinin yaşadılmasının önəmini qeyd edib: “Gürcüstanın Azərbaycan icması İslam müəllimə hər zaman böyük rəğbət və ehtiram bəsləyib. Bundan sonra da onun adının yaşadılması bizim borcumuzdur”. D.Həsənov jurnalistin doğma və yaxınlarına başsağlığı verib, səbr diləyib.
Mərasimdə Azərbaycan səfirliyinin əməkdaşları, ziyalılar, azərbaycanlı, gürcü jurnalistlər, iş adamları və gənclər iştirak ediblər. Tədbirdə mərhum jurnalistin həyat və fəaliyyətinə nəzər salınıb, onunla bağlı xatirələr bölüşülüb.
Xatırladaq ki, İ.Əliyev 2019-cu ilin dekabrın 21-də 72 yaşında vəfat edib. O, 1990-cı ildə “Sovet Gürcüstanı” qəzetinin redaktor müavini təyin edilib. İ.Əliyev həmin vəzifədə çalışmaqla, həm də 2004-cü ildən 2014-cü ilədək “AzərTac”ın Gürcüstan müxbiri olub. 2015-ci ildə İ.Əliyev “Gürcüstan” qəzetinin redaktoru vəzifəsinə təyin olunub. Azərbaycanlı jurnalist 2015-ci ildə Gürcüstanın “Əməkdar jurnalisti” fəxri adına layiq görülüb.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed