Şrift:
"Era" teatrı "Gerçəyin iki üzü" adlı yeni qısametrajlı filmini çəkdi
30.01.2020 [13:14] - Borçalı
Era teatrının yeni, gənc aktyor və aktrisaları “Gerçəyin iki üzü” adlı qısametrajlı film çəkiblər. Film ötən gün, 28 yanvar tarixində Youtube kanalında izləyicilərə təqdim olunub. Ailə münasibətlərini özündə əks etdirən film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. “Gerçəyin iki üzü” qısametrajlı filminin rejissoru Anar Rafiqoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hal-hazırda Era teatrının aktyorları olaraq “Era film” adlı komanda yaradıblar. Onlar tamaşalarla yanaşı ayrıca filmlər çəkərək izləyicilərə təqdim edəcəklər. Rafiqoğlu onu da əlavə etdi ki, bəzi aktyorlar özlərini tamaşada görə bilmir və onlar üçün qısametrajlı filmlərdə yer almaq daha məqsədəuyğundur. “Gənclərin sayı artacaq, müxtəlif mövzularda, daha çox sosial problemlər, ailə dramı mövzuları üzərində çalışacağıq. Gələcəkdə də bu mövzularda filmlər çəkərək daha sıx şəkildə paylaşım edəcəyik”, – Anar Rafiqoğlu dedi.
O, bildirdi ki, gənclərin həyatı, onların həyat tərzi, tələbəlik həyatı mövzularını da nəzərə alaraq filmlər hazırlayacaqlar. Filmlərdə tələbələrin dost-yoldaşlarını düzgün seçməmələri, valideynlər tərəfindən olunan təzyiqlər, yanlış münasibətlər və bunun gənclərin psixologiyasında yaratdığı problemləri önə çıxararaq izləyicilərə etdikləri səhvləri göstərməyə çalışacaqlar.
“Filmi çəkəndə bütün tənqidləri və tərifləri nəzərə almışdıq. Filmi bəyənməyənlər də ola bilər, bəzi texniki problemlərdən, çatışmayan məqamlardan irəli gələrək 100% mənim istədiyim kimi alınmadı. Amma mövzu və mənası kifayət qədər təsirli idi. Düşünürəm ki, bu səbəblə insanlar filmi bəyəndilər. Çalışacağıq daha yaxşı şəkildə alınsın”, – Anar Rafiqoğlu dedi.
Qeyd edək ki, yaxın günlərdə “Era film” komandası yeni mövzu və yeni qısametrajlı filmini izləyicilərə təqdim edəcəklər. Xatırladaq ki, “Era film” komandasında 15 nəfərə yaxın gənc aktyor və aktrisalar yer alır. Filmdə aktrisalar Huri Əsgərova, Həyat Nəsibova və aktyor İdris Rüstəmov yer alıblar, Filmin rejissoru Anar Rafiqoğludur.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed