Şrift:
Eks-prezidentlərlə bağlı qanun layihəsi qəbul edildi
25.10.2011 [15:23] - Xəbərlər
Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının növbəti iclası başlayıb. İclasda çıxış edən spiker Oqtay Əsədov Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi münasibəti ilə prezident İlham Əliyevi təbrik edib. Daha sonra iclasda “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu” layihəsi müzakirəyə çıxarılıb.Qanun layihəsini parlamentə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli təqdim edir.

Qeyd edək ki, qanun layihəsi 12 maddədən ibarətdir. Keçmiş prezident adının kimlərə şamil olunması ilə bağlı maddəyə əsasən «keçmiş prezident» Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş, prezident vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur.

Həmçinin Milli Məclisin bu gün keçirilən iclasında qanun layihəsi ilə bağlı aparılan müzakirələrdə spiker Oqtay Əsədov Millət vəkili Vahid Əhmədovun “Bu qanun keçmiş prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə şamil olunacaqmı” sualını cavablandıraraq, bu qanunun müddəalarının hər iki eks-prezidentə və onların ailələrinə şamil olunacağını qeyd edib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, sözügedən qanun Konstitusiya qanunudur və impiçment yolu ilə vəzifəsindən azad edilməmiş prezidentlərə şamil oluna bilər.

Qeyd edək ki, sonda qanun layihəsi səs verməyə qoyuldu. Səs vermənin nəticələrinə görə, 110 nəfər lehinə, 3 nəfər əliyinə, 1 nəfər isə bitərəf qaldı.
Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed