Şrift:
Türkün türkdən başqa türkü yoxdur!
25.09.2012 [16:37] - Türk dünyası-Turan
Asəf Quliyev

Türk dünyasının nə qədər böyük olduğu və hardan başlayıb harda bitdiyi barədə danışmaq istəmirəm. Mənim üçün hər bir reallıq kimi, türk reallığı da Qarabağ prizmasından maraqlıdır. Mənim üçün bir reallıq var, bizi “türk” adlandıran ermənilərlə üz-üzə dayandığımız bir vaxtda türklüyün hansı hissəsi bizim yanımızdadır?

Gün kimi aydındır ki, sovet şinelindən çıxmış türk “...stan”ları (dövlətləri) bizimlə deyil. Bizimlə olan ancaq Türkiyədir. Deməli, Türkiyədə baş verənlərdə bizi maraqlandıran məqamlar mütləq var.

Türkiyədə baş verən ən ciddi son olay Silahlı Qüvvələrin sabiq baş qərərgah rəisi İlkər Başbuğun həbsi oldu. Baş verənlərin təhlilinə keşməzdən əvvəl bir faktı diqqətinizə çatdıracam. Bu həbs Avropa mətbuatında sevinclə qarşılandı. Bir vaxt Türkiyəni diz çökdürmək istəyən Avropa Başbuğun həbsinə sevindi.
Mövcud hökumət hakimiyyətə gəldikdən sonra strateji hədəfinin Türkiyəni Avropa Birliyinə aparmaq olduğunu bildirib. Hər şey bundan başlanıb.
Normal düşüncə tərzinə malik hər bir şəxs bilir ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü, mövcud reallıqlarla utopik arzudur. Amma bu hökumət Türkiyənin özəyini sarsıdan addımlarını məhz bununla izah edir. İlk baxışda elə görünə bilər ki, ali məqsəd uğrunda nələrsə qurban verilir. Amma gəlin görək, verilən qurbanlardan sonra Türkiyə nəyi əldə edib? Bir az ironik də səslənsə, deməliyəm. Verilən qurbanlardan sonra Türkiyə Fransa parlamentinin məlum qərarını qazanıb.
Amma baş verənlərin mənzərəsini yaratmaq üçün son hadisələrin ardıcıllığını nəzərdən keçirmək kifayətdir ki, bunun zərgər dəqiqliyi ilə idarə olunan proses olduğunu anlayasan.
Oktyabrın 23-də baş nazir Ərdoğan ötən əsrin 30-cu illərində dövlətə qarşı üsyan qaldırmış kürdlərə qarşı keçirilən əməliyyatlarda 14 minə yaxın şəxsin ölümü ilə nəticələnmiş hadisələrə görə üzr istədi. Bu, əslində dünyada ermənipərəstlər üçün bir siqnal idi.
Bir ay sonra, 22 dekabrda Fransa parlamenti erməni soyqrımını təkzib edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etdi. Ermənilərin iddialarına görə, qətlə yetirilən ermənilərin sayi 30-cu illərdə qətlə yetirilən kürdlərdən 100 dəfə çoxdur.
Bu qərardan bir həftə sonra Türk Silahlı Qüvvələri 35 kürdün qətli ilə nəticələnən əməliyyat keçirdi. Sərhədi qanunsuz keçərkən hücuma məruz qalmışdı bu şəxslər. Amma hökumət onların ailəsinə təzminat ödəyəcəyini bildirdi. Bu, absurd idi. Baş verənlərin kluminasiyası isə AKP hökumətinin dağlardan parlamentə gətirdiyi PKK (BDP) yetkililərinin Böyük Millət Məclisində sözün həqiqi mənasında möhtəşəm çıxışları idi.
“Uğursuz” əməliyyatdan bir həftə sonra isə Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərərgah rəisi İlkər Başbuğ həbs olundu. AKP hökuməti dövründə ordu ilə bağlı baş verənlərə sərt reaksiyaları ilə yadda qalan Başbuğun həbsi Türkiyədə ordunun toxunulmazlığına son qoyulduğunu deməyə əsas verir. Dünyanın ən mükəmməl ordularından biri kimi tanınan Türkiyə Silahlı Qüvvətlərinin bundan sonrakı taleyini zaman göstərəcək. Amma ordusu ilə böyük olan Türkiyə bundan sonra böyüklüyünü qoruya biləcəkmi?
Bir çoxları iddia edir ki, gedən proseslər Türkiyəni gücləndirir. Amma həmin məntiq sahibləri “güclənən Türkiyənin” əleyhinə qəbul olunan qərarları izah edə bilmir.
Məsələnin mahiyyəti ondadır ki, Türkiyənin əleyhinə qəbul olunan qərarların dolayısı ilə deyil, birbaşa bizə də dəxli var. Türkiyənin əleyhinə olan qərarlar bizi Qarabağdan uzaqlaşdırır. Fransa parlamentinin qərarı, Başbuğun həbsi...
Hadisələrin gedişi göstərir ki, türkdən başqa türkü olmayan türk növbəti zərbəni Qarabağ istiqamətində ala bilər.
Hazırlaşın, zərbə dalğası gəlir.
Bu xəbər oxucular tərəfindən 1186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed