Şrift:
İraq ərazisində azərbaycanlı zəvvarları hərbi vertolyotlar, silahlı əsgərlər və nazir müavini müşayiət edir
26.10.2011 [17:34] - Xəbərlər
18 avtobusdan ibarət azərbaycanlı zəvvarlardan ibarət karvanı İraq ərazisində bu ölkənin təhlükəsizlik qüvvələri ilə yanaşı, hərbi vertolyotlar və silahlı əsgərlər müşayiət edir.

Zəvvarları müşayiət edənlər arasında bu ölkənin daxili işlər nazirinin müavini də var. Gücləndirilmiş mühafizə İordaniya ilə sərhədə qədər davam edəcək.

Qeyd edək ki, zəvvarların ilk qrupu İraqın Nəcəf şəhərindəki ziyarətgahları ziyarət edib. 26 avtobusdan ibarət ikinci karvan da hazırda İraq ərazisindədir.

Təyyarələr isə 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq. Ümumilikdə oktyabrın 28-də, 30-da və 31-də 3, oktyabrın 29-da isə 2 təyyarə havaya qalxacaq.

Azərbaycandan Həcc ziyarətinə keçən il olduğu kimi, 2 000 zəvvar avtobus və təyyarələrlə yola düşəcək. Ziyarət səfərləri avtobuslarla 2650 manata (keçən il 2500 manat olub), təyyarə ilə 3750 manata (keçən il 3500 manat olub) başa gəlir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə Azərbaycan-İran-İraq-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edirlər.
Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed