Şrift:
“Ermənilərə yeni bir "APREL SİLLƏSİ" vurulmalıdır” - MÜSAHİBƏ
18.05.2020 [22:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “İşğalda qalan mədənləri, yolları, körpüləri dağıtmalıyıq ki, erməni nəhayət başa düşsün...”

Laçının işğalından 28 il keçir. 26 idir ki, beynəlxalq təşkilatlar münaqişənin danışıqlar yolu ilə həlli variantını ortaya atmaqla məsələnin həllini uzadır. Fakt ortada: Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımız işğala məruz qalıb. Lakin işğalçıya qarşı heç bir sanksiya, heç bir təsir göstərilmir.

Ekspertlər mövcud geosiyasi vəziyyətə uyğun olaraq “İşğal faktını aradan qaldırmaq üçün nə etməli” sualına cavab axtarmaqda davam edir. Lakin qələbənin bir üzü də tarixin düzgün dəyərləndirilməsindən asılıdır.

Bu və ya digər məqamlar ətrafında Versus.Az-a müsahibə verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Laçının işğal səbəblərini bir neçə aspektdə təhlil etməklə ciddi nüansa diqqət çəkib.

“O zaman buna nail olsaydıq, bəlkə də nəticələri fərqli bir məcraya yönəltmiş olardıq”

- Fərəc bəy, Laçının işğalı ilə bağlı o vaxtkı geosiyasi vəziyyəti necə təhlil edərdiniz. İşğalı gerçəkləşdirən əsas səbəb nə idi?

- Postsovet məkanında, post-imperiya dönəmi üçün bütün ərazilərdə oxşar hadisələr baş verirdi. İstər Özbəkistanda, istər Çeçenistan, İnquşetiyada, Ukraynada, Moldovada, Gürcüstanda belə hadisələrin baş verməsi imperiya planın tərkib hissəsi idi. Təbiidir ki, imperiyadan qopmuş dövlətlər cəzalandırılırdı. Əlbəttə ki, hər bir imperiya, çöküşdən sonra revanş haqqında düşünür. Əvvəldən planlanmış bu problemlər həmin revanş üçün şərait yaratmalı idi. Əlbəttə beynəlxalq təsisatların, əks tərəfdə duran digər güclərin – Amerika və Qərb dövlətlərinin tərəddüdlü yanaşması, bəzi məqamlarda onlar üçün gözlənilməz şəraitin olması, yeni müstəqilliyini qazanmış dövlətlərin ortada qalmasına səbəb olmuşdu. Bu, xüsusən postsovet məkanında “qara dəlik” yaratmışdı. 70 il işləmiş bir sistem, bu boşluqda daha ciddi uğurlar qazana bilirdi. Buna beynəlxalq müstəvidə daha geniş aspektdə baxmaq mümkündür.

Biz Laçının işğalından danışırıqsa, təbii ki, o zamankı hakimiyyətin hazırsızlıqlığını da qeyd eləməliyik. Mən bir çox hallarda səslənən "torpaq satıldı" fikirləri ilə razılaşmıram. Belə deyil. Heç bir hakimiyyət öz dönəmində torpaqların işğal olunmasını istəməz. Amma o dönəmki hakimiyyətin məsuliyyətsizliyi, “bəlkə də qaytardılar”, düşüncəsi ilə sovet imperiyasının bərpa olunmasına ümid etməsi ilə müəyyən oyunlara getməsi mümkün idi.

Mən 1990-95-ci illərdə parlamentdə olanda, Azərbaycanın Milli Ordusunun yaranması təklifi ilə çıxış etmişdim. O vaxt prezident Ayaz Mütəllibov da parlamentdə iştirak edirdi. O, bu məsələlərə ciddi şəkildə etiraz edir, yalnız Milli Qvardiyanın yaranmasını istəyirdi. Yəqin ki, bu Qvardiya da yalnız hakimiyyəti müdafiə edəcəkdi və o, torpaqları işğaldan müdafiə edə bilməzdi. Amma o zaman xalq özü toparlanmışdı və əlində olan imkanlarından yerli özünümüdafiə dəstələri yaradaraq, öz ərazilərini müdafiə edirdilər. Amma təbii ki, bu da koordinasiya olunması, ordunun formalaşması, vahid mərkəzdən idarə olunması baxımından qüsurlu idi. Nə edək ki, hadisələrə verilə biləcək əlimizdə olan adekvat cavab bu idi. Xatırlayırsınızsa, o vaxt hətta quş tüfənglərini də toplayırdılar, insanların silahlanmasına imkan vermirdilər. İkinci bir tərəfdən görünən düşmən erməni olsa da, onun arxasında ciddi qüvvələr dayanırdı. Yəni o vaxt tamamilə müttəfiqsiz qalmağımız ortada idi. Amma Ermənistan tərəfinin öz təbii müttəfiqləri ilə olmaqla yanaşı, o həm də bu oyunda “maşa” idi. Burda, müxtəlif dövlətlərin - İranın, Rusiyanın maraqları var idi. Əlbəttə ki, bütün bu hadisələr, faktorlar Laçının işğalına səbəb oldu. Laçın çox strateji bir yer idi. Çox təəssüflər olsun ki, o vaxt toparlanmaq mümkün olmadı. Hər zaman səslənən “güc birlikdədir” klassik deyimi o zaman öz yerini tutmamışdı. O zaman buna nail olsaydıq, bəlkə də nəticələri fərqli bir məcraya yönəltmiş olardıq.

- Laçın, eləcə də digər ərazilərimizdə işğal faktının aradan qaldırılması üçün beynəlxalq təşkilatların müdaxiləsinə ümid etməli, yoxsa özümüzün ayrıca bir “Yol xəritə”miz olmalıdır?

- İşğal faktının aradan qaldırılması üçün əlbəttə ki, beynəlxalq müdaxiləyə istinad eləməliyik. Çünki biz beynəlxalq qurumların üzvüyük və həmin qurumlara abunə haqqı veririk. Biz üzərimizə öhdəliklər götürdüyümüz kimi, qarşı tərəfin də götürdüyü öhdəliklər var. Beynəlxalq təcrübəyə əsasən belə hallarda ölkələrin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyinin qorunması üçün bütün imkanlar səfərbər olunmalıdır. Üstəlik BMT-nin 4 məlum qətnaməsi var. Bəzən deyirlər ki, beynəlxalq qurumlar sadəcə qətnamələr verməklə işlərini bitirir, amma buna belə səthi yanaşmaq olmaz. Çünki bu təşkilatlar öz qətnamələrinin həyata keçirilməsi üçün hərbi güc, yaxud da sanksiyalar tətbiq eləmək imkanına malikdirilər. Bunu etməyə borcludurlar. Çünki BMT nizamnaməsinin 7-ci bəndi, 45-48-ci paraqrafları bunu məcbur edir. Təbii ki, biz həm siyasi, həm diplomatik yoldan, həm də qətnamələrin icra olunması məsələsindən istifadə eləməliyik. Amma biz özümüz daha aktiv addımlar atmalıyıq ki, beynəlxalq qurumlar xalqın iradə və istəyinin nə yerdə olduğunu bilsinlər. Çünki böyük dövlət və qurumlar müəyyən ərazilərdə iş görəndə oradakı siyasi əhvalı da nəzərə alırlar. Məsələn, Əfqanıstanla bağlı hər hansı proqramlar hazırlayanda oradakı tayfalararası münasibətlər, Yaxın Şərqdə, İraqda təriqətlər arasındakı münasibətlər nəzərə alınır. Əgər bir dövlət, xalq bütöv şəkildə ortaya iradə qoya bilirsə, toparlanırsa, bu, nəzərə alınır. Məsələn, Xorvatiya qısa zaman ərzində toparlandı və torpaqlarını azad elədi. Həm haqlı idi, həm də qalibləri mühakimə eləmirlər. Biz də 2016-cı ildə baş tutan aprel savaşında öz sözümüzü dedik. Məncə ermənilərə yeni bir APREL SİLLƏSİ vurulmalıdır. Ermənistan ictimaiyyəti başa düşməlidir ki, onların hakimiyyəti boş-boş cəfəngiyyat danışmaqla torpaqları saxlaya bilməz. Çünki bir gün onun zərbəsini xalq alacaq. Onların arxasında duran qüvvələr də bilməlidirlər ki, Azərbaycan öz torpaqlarını bütün hallarda müdafiə edəcək. Beynəlxalq qurumlar da görməlidirlər ki, əgər onlar qəbul etdikləri sənədlərə uyğun olaraq Azərbaycanın ədalətli status- kvosunu bərpa etməyəcəklərsə, bölgədə böyük kataklizmlər başlaya bilər. Ona görə də biz özümüz də çox ciddi ölçü götürməliyik. Azərbaycan kifayət qədər iqtisadi, hərbi gücə malikdir və əsas məqsəd, iradə torpaqların azad olunmasıdır. Bu məsələdə hakimiyyət və müxalifət arasında da fikir ayrılığı yoxdur. Kiçik bir qrup istisna olunmaqla, bu məsələdə çox ciddi birliyimiz var. Hesab edirəm ki, münasib, münbit bir şərait yetişən kimi ciddi ölçülər götürüləcək. Artıq diplomatik uğurlarımız var, müəyyən sənədlər qəbul olunub, ordumuz, iqtisadi gücümüz, xalqın istəyi yerində. Ermənilərə qısa zaman verəndən sonra əməliyyatlara başlamaq mümkündür. Aprel döyüşləri göstərdi ki, ölkə əhalisi, diasporalar da hakimiyyətin atdığı addımı total olaraq dəstəkləyirlər. Bu məsələlərə kompleks şəkildə yanaşıb, işğala son qoymaq mümkündür.

- Fərəc bəy, aparılan sülh danışıqlarında Laçınla bağlı ortaya qoyulan məlum bir mövqe var idi. Danışıqların əsas müzakirə mövzusundan biri də “Madrid prinsipləri”nə uyğun olaraq Laçın dəhlizinin ermənilərin nəzarətinə verilməsi idi. Laçının azadlığı məsələsinin belə bir formatda masaya qoyulması hansı məqsədi güdür və bu, Azərbaycan üçün nə deməkdir?

- Danışıqlarda məsələlərin hansı formada qoyulmasına baxmayaraq, dövrün trendləri mühümdür. Yəni hansı dövrdə, hansı şərait və şərtlərin olması vacibdir. Əlbəttə, biz kiminsə fikri ilə öz ərazimizi ərazimizə dəyişmək fikrində deyilik. Laçınla bağlı olan bəzi məsələlər durulub. Azərbaycan dövləti birmənalı şəkildə ərazi bütövlüyü məsələsini ortaya qoyur və Azərbaycanda olan digər azlıqlar kimi erməni əsilli azərbaycanlıların da konstitusiya hüquqlarının müdafiəsini nəzərdə tutur. Ermənilər Qarabağda muxtariyyat məsələsini qoyursa, hesab edirəm ki, Qərbi Azərbaycandan - Ermənistandan qovulmuş azərbaycanılıların da muxtariyyat məsələsi qaldırılmalıdır. İrəvanda azərbaycanlıların kompakt şəkildə yaşaması və yaxud orda yaşayan azərbaycanlılara muxtariyyatın verilməsi elementindən də istifadə etmək lazımdır. Son zamanlar Qərbi Azərbaycanlıların mühacirətdə İrəvan respublikasının yaradılmasını elan etməsi ilə bağlı addımları oldu. Bu məsələlər cilalanmalı olsa da, mən qərbi azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı məsələnin danışıqlara bir element kimi çıxarılmasının tərəfdarıyam. Məsələyə sadəcə olaraq erməni şımarıklığı ilə baxmaq olmaz. O dövrlə indiki dövrün şərtləri dəyişib. Yəni əgər vaxtilə Bişkek sazişinin bağlanması bizə uyğun idisə, indiki şəraitlə uyğun deyil. Biz artıq özümüzün haqqımız olan məsələləri həll ediriksə, kimsə bizə şərt qoya bilməz. Ölkə daxilində öz vətəndaşlarımızın hüquqları, ölkəmizdə inzibati ərazi dəyişikliyi ilə bağlı müəyyən tədbirlər görürüksə, Ermənistanın burda bizə şərt qoyması mümkün deyil. Hesab edirəm ki, bu məsələlərə yenidən baxmaq lazımdır.

“Dinc yolla ərazilərimizdən çəkilməsələr...”


Laçın və digər ərazilərimizin azad olunması prosesi təbii ki, kompleks şəklində həllini tapmalıdır. Hərbi-siyasi gedişlərimiz güclü olmalıdır. Düşmənlərimiz bilməlidir ki, dinc yolla ərazilərimizdən çəkilməsə, biz torpaqlarımızı hərbi yolla işğaldan azad edəcəyik. Bu bizim konstitusiyamızda da təsbit olunub, beynəlxalq konvensiyalarda da var. Torpaqlarımızı azad etmək üçün bizim hüquqi imkanlarımız var. Hesab edirəm ki, biz sonda hərbi yola əl atacağıq. O zamana qədər isə beynəlxalq ictimaiyyəti buna hazırlamalıyıq.

- ATƏT-in Minsk Qrupunda olan həmsədr dövlətlərin hazırki mövqeyinə və eləcə də separatçı Ermənistanın işğalla bağlı münasibətinə baxanda, mövcud şərtlər nəyi diqtə edir?

- ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğal faktına münasibəti təsirsiz, selleksiya siyasətidir. Bu missiya uzun illərdir eyni prosesi təkrarlayır. Kifayət qədər açıq olan bir məsələni, guya qaranlıq bir problem kimi çözürlər. Əslində hər şey aydındır. Ermənistan tərəfi Azərbaycan ərazilərini işğal edib. Bunun da çox sadə bir resepti var. Ermənistan hərbi hissələri Azərbaycan ərazilərini tərk eləməlidir. Əgər bunu eləmirlərsə, bu qurum danışıqlardan kənarlaşdırılmalıdır. Azərbaycan BMT ilə danışıqlar aparmalı və məlum qətnamələrin işə salınması üçün mexanizm tələb etməlidir. ATƏT-in Minsk Qrupunun kənarlaşdırılması məsələsini qoyanda ermənilər özləri də çox narahat olurlar. Ermənilər bu formatın qalmasında maraqlıdırlar. Minsk Qrupundan heç nə gözləmirəm. Bundan sonra nə danışacaqlar.

- Fərəc bəy, bir çox siyasətçilər erməninin “dərsini vermək” üçün işğal altında qalan strateji məskənlərin bombalanmasını təklif edir. Sizin fikriniz nədir?

- Bu gün ermənilər Suriyadan, başqa yerlərdən gətirdikləri ermənilərlə Laçında və digər ərazilərimizdə məskunlaşdırma aparırlar. Bunu beynəlxalq qurumların keçirdiyi monitorinqlərdə təsdiqləyən sənədlər var. Biz parlamentdə olan partiya nümayəndələri beynəlxlaq nümayəndələrlə görüşümüzdə də bu barədə bildirmişdik. Bu gün ermənilər Qubadlı ərazisində şəhər salmaq istəyirlər. Kəlbəcərdə məskunlaşmaq üçün istirahət mərkəzləri salırlar və sair. Bunların qarşısı alınmalıdır. Bu o deməkdir ki, insanlarımızın əmlakı qəsb olunur. Ermənilər ərazilərimizi yağmalayırlar. Bu qanunsuz istismarın qarşısını almaq üçün Azərbaycan tərəfi raketlərlərlə işğalda qalan mədənləri, yolları, körpüləri dağıtmalıdır. Mədənlər, körpülər, yollar dağıdılmalıdır ki, erməni başqasının torpağında rahat olmayacağını başa düşsün.

T.Qafarlı/Versus.Az
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed