Şrift:
Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 600 nəfəri ötüb
17.07.2020 [09:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbi məlumat verib. Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 369 nəfərinin COVID-19 testi pozitiv çıxıb. O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 143 nəfər xəstəxanaya yerləşdirilib, 8 nəfər dünyasını dəyişib.

Qərargahın müavini Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 604 nəfərə çatdığını bildirib.





“İnfeksiyaya yoluxanlardan 173 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 43 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Mühibbi qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 40 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 2 min 328 nəfərə çatdığını bildirib.

O əlavə edib ki, bu rəqəm sadəcə COVID-19 testi pozitiv çıxanları əhatə edir və əyalətdə bu günə kimi 7 min 137 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 4 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 229 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1915 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 648 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 48 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Hazırda əyalətdə xəstəliyə yoluxan 274 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 43 nəfəri reanimasiya şöbəsindədir.

Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadə son 24 saatda əyalətdə daha 6 nəfərin koronavirusdan öldüyünü bildirib.





Həmədan əyalətində də Tibb Universitetinin rektoru Mənuçəhr Kərəminin verdiyi məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 2 min 382 nəfərə çatıb.

Həmədan Tibb Universitetinin rektor müavini İbrahim Cəlili isə Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayının 276 nəfərə çatdığını bildirib.

Cəlili həmçinin 610 koronavirus xəstəsinin əyalətin xəstəxanalarında müalicə aldığını qeyd edib.
Bu xəbər oxucular tərəfindən 295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed