Şrift:
Beynəlxalq Türk Akademiyası ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
30.12.2020 [12:01] - Gündəm, Sosial
Beynəlxalq Türk Akademiyası ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsisçi baş katibi Rövşən Muradov, baş katibin birinci müavini İlahə İbrahimli və Beynəlxalq Türk Akademiyasının prezidentinin müşaviri Füzuli Məcidli iştirak ediblər.

Baş katib Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dahi şəxsiyyətin irsinin araşdırılması və onun dünyada təbliği məqsədilə fəaliyyət göstərdiyini bildirib. Qeyd edilib ki, təşkilat beynəlxalq miqyasda maddi-mənəvi irsin öyrənilməsi istiqamətində fəaliyyət göstərən qurumlarla münasibətlərin qurulmasında maraqlıdır və Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq da bu zərurətdən irəli gəlir.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Türk dünyası və bütün bəşəriyyət üçün Nizami Gəncəvi kimi böyük şəxsiyyətin, dahi şair, mütəfəkkirin adını daşıyan, onun irsinin araşdırılması və dünyada təbliği məqsədilə fəaliyyət göstərən bir təşkilatla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirilib ki, 2021-ci ildə böyük mütəfəkkirin anadan olmasının 880 illiyi tamam olur və Türk Akademiyası dahi şairin yubileyinin beynəlxalq səviyyədə keçirilməsi məsələsini təşkilatın növbəti il üçün tədbirlər planına daxil edib.

Akademiya rəhbəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada tolerantlığın və multikulturalizmin təşviqi istiqamətində keçirdiyi tədbirlərdə iştirak etdiyini, xüsusilə 2017-ci ildə Prezident İlham Əliyevin məhz mərkəzin təşkil etdiyi V Bakı Qlobal Forumunda onu Azərbaycanın ali mükafatlarından biri olan “Dostluq” ordeni ilə təltif etməsini məmnunluqla xatırlayıb. Qeyd edib ki, dünyanın nüfuzlu şəxslərinin toplaşdığı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycanın ən yaxın dostlarıdır.

D.Kıdırəli hər iki təşkilatın beynəlxalq səviyyəli tədbirlərdə təcrübəsinin olduğunu bildirib. Deyib ki, mərkəzin təşkil etdiyi Bakı Qlobal Forumu və BTA-nın ənənəvi olaraq UNESCO-nun himayəsi ilə Parisdə keçirdiyi beynəlxalq forumlar bunun əyani sübutudur. D.Kıdırəli pandemiya problemi aradan qalxacağı təqdirdə, Nizami Gəncəvinin yubileyini UNESCO-da beynəlxalq səviyyədə birlikdə qeyd etmək təklifini irəli sürüb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi 2021-ci il Nizami Gəncəvinin 880 illiyini birgə qeyd etməyə, bu prosesə mərkəzin tərəfdaşlarını da cəlb etməyə hazır olduqlarını vurğulayıb.

İmzalanma mərasimində Darxan Kıdırəliyə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi nişanı təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed