Şrift:
Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq Qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi
02.04.2021 [10:13] - Xəbərlər, Siyasət
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 5 il ötür. 2016-cı il Aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza Qələbə sevinci yaşatdı. Bu sevinc, bu Qələbə isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu, praqmativ siyasətinin nəticəsində əldə olundu.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Aprel döyüşləri Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldı: “Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel döyüşləri Ermənistanın o zaman qədər yaratdığı mifi darmadağın etdi. Hələ o zaman şəhidlərimizin, qəhrəman övladlarımızın cəsarəti nəticəsində ermənilər məğlub olduqlarını etiraf etmək məcburiyyətində qaldılar. Heç şübhəsiz ki, Aprel döyüşlərində qazanılan Qələbə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, müdrik sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi: “Aprel zəfəri böyük qayıdış prosesinə start verilməsinə səbəb oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Məhz, dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə böyük qayıdış prosesinə start verildi. Eyni zamanda, Aprel döyüşlərindən sonra əli silah tutan hər bir vətəndaşımız işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübarizəyə tam hazır olduğunu bir daha nümayiş etdirdi. Məhz, Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu. Nəhayət, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi. Bununla da, Aprel döyüşlərindən başlanan, 44 günlük Vətən müharibəsi ilə tarixi qələbəyə çevrilən Zəfər salnaməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Əlbəttə ki, Azərbaycan xalqı bundan sonra şanlı ordumuzun və “bir qarış torpağımızı belə heç kəsə verən deyilik”, “Qarabağ Azərbaycandır!” deyən müzəffər Ali Baş Komandanımızın sayəsində ancaq Qələbə, Zəfər günlərini qeyd edəcək”.
Bu xəbər oxucular tərəfindən 282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed