Şrift:
Təbrizin tarixi Pinəşalvar məzarlığı dağıdılır- Skiflər dövrünə aid nadir daşlar məhv edilir
27.05.2021 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın əvvəllərində yerli mətbuatın bu barədə həyəcan təbili çalmasına baxmayaraq tarixi məzarlığın qorunması istiqamətində hər hansı tədbir görülməyib.

İran mətbuatında yayımlanan məlumata görə, Pinəşalvar məzarlığı rəsmilərin laqeydliyi nəticəsində tarixi əşya qaçaqmalçıları və dəfinə axtaranlar tərəfindən dağıdılıb.

Məlumata görə pərakəndə şəkildə və qeyri-peşəkarlıqla aparılan qanunsuz qazıntılar tarixi məzarlığın məhvinə gətirib çıxarıb.

Pinəşalvar məzarlığı mühafizə olunmadığı üçün uzun müddət ərzində oğrular və tarixi əşya qaçaqmalçıları tərəfindən talan edilib, bir sıra qəbirlər dağıdılıb.

Bu tarixi qəbiristanlıqda kişi cinsiyyət orqanına bənzər silindrik və iki yarımkürəyə bənzər qadın döşlərini simvollaşdıran daşlar mövcuddur.

İslamdan öncəyə aid olan qəbir daşlarının cinsiyyət orqanı şəklinə bənzəməsi səbəbilə İran hakimiyyətinin bu tarixi irsi mühafizə etməsində laqeyd olduğu deyilir.

İranın Gülüstan vilayətində Türkmənistan sərhədi yaxınlığında Pinəşalvar məzarlığına bənzər Xalid Nəbi adlı bir başqa məzarlıq mövcuddur.

Həmin məzarlıq da sürətlə məhv edilir. 2017-ci ildə bu tarixi məzarlığın yandırıldığı və bəzi daşlarının isə sındırıldığı barədə xəbər yayılmışdı. Buna baxmayaraq, əlaqədar qurumların bu məsələ barədə laqeydliyi nəticəsində həmin məzarlıqların məhv edilməsi davam edir.

Pinəşalvar və buna bənzər digər məzarlıqlarda heç bir elmi və arxeoloji tədqiqat aparılmadığı bildirilir. Ancaq bəzi məlumatlara görə, bu qəbiristanlıqlar skiflər (iskitlər) dövrünə aiddir.

İranda milli fəallar Azərbaycanın bir çox yerində türklərə aid olan tarixi yerlər və abidələrə qarşı hökumətin laqeyd yanaşdığını deyir, bu abidələrin mühafizəsi üçün yetərli tədbirlərin gğrülmədiyini vurğulayırlar.

Xarici ölkərlədə adətən bu cür məkanlar dövlətlər tərəfindən hasara alınır, gözətçi və kamera ilə təchiz olunaraq mühafizə edilir və turistlər üçün açılır.


Qeyd edək ki, Qoç daşları, qədim baş daşları və özünəməxsus daş fiqurları ilə məşhur olan Pinəşalvar qəbristanlığı islamın ilk illərindən Səfəvilər dövrünə bir çox tanınmış və tarixi şəxsiyyətlərin dəfn olunduğu məkan olub.

Baş daşlarının bir çoxu sındırıldığı və oğurlandığı üçün burada dəfn olunan tanınmış sufi şeyxlərinin qəbirlərini yeri itib.
Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed