Şrift:
Şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb
28.05.2021 [11:33] - Xəbərlər, Sosial
Bərdədə Vətən müharibəsi şəhidi polkovnik-leytenant Mehman Qənbərovun doğum günü qeyd edilib. Yaşasaydı, bu gün onun 40 yaşı olacaqdı...

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində şəhid Qənbərov Mehman Nəriman oğlunun ailəsini ziyarət ediblər. Görüş zamanı Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid Mehman Qənbərovun keçdiyi döyüş yolundan söhbət açılıb.

Bildirilib ki, Mehman Qənbərov 1981-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlı məcburi köçkün olaraq ailəsi ilə birlikdə Bərdə rayonunda məskunlaşıb. Doğma yurdu işğal altında olan Mehman uşaq yaşlarından düşmənə nifrət, Vətənə məhəbbət hissi ilə böyüyüb. Hərbi təhsil alaraq zabit kimi Vətənimizə xidmət edib. 24 il Azərbaycan Silahlı Qüvvələrində qüsursuz xidmət edərək, 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla və müxtəlif təltiflərlə mükafatlandırılıb. Zabit kimi milli ordumuzun şərəf və ləyaqətini hər zaman yüksək tutub. O, 2020-ci il sentyabr ayının 27-də Ermənistanın törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində iştirak edərək düşmənin 30 ildə yaratdığı müdafiə xəttinin yarılmasında və yaşayış məntəqələrimizin işğaldan azad edilməsində iştirak edib. Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

YAP rayon təşkilatın sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşdü. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Görüş zamanı şəhidimizin atası Nəriman Qənbərov, anası Məryəm Qənbərova oğullarının hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməkliklər göstəriblər.
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed