Şrift:
Dövlətsiz Millətlər Təşkilatında (UNPO-da) Güney Azərbaycandakı vəziyyət qaldırılıb
05.12.2012 [12:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 29-30-da İsveçrənin Cenevrə şəhərində BMT yanında fəaliyyət göstərən Dövlətsiz Xalqlar və Millətlər Təşkilatının (UNPO) XI qurultayı keçirilib. Tədbirdə Güney Azərbaycanı Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) — Alparslan Çöhrəqanlı və Aydın Qaraxanlı təmsil edib. Onlar Güney Azərbaycan türklərinin tarixi və mövcud problemlərilə bağlı qurultay iştirakçılarını məlumatlandırılıblar. Tədbirin birinci və ikinci günündə GAMOH İdarə Heyətinin üzvü Aydın Qaraxanlı və Alparslan Çöhrəqanlı Güney Azərbaycanın tarixi barədə qısa məlumat verərək, 35 milyondan çox soydaşımızın assimilyasiyaya məruz qaldığını bildiriblər və İran rejimini bu cür siyasət yürütdüyünə görə qınayıblar. Bundan əlavə, ən önəmli və gündəlikdə duran milli problemlərimizdən biri olan Urmiya gölünün qurudulması, Qaradağ bölgəsində zəlzələ nəticəsində millətimizin qeyri-insani həyat tərzi ilə qarşı-qarşıya buraxılması, soydaşlarımızın hüquqlarını müdafiə etdiklərinə görə həbs olunan, işgəncəyə məruz buraxılan yüzlərlə insan haqları fəallarının durumu barədə UNPO rəhbərliyinə iştirakçılara və media mənsublarına ətraflı məlumat veriblər.
Bu arada Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor Mahmudəli Çöhrəqanlı Milliyyətçi Türkiyə Partiyasının (MTP) fəxri sədri seçilib. Təklif MTP sədri Əhməd Yılmaz tərəfindən irəli sürülüb və partiyanın İdarə Heyətinin noyabrın 29-da keçirilən toplantısında qəbul edilib. Eyni zamanda MTP Türkiyəyə girişinə əngəl törədilən Mahmudəli Çöhrəqanlının iştirakıyla konfrans keçirilməsinə, GAMOH liderinin tədbirə qatılmasına icazə verilməyəcəyi təqdirdə vəziyyətin bütün yollarla ictimaiyyətə çatdırılmasına və məsələylə bağlı hüquqi prosedurların başladılmasına qərar verib.

Məhəmməd Əhədi həbs olunub

Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Əhədi dekabrın 2-də həbs olunub. Soydaşmız Miyana şəhərində öz ata evində «Ettelaat» əməkdaşları tərəfindən həbs olunmuş və 50 gün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Hazirliyinin təcridxanasında saxlanıldıqdan sonra Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdü. Məhəmməd Əhədi 4 ay 6 gün həbsdə qaldıqdan sonra 20 milyon tümən mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. Azərbaycanlı fəal bu ilin may ayında Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 ay qəti, 6 ay da şərti olmaqla bir il həbs cəzasına məhkum edilib. Məhəmməd Əhədi sistemin əleyhinə təbliğat aparmaq və ölkənin milli təhlükəsizliyini pozmağa cəhd göstərməkdə ittiham edilib.

Torpaq altda gizlədilən tarix

Urmiyadakı kütləvi məzarlıqla bağlı millət vəkilinə müraciət edilib

Güney Azərbaycanın Urmiya şəhərində tapılan kütləvi məzarlığın məhv edilməsi hüquq-müdafiə təşkilatlarının etirazına səbəb olub. «Azərbaycanın Qərbi» İctimai Təşkilatı məsələylə əlaqədar Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipura müraciət ünvanlayıb. Müraciətdə tarixi gerçəkliklərin «Qarasandıq» qəbiristanlığında sement altında gizlədildiyinə işarə edilərək, Məktəbləri Yenidənqurma Təşkilatından həmin layihəni dayandırmaq tələb edilir. Millət vəkilinə müraciət edən təşkilat layihənin dayandırılması üçün valinin göstəriş verməsini vacib hesab edib. Eyni zamanda Nadir Qazipurdan bu məsələdə sərt mövqe nümayiş etdirmək tələb olunub: «Urmiyada məktəbdə yenidənqurma işləri aparılarkən azərbaycanlıların erməni-assuri dəstələri tərəfindən soyqırıma məruz qalmasına dair kütləvi məzarlıq aşkar edilib. Lakin rejim kütləvi məzarlığın dağıdılmasına göstəriş verib. Bu məsələylə bağlı məktəb layihəsinin dayandırılması üçün valiliyə müraciət etməlisiniz».

GAİP 21 Azər günü ilə bağlı çağırış yayıb

Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) çağırış yayıb. 21 Azərin 67-ci ildönümünün yaxınlaşdığını bildirən partiya güneyliləri bu aksiyalara dəvət edir:
- Ölkədə və xaricdə İrana etiraz mitinqləri keçirmək;
- Milli Hökumətin tarixilə bağlı seminar, konfrans, toplantılar keçirmək, film və əsərləri geniş yaymaq;
- 21 Azər münasibətilə «Biz gələcəyik» şüarlı təbrik mesajları, bəyanatlar yaymaq;
- Divarlara «Yaşasın Milli Hökumətimizin xatirəsi!», «Yaşasın Azərbaycan!», «Biz qəhrəman türklərik, farslara baş əymərik!» kimi şüarlar yazmaq;
- Şənlik mərasimləri keçirmək;
- Şəhidlərimizi anmaq.
Xatırladaq ki, 1945-ci il azər ayının 21-də (dekabrın 12-si) Seyid Cəfər Pişəvərinin başçılığıyla Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Milli Hökumət bir il sonra süquta uğradılıb. Seyid Cəfər Pişəvəri isə 1947-ci ildə Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak olub.

Qətərdə güneyli fotoqrafın sərgisi açılacaq

Dekabrın 7-dən 15-dək Qətərin paytaxtı Doha şəhərində Fransada yaşayan güneyli soydaşımız Rza Diqqətinin fotolarından ibarət sərgisi açılacaq. İndiyədək əsərləri nüfuzlu «National Geographique», «Time», «Paris Match» və digər jurnallarda dərc olunmuş istedadlı fotoqraf sərgilərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsindən bəhs edən fotolara da xüsusi yer ayrılıb. Dohada da bu ənənə gözləniləcək. «Bütün dünyanın qaranlıqları kiçik bir şamın işığını söndürə bilməz» adlı sərgidə həmçinin tanınmış fotoqrafın dünyanın digər qaynar nöqtələrində rastlaşdığı hadisələrdən bəhs edən fotoları da nümayiş etdiriləcək.

İranda etnik azlıqlar BMT-yə şikayət ediblər

İrandakı etnik azlıqlar bu ölkənin rəsmilərindən qeyri-fars millətlərə əziyyət verdiklərinə görə BMT-də şikayətləniblər. BMT-nin İnsan Hüquqları Komissiyası tərəfindən Cenevrədə ötən həftə təşkil olunmuş iclasda İrandakı etnik azlıqlar Tehran rejiminin qeyr-fars etnoslarına əziyyət verdiyini və onların hətta inqilabdan sonra əldə etdikləri hüquqlardan da məhrum olunduqlarını bildiriblər. İclasa İranda olan etnik azlıqlar kimi azərbaycanlılar, ərəblər, kürdlər, bəluclar və türkmənlər gəliblər. İranda yaşayan ərəblərin nümayəndə heyətinin rəhbəri Kərim Obeydan «Əl-Ərəbiyyə»yə telefonla verdiyi müsahibədə deyib ki, farsları yerləşdirmək üçün onları evlərindən çıxarırlar. Bu isə insan hüquqlarının kobud şəkildə pozulmasıdır».
Bu xəbər oxucular tərəfindən 1360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed