Şrift:
ABŞ Ədliyyə Nazirliyi: Kapitoli binasına hücumda 535 amerikalı ittiham olunur
07.07.2021 [14:26] - Xəbərlər, Hüquq
ABŞ-ın sabiq Prezidenti Donald Tramp tərəfdarlarının Kapitoli binasına hücumundan yarım il sonra 535-dən çox amerikalı həmin qanunsuz əməl üzrə ittiham olunur.

“The Hill” qəzetinə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, hücumda iştirak edən 495 nəfər mühafizə olunan federal binaya və bitişik əraziyə qanunsuz yolla daxil olmaqda və orada qalmaqda, 235 nəfər məhkəmə prosesinə mane olmaq və ona təsir göstərməkdə, yaxud bu hərəkətləri etməyə cəhddə ittiham olunur. Həmçinin 165 nəfərə qarşı polis əməkdaşlarına hücum etmək və ya onlara müqavimət göstərmək, 6 nəfərə qarşı media nümayəndələrinə hücum etmək, onların texniki vasitələrinə və avadanlıqlarına zərər vurmaq ittihamı üzrə cinayət işi açılıb. Onlardan bəziləri eyni zamanda bir neçə qanunsuz hərəkət etməkdə günahlandırılır. Yanvarın 6-da Vaşinqtonda baş verən iğtişaşlar zamanı zorakılıqda şübhəli bilinən daha 300 nəfərin axtarışı isə davam edir.

Nazirlikdən, həmçinin adı çəkilən 535 nəfərdən təxminən 10-nun bəzi ittihamlar üzrə təqsirlərini etiraf etdikləri bildirilib.

Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın ozamankı lideri Donald Trampın tərəfdarları demokrat Cozef Baydenin noyabrın 3-də keçirilən prezident seçkilərində qələbəsinin təsdiqlənməsinin qarşısını almaq üçün Konqres binasına soxulmuşdu. Orada davam edən qarşıdurma zamanı polis etirazçı qadına atəş açaraq onu öldürmüşdü. Bundan əlavə, iğtişaşlar nəticəsində daha üç nəfər həlak olmuş, qarşıdurmalardan sonra Kapitoli polisinin bir əməkdaşının da öldüyü barədə məlumat yayılmışdı.
Bu xəbər oxucular tərəfindən 4700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed