Şrift:
Kamran Bayramov : İqtisadi rayonların yeni bölgüsü Qarabağ bölgəsinin inkişafı üçün geniş imkanlar yaradacaq
08.07.2021 [14:13] - Xəbərlər, Siyasət
Ölkəmizin şəhər və rayonlarının ardıcıl və məqsədyönlü inkişafının təmin edilməsi, 44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad edilmiş ərazilərimizin sürətlə bərpa olunması məqsədilə Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı Fərmanla ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edildi. Fərmanda bildirildiyi kimi, işğaldan azad edilmiş ərazilərin bərpası, inkişafının təmin olunması, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi və Qarabağa Böyük Qayıdışın reallaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər həmin ərazilərin bərabər inkişafının təmin olunmasını və iqtisadi rayonlar üzrə bölgüyə daxil edilməsini şərtləndirmişdir.

Bu fikirləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib.

Son dəyişikliklərə qədər ölkəmizdə 10 iqtisadi rayonun mövcud olduğunu, yeni təsdiq olunmuş bölgüyə görə isə onların sayının 14-ə çatdırıldığını qeyd edən deputat deyib: “Azərbaycan ərazilərinin iqtisadi rayonlar üzrə yeni bölgüsünün təsdiq edilməsi, ilk növbədə, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunmasına, regionlarımızın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, iqtisadi potensialının gücləndirilməsinə, bununla da əhalinin rifah halının yüksəldilməsinə xidmət edəcəkdir”.

K.Bayramov vurğulayıb ki, yeni təsdiq olunmuş bölgüdə Qarabağ iqtisadi rayonunun (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yer alması işğaldan azad olunmuş ərazilərin sürətlə və məqsədyönlü şəkildə inkişaf etdirilməsi, bu bölgədə regional siyasətin ardıcıl şəkildə həyata keçirilməsi üçün zəmin yaradır, yeni və qlobal infrastruktur və nəqliyyat layihələrinin reallaşdırılması üçün yeni imkanlar açır.

Şübhəsiz ki, yeni təsdiq olunmuş bölgü Qarabağ bölgəsinin gələcək inkişafı və tərəqqisi üçün geniş imkanlar yaradacaq.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed