Şrift:
Təbrizdə toqquşma: Evləri sökülən insanlar etiraza qalxdı
09.07.2021 [14:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, Təbrizin polis və bələdiyyə məmurları şəhərin “Mədəni” şəhərciyində az təminatlı əhalinin evlərini söküblər.



Buna etiraz edən vətəndaşlarla polis məmurları arasında toqquşma baş verib və çox sayda az təminatlı sakin hökumət məmurları tərəfindən döyülüb.



Hökumət nümayəndələri adı çəkilən şəhərcikdə tikilən evlərin qanunsuz olduğunu əsas gətirərək vətəndaşlara öncədən xəbərdarlıq etmədən bölgəyə ağır texnika yeridib, heç bir təzminat və sığınacaq yeri vermədən söküntü işlərinə başlayıblar.



Qeyd edək ki, Təbriz şəhərinin ətraf məhəllələri və şəhərciklərində yoxsul ailələrin yaşadığı "gecəqondu"ların sayı olduqca çoxdur.


Normal yolu, elektrik, su və kanalizasiya xətti, başqa infrastrukturu olmayan bu məhəllələr xüsusilə təbii fəlakət lər zamanı ən riskli bölgələr sayılır.



Bundan öncə Təbrizin İcra Hakimiyyətinin başçısı Behruz Məhdəvi Təbriz əhalisinin 500 min nəfərinin ətraf "gecəqondu"larda yaşadığını, bunun isə şəhər əhalisinin 25%-ı təşkil etdiyini bildirib.



Təbrizin bələdiyyə başçısı İrəc Şəhin Bahir də şəhər ətrafında 2 min hektar ərazidə 500 min vətəndaşın "gecəqondu"da yaşadığını təsdiqləyib.

“Hər hansı bir zəlzələnin baş verəcəyi təqdirdə böyük bir faciənin şahidi olacayıq”-deyə, o, xəbərdarlıq edib.



İrəc Şəhin Bahir üzərində Təbriz şəhəri yerləşən Şimal-Qərb fay xəttini ölkənin ən təhlükəli fay xətti adlandırıb. O deyib ki, bu fay xəttinin fəalllıq tarixində 7 bal gücündə 11 zəlzələ baş verib.



İrəc Şəhin Bahir əlavə edib ki, bu fayın fəaliyyət aralığı 200-250 ildir. Təbrizdə baş verən son zəlzələnin üstündən isə 238 il ötür. Bunu nəzərə alaraq Təbriz şəhərində yaşayış yerlərinin dayanıqlılıq səviyyəsinə ciddi nəzarət edilməlidir.
Bu xəbər oxucular tərəfindən 1209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed