Şrift:
İsmayil Safi:”Yaxın gələcəkdə Azərbaycan bölgənin parlayan ulduzudur”
09.12.2012 [02:04] - Müsahibə
Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Dr. İsmayil Safi ilə müsahibə

- İsmayil bəy, Azərbaycana hər gəlişinizdə ölkəmizi necə görürsünüz və hansı təəssüratlarla qayıdırsınız?

- Bu suala səmimi olaraq cavab verərək demək istəyirəm ki, Azərbaycana hər səfərimdə sürətli və dinamik dəyişikliyin şahidi oluram. Özü də bu proses kənardan daha uğurlu görünür. Bu gün əminliklə demək olar ki, Azərbaycanın inkişafı düzgün təməllər üzərində qurulub.
Bu gələcək üçün də, yaxşı bir mühit yaradır. Azərbaycanın inkişaf etməsi bizləri qürurlandırır və sevindirir.
Sizə bir misal çəkmək istəyirəm. Bu il Qafqazın üç şəhəri olan Batumi, İrəvan və sonra Bakıda oldum.
Xüsusilə, Ermənistanda keçirilən beynəlxalq konfransla bağlı İrəvanda idim. Bu ölkəni yaxından görə bildim. Ermənistan mediasına verdiyim müsahibədə də onlara bildirdim ki, bu üç şəhərlə bağlı analiz apararsaq, gerçək bir fərq ortaya çıxır.
Belə ki, Batumi günümüzün şəhəridir, İrəvan isə 70-ci illərin, əslində keçmişə də bağlamaq olar, Bakı isə 2020-ci illərin şəhəridir. Yəni, onlara gerçəyi göstərməyə çalışdım.
Bakı hər gün dəyişir və inkişaf edir. Yaxın gələcəkdə Azərbaycan bölgənin parlayan ulduzu və Bakı isə bölgənin ən gözəl şəhərlərindən biri olacaqdır.
Yəni, erməni siyasətçilərinə bunu çatdırmağa çalışırdım ki, Qarabağ münaqişəsindən ən çox ziyan çəkən tərəf Ermənistan olub və bu gün münaqişənin nəticəsi olaraq İrəvan inkişafdan geri qalıb.

- Maraqlı olan odur ki, Ermənistan hakimiyyəti barış və sülhə yaxın gəlmir. Siz bir neçə dəfə Ermənistanda olmusunuz. Onlar nə düşünürlər?

- Bəzi tədbirlərdə erməni siyasətçiləri ilə görüşürük və onlarla ünsiyyətdə oluruq. Bu istər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının tədbirlərində, istərsə də beynəlxalq tədbirlərdə onlarla söhbətlərimiz olur.
Çünki Ermənistan bu təşkilatların üzvü olaraq, onların deputatları bu tədbirlərdə iştirak edirlər. Erməni millət vəkilləri bizə belə sual verirlər ki, Türkiyə niyə sərhədləri bağlayıb və s. buna yaxın suallar verirlər.
Özü də bu sualı inadla verirlər. Mən belə düşünürəm ki, onlar antitəbliğatın təsiri dairəsindədirlər və bu təbliğat anları gerçək prosesləri düşünməyə imkan vermir. Burada maraqlı odur ki, bu yalançı təbliğat onları öz təsirində saxlayır və idarə edir. Hətta dünyanın bəzi dairələrini inandırmağa çalışırlar.

- Sizin erməni siyasətçilərinin suallarına verdiyiniz cavabı bilmək maraqlı olardı?

- Təbii ki, mən onlara cavab verirdim. Erməni deputatlarına dedim ki, tarixdə nə baş verib və ya baş verməyib bu sualın cavabını buraxaq tarixi sənədlərə, tarixçiləri, tədqiqatçıların müzakirəsinə. Siz bu məsələ ilə bağlı nə qədər çalışırsınız və dünyanı inandırmağa nail olursunuz ki, bizə qarşı bu soyqırımı baş verib.
Bu yol sizə heç bir nəticə verməyəcək. Mən onlara bir sual verdim ki, 90-cı illərin əvvəllərində Qarabağda, Xocalıda insanları vəhşicəsinə qətlə yetirdiniz, 1 milyon insanı öz dədə-baba torpaqlarından didərgin salmısınız. Xatırlatdım ki, gedin Azərbaycana bu insanları görün və ondan sonra bu haqda danışın.

- Sizcə, biz nə etməliyik və hansı addımları atmalıyıq?

- Bu məsələnin beynəlxalq ictimaiyyətə çatdırılmasında da Azərbaycan və Türkiyənin üzərinə böyük yük düşür.
Əslində, bu erməni yalanlarının ifşası üçün yaxşı bir vasitədir. Ortaq lobbi fəaliyyətimizlə dünyanın gerçək gözünü bu məsələyə cəlb etməliyik. Yəni, göstərməliyik ki, əsl işğala məruz qalan və soyqırımı olunan azərbaycanlı qardaşlarımızdır.
Çünki, bunlar yaxın tariximizdə baş verib. Yüz il bundan öncə olmayan hadisəni dünyaya olmuş hadisə kimi təqdim edirlər. Beynəlxalq ictimaiyyəti inandırmağa çalışırlar. Bu təbliğatın gücüdür. Amma biz də onların bu təbliğatının qarşısını alırıq və budan sonra da alacayıq.
Bir şeyi qeyd edim ki, bu təbliğatın nəticəsində Ermənistanda radikal psixoloji gərginlik içində olan bir cəmiyyət formalaşıb. Bu da onlara yaxşı bir şey vəd etmir.

-Ermənilər 2015-ci ildə qondarma “erməni soyqırımı”nın dünya tərəfindən tanıdılması ilə bağlı fikirlər dolaşdırır. Sizcə, erməni diasporu buna nail olacaqmı?

- Mən inanmıram ki, erməni diasporu istədiklərinə nail olsunlar. Məncə, onlar həmin il istəklərinə nail ola bilməsələr, bundan imtina etməyə məcbur olacaqlar.
Əllərində olan bütün kartlarını işə salacaqlar ki, hədəflərinə çatsınlar. Azərbaycan və Türkiyə olaraq, bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik.
Onsuzda Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin bu fəaliyyətini izləyirlər və ona uyğun addımlar atır. Yenə də ayıq-sayıq olmalıyıq ki, dünya ermənilərin yalanlarına inanmasın.

- Ermənistan və erməni diasporu separatçı Dağlıq Qarabağ rejimini müstəqil bir dövlət olaraq dünya dövlətləri tərəfindən tanınmasına çalışır. Bu haqda nə deyə bilərsiniz?

- Əgər bu mümkün olarsa, vəziyyət bölgədə daha da dəhşətli və faciəli olar. Bunun ən çox ziyanı Ermənistana dəyəcək. Ermənistanın vəziyyəti hazırda çox pisdir və ölkə səfalət içindədir. Üstəlik, mən inanıram ki, beynəlxalq güclər buna getsinlər. Hamımız yaxşı bilirik ki, Ermənistan Azərbaycanın torpaqlarını hansı vəziyyətdə işğal edib. Ermənistan bəzi beynəlxalq güclərin və Rusiyanın köməyi ilə bu torpaqları işğal edə bildi. İndi vəziyyət dəyişib, Azərbaycanın mövqeləri dünyada güclənməkdədir.
Azərbaycan düzgün strategiya ilə hərəkət edir. Həmçinin, Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Türkiyə bu məsələdə Azərbaycanın milli maraqlarına cavab verən layihələrə dəstək verir və Azərbaycanın maraqlarına cavab verməyən heç bir layihəyə dəstək verməyəcək.

- Son illər Azərbaycan xaricə ölkələrə yatırım siyasətini gücləndirib. Bir çox ölkələrə iqtisadi yatırımlar qoymaqdadır. 20 illik müstəqillik tarixi olan bir dövlət üçün bu nə deməkdir?

- Bəzən təəccüblənirəm ki, 20 illik müstəqil tarixə malik olan Azərbaycan bu işləri necə görür. Sanki, iki min illik dövlət təcrübəsi var. Bu, onu göstərir ki, türk xalqının zəngin dövlət qurma təcrübəsi var.
Bizim iki min ildən çox dövlət qurma mədəniyyətimiz var. Azərbaycan bu gerçəyin sübutudur. Azərbaycan bu istiqamətdə çox uğurlu siyasət aparır. Dünyanın müxtəlif yerlərinə yatırımlar qoyur. Xüsusilə, Balkanlarda da uğurlu yatırımlar qoyur. Orada Azərbaycanın izi açıq-şəkildə görünür.
Hətta deyərdim ki, bu bölgədə Amerikadan sonra Türkiyə və Azərbaycanın təsirləri getdikcə güclənir. Azərbaycan Serbiya, Qaradağda və s. ölkələrində bir sıra önəmli layihələr həyata keçirir. Mən bunu gözlərimlə görmüşəm.
Azərbaycan mədəniyyət mərkəzləri açır, Heydər Əliyev adına parkların açılışını həyata keçirir. Bunlar davamlı siyasətin nəticəsidir.

- Bildiyimiz qədər siz eyni zamanda, Türkiyə-Hollandiya parlamentlərarası Dostluq Qrupunun sədr müavinisiniz. Hollandiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələrin birgə inkişafı perspektivlərini necə dəyərləndirirsiniz?

- Bəli, mən həmin qrupun sədr müaviniyəm. Bu çox lazımlı və zəruri addım olardı. Azərbaycan-Hollandiya parlament qrupunun rəhbəri, dostumuz Adil Əliyevlə bu haqda maraqlı söhbətlərimiz oldu və bir sıra fikir mübadiləsi apardıq.
Hesab edirəm ki, hər üç ölkənin parlamentariləri arasında bir sıra önəmli layihələr həyata keçirə bilərik. Ortaq fəaliyyətlərimizin inkişafı yalnız və yalnız həm bölgə üçün, həm də Avropa üçün önəmli olardı.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed