Şrift:
Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi Güneydə etiraza səbəb olu
17.07.2021 [14:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ermənistan zavodları və sənaye müəssisələrinin zəhərli tullantılarının Araz çayına axıdılması və İran rəsmilərinin laqeydliyi Güney Azərbaycan xalqını qəzəbləndirib.

Güneyli fəal Əli Lütfi “Culfanın səsi” portalında Ermənistan tərəfinindən sənaye tullantıları və çirkab suların Araz çayına axıdılmasını əks etdirən video paylaşaraq, İran rəsmilərinin bu ekoloji faciəyə laqeyd münasibətlərini tənqid edib.

Güneyli fəal İran hökumətinin məsələ ilə bağlı qəti mğvqe nümayiş etdirməsini tələb edərək “məsullar masalarının arxasından qalxıb və bölgədə baş verən ekoloji fəlakəti görmək üçün bölgəyə gəlməlidirlər. Ermənistanın çaya buraxdığı zəhərli tullantılar Culfa əhalisinin kənd təsərrüfatı və bağlarını qurudub, çayda balıqların kütləvi qırılmasına səbəb olub”-deyə, baş vern fəlakəti ictimailəşdirib.

Əli Lütfi məsulların Ermənistana etiraz etməli və bu axını dayandırması üçün o ölkəyə xəbərdarlıq etmələrini istəyib.

Bundan öncə mart ayında Şərqi Azərbaycan Kənd Təsərrüfatı və Təbii Sərvətlər İdarəsinin Tədqiqat və Tədris Mərkəzinin başçısı Dr. Əhməd Bayburdi, özünün isntaqram hesabında zəhərli tullantıların Araz çayına axıdılması, Nurduz gömrük məntəqəsindən aşağı torpaqlarda bu tullantıların fəsadlarının müşahidə olunması barədə paylaşım etmişdi.

O, paylaşımında bölgə əhalisinin sağlamlığının təhlükədə olduğu barədə xəbərdarlıq edərək məsələnin həlli ilə bağlı təxirə salınmaz tədbirlərin görülməsini istəmişdi.

Ötən ilin iyul ayında Ərdəbil əyalətinin İran Əyalətləri Ali Şurasındakı təmsilçisi Puya Mücərrəd demişdi ki, Ermənistanın uran, mis və qızıl zavodlarından Araz çayına axıdılan çirkab suları Parsabad əhalisinin bir çoxunda həzm sistemi orqanlarının xərçənginə səbəb olduğunu deyərək, bu acınacaqlı halı "xərçəng sunamisi" adlandırmışdı.

“Parsabad, Muğan, Aslanduz və Biləsuvarın içməli suyu Araz çayından təmin olunur. Mütəxəssislərin fikrincə Parsabad bölgəsi Ərdəbil əyalətində mədə-bağırsaq xərçənginə görə birinci yeri tutur,” deyə o durumun ağırlığını ifadə etmişdi.

Mücərrədin sözlərinə görə, məsələ ilə əlaqədar dəfələrlə İranın aidiyyəti qurumlarına müraciət edilib, lakin onlar hər dəfə Ermənistandan Araz çayına sənaye müəssisələrinin çirkab suyunun axıdılması faktını yalanlayıblar.

“Bu günə kimi suyun yoxlanıb-yoxlanılmaması barədə heç bir sənəd göstərməyiblər. Halbuki bu vilayətin içməli suyunun rəngi belə dəyişib və bulanıq olub. Parsabad əhalisi xərçəng sunamisi ilə qarşı-qarşıyadır. 10 ildir ki, ətraf mühit fəalları və Şəhər Şurası üzvləri su məsələsinin həlli üçün çalışırlar, ancaq heç bir rəsmi insanların canı bahasına başa gələn bu problemin həlli üçün addım atmır,” Mücərrəd vurğulayıb.

Qeyd edək ki, bununla yanaşı Parsabad Şəhər Şurasının üzvü də məsələ ilə bağlı xəbərdarlıq edərək Parsabadda hər bir ailənin ən azından bir yaxınının xərçəng və ya yol qəzası nəticəsində həyatını itirdiyini bildirmişdi.

Uzun illərdir Ermənistan ərazisindən təmizlənmədən birbaşa Araz çayına axan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq bölgədə bir çox xəstəliklərə səbəb olub. Bu barədə yerli əhali və bir sıra rəsmi şəxslər dəfələrlə xəbərdarlıq etsələr də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub.
Bu xəbər oxucular tərəfindən 1192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed