Şrift:
Turan Yazqanın anım mərasimi keçirildi
11.12.2012 [22:11] - Sosial
Azərbaycan Dövlət İqtisad Universitetində Turan Yazqanın anım mərasimi keçirildi Bu yaxınlarda Bakıda türk dünyasının tanınmış siması, Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu, böyük ziyalı, professor Turan Yazqanın xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.

Bu yaxınlarda Bakıda türk dünyasının tanınmış siması, Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu, böyük ziyalı, professor Turan Yazqanın xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi. Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası işlətmə fakültəsində keçirilmiş mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan Türk dünyası işlətmə fakültəsinin dekanı professor, Dr.Eyüp Aktepe Turan Yazqanın türk dünyası üçün xidmətlərindən söhbət açdı və onunla bağlı xatirələrini bölüşdü.

“Azər-Türk Bank”ın baş direktoru Mehmet Sami Acarözmen çıxış edərək Turan Yazqanın təhsilə göstərdiyi qayğı və diqqətini xüsusi vurğuladı. Bildirildi ki, Turan bəyin türk dünyası ilə bağlı fəaliyyəti gəncliyin yüksək səviyyəli və intellektual, eləcə də vətənpərvər yetişdirilməsinə xidmət edib.

Azərbaycan Türkiyə Sənayeçi və İş adamları Birliyinin rəsmisi Səlcuq Düzgün söhbətinə şeirlə başladı. Niyazi Yıldırım Gençosmanoğlunun şeirini oxuyan natiq Turan Yazqanın fikirlərinin onun düşüncəsinə müsbət təsir etdiyini vurğuladı. Qeyd etdi ki, məhz Turan bəylə olan söhbətinin nəticəsində fəaliyyətini Azərbaycanda davam etdirməyə qərar verib: “ Azərbaycana gəldim, ancaq bəzi səbəblərdən onun buradakı təhsil qurumlarında işləyə bilmədim. Vəqfə və ona olan diqqətim, sevgim heç bitmədi. Hər bir sahədə vəqf üçün əlimdən gələni etməyə çalışdım. Haqqın rəhmətinə qovuşan Turan Yazqan Türkiyədə və ümumilikdə türk dünyasında ən çox tanınan, düşündüyü kimi danışan, səmimi və idealist bir türk milliyyətçisidir.”

Tədbirdə həmçinin Turan Yazqanın həyat və yaradıcılığı, eləcə də onun son mənzilə yola salınmasıyla bağlı videoçarx nümayiş etdirildi.

Turan Yazqan 1938-ci ildə Spartanın Eğirdir bölgəsində anadan olub. İstanbul Universitetinin iqtisad fakültəsini bitirib. 1980-ci ildə yaratdığı Türk Dünyası Araşdırmaları Vəqfinə rəhbərlik edib. Türk dünyası ilə bağlı fəaliyyətlərinə görə müxtəlif mükafatlara layiq görülüb. 2012-ci il noyabrın 22-də İstanbulda dünyasını dəyişib.

Ülviyyə VAHİDQIZI
Bu xəbər oxucular tərəfindən 1150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed