Şrift:
Azərbaycanda dövlət proqramlarının icrasına uyğun olaraq ADU son illərdə mühüm nailiyyətlər qazanıb
10.08.2021 [14:44] - Xəbərlər, Mədəniyyət
Azərbaycanda hər bir sahədə olduğu kimi, təhsil sektorunda da inkişaf tendensiyası nəzərə çarpır. Ölkəmizdə son 10 ildə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, aparılan islahatlar, icra edilən dövlət proqramları, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə olunmasına yönəlib.

Ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin prioritetlərindən biri olub. Xatırladaq ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” həyata keçirilib.

Prezident İlham Əliyev 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq edib. Bu sənədin əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib.

Bütün bu sənədlər təhsil müəssisələrinin kadrlarla təmin edilməsində, maddi-texniki bazasının möhkəmləndirilməsində, eləcə də ali məktəblərin beynəlxalq əlaqələrinin genişləndirilməsinə geniş imkanlar yaradıb. Mükəmməl qanunvericilik bazası və son illər təhsil sahəsində aparılan islahatlar müsbət nəticələr verir. Artıq Azərbaycanın ali təhsil müəssisələrinə beynəlxalq səviyyədə maraq artır. Ali təhsil müəssisələrimiz dünyanın nüfuzlu universitetləri ilə möhkəm əlaqələr qurur, mötəbər tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Ölkə rəhbərinin təsdiq etdiyi dövlət proqramlarının icrasına uyğun olaraq Azərbaycanın hər bir ali məktəbi, eləcə də Azərbaycan Dillər Universiteti son illərdə mühüm nailiyyətlər əldə edib.

Son 10 ildə Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq əlaqələri, o cümlədən dünyanın bir sıra nüfuzlu təhsil müəssisələri ilə əməkdaşlığı barədə bu ali məktəbin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fialə Abdullayevanın fikirlərini təqdim edir.

Şöbəmiz xarici vətəndaşların hazırlıq kurslarına qəbulu, xarici tələbələrin tədris prosesi və sənədlərinin qaydaya salınması, eləcə də viza və qeydiyyat məsələlərinə görə məsuliyyət daşıyır. Ötən tədris ilində ADU-da təhsil alan tələbələrin siyahısında 82 xarici tələbənin də adı var. Bunlardan beş nəfəri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları kimi onlara verilən imtiyazdan yararlanaraq, universitetdə bakalavr və magistratura pillələri üzrə təhsil alıblar. ADU-da təhsil alan tələbələrin böyük bir qismini isə Gürcüstan və digər ölkələrin vətəndaşları olan soydaşlarımızın övladları təşkil edir. Bu tələbələrin də tədris prosesi, ölkə ərazisində qeydiyyat və viza məsələləri Beynəlxalq əlaqələr şöbəsinin öhdəliklərinə daxildir. ADU-da təhsil alan xarici tələbələrlə yanaşı, əcnəbi müəllimlər də fəaliyyət göstərir. Hazırda pandemiya şəraitinə görə onların siyahısında yalnız 6 vətəndaşın adı yer alır: 1 rumın, 1 macar, 2 çinli, 1 avstriyalı və 1 alman müəllim.

Eyni zamanda, universitetin beynəlxalq tərəfdaşlıq layihələri və ikitərəfli mobillik müqavilələri (“Erasmus+”, “Mövlana” və s.) tələbələr və işçilərin staj və tədqiqat imkanlarını artırır. Məsələn, Avropa Komissiyasının təhsil mübadiləsi proqramı olan “Erasmus+” çərçivəsində seçilmiş tələbələrə tərəfdaş universitetdə təhsil almaq üçün maliyyə dəstəyi ayrılır. ADU-da bu layihələrin tətbiq olunmağa başladığı ilk gündən bəri 500-dən çox tələbə Avropanın müxtəlif universitetlərində təhsil alıb və yaxud təhsilini davam etdirib, eyni zamanda, ADU-nun 40-dan çox əməkdaşı bu universitetlərdə qısamüddətli və ya uzunmüddətli təlimlərdə iştirak edib və ya dərs deyib.

ADU-nun əməkdaşlıq etdiyi universitetlərin coğrafiyası genişdir. Tərəfdaşlar siyahısına Türkiyə, Fransa, İspaniya, İtaliya, Polşa, Slovakiya, Rumıniya və Serbiyanın ən nüfuzlu universitetləri daxildir.

ADU-nun qoşulduğu “Mövlana” mübadilə proqramı isə məhz Türkiyə universitetlərinə tələbələrin və əməkdaşların mobilliyini hədəfə alır. Tələbələr bir semestr Türkiyədə təhsil ala və təhsil alarkən təqaüd ala bilərlər, eyni zamanda, əməkdaşlarımız dərs və təlimlərdə iştirak edərək təcrübə qazana bilərlər. Tərəfdaşlar arasında Türkiyənin bir sıra aparıcı universitetləri - Hacettepe Universiteti, Alanya Alaaddin Keykubat Universiteti, Ankara Universiteti, Cümhuriyet Universiteti, Marmara Universiteti var.

Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, Azərbaycan Dillər Universitetinin beynəlxalq layihələri arasında ikili diplom proqramları xüsusi yer tutur. ADU 10 ildən çoxdur ki, Böyük Britaniyanın Esseks Universiteti ilə ingilis dilinin xarici dil kimi təlimi ixtisası üzrə (bakalavr pilləsi) ikili diplom layihəsini həyata keçirir. Universitet bu istiqamətin genişləndirilməsi üçün yeni təşəbbüslər üzərində də işləyir. Həmçinin bir neçə ildir ki, ADU tərcüməçi kadrların yetişdirilməsi sahəsində Fransanın Strasburq Universiteti ilə birgə delokalizasiya proqramı çərçivəsində magistr pilləsi üzrə mütəxəssis hazırlığını həyata keçirir.

Norveç ilə olan münasibətlər də olduqca yüksək səviyyədədir. ADU 2007-ci ildən Norveç dili üzrə mütəxəssislərin hazırlanması üçün Oslo və Agder universitetləri ilə əməkdaşlıq edir. Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən bu əməkdaşlığın davamı olaraq, Azərbaycan Dillər Universiteti bakalavr dərəcəsində skandinaviyaşünaslıq ixtisası proqramlarının yaradılması, proqram çərçivəsində resursların inkişafı (müəllim hazırlığı daxil olmaqla), kitab və dərs vəsaitlərinin təchizatı, akademik keyfiyyətin təminatı, eyni zamanda, Norveçdəki müxtəlif dil kursları vasitəsilə tələbə və akademik heyətin Norveç dili bacarıqlarının inkişafına şərait yaradıb. Layihə bütövlükdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən pilot layihə kimi dəyərləndirilib və onun davamlılığı dəstəklənir.

2009-cu ildən ADU ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi üçün nəzərdə tutulan CLS təqaüd proqramına ev sahibliyi edir. ADU türk dili və mədəniyyətini öyrənən ABŞ tələbələri üçün nəzərdə tutulan “CLS” və “Flagship” təqaüd proqramlarına da rəhbərliyi öz üzərinə götürüb.

Bundan başqa, universitetdə bir çox mərkəzlər - Türkiyə Araşdırmalar Mərkəzi, Avstriya Mərkəzi, İndoneziya Araşdırmalar Mərkəzi, Koreya Mədəniyyət Mərkəzi, Yaponiya Araşdırmalar Mərkəzi, Hindi Dili və Mədəniyyəti Mərkəzi, İtalyan Mərkəzi, Skandinaviya Mərkəzi, Macar Dili və Mədəniyyəti Mərkəzi, Frankofoniya Universitet Mərkəzi, İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi, Serb Dili və Mədəniyyəti Mərkəzi, İspan Dili Mərkəzi, Bakı Amerika Mərkəzi, Rumın Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, ADU-da Konfutsi İnstitutu və Goethe İnstitutunun OEAD (Österreichische Austauschdienst) nəzdində fəaliyyət göstərən Alman oxu zalı və Avstriya kitabxanası var. Həmçinin ADU-da TOEFL (ABŞ), AYÖS və OEAD (alman dili) dil testləri keçirmək üçün rəsmi icazəyə malik Test Mərkəzi mövcuddur. 2021-ci il iyulun 31-də ADU-nun beynəlxalq əlaqələr tarixində yeni əlamətdar bir səhifə də açılıb: universitetdə Pakistan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb ki, bu da Pakistanın aparıcı ali təhsil ocaqları ilə ADU arasında məhsuldar əməkdaşlığın başlandığını göstərir.

ADU, eyni zamanda, dünyanın bir sıra ölkələrində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılmasına və fəaliyyətinə vəsilə olub. Məsələn, ADU Serb Dili və Mədəniyyəti Mərkəzi vasitəsilə Belqraddakı Azərbaycan Mədəniyyəti Mərkəzi, İndoneziya Araşdırmalar Mərkəzi vasitəsilə İndoneziya Universitetində açılmış Azərbaycan Mədəniyyəti Mərkəzi, ADU-nun nəzdindəki Konfutsi İnstitutu vasitəsilə Çinin Huçjou şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Mərkəzi ilə sıx əməkdaşlıq edir. Belə bir mərkəzin Macarıstanda da yaradılması haqqında danışıqlar artıq son mərhələyə çatıb.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed