Şrift:
Feministlər və heyvansevərlər Bakıda “yeni müxalifət rolunda”
12.08.2021 [19:20] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Müxalifət və QHT-lər vasitəsilə ölkələrin siyasi həyatına təsir etmək imkanından məhrum olanlar yeni qüvvələri meydana atır....
Son illər ölkələrə xaricdən müdaxilə imkanları sıfırlanan beynəlxalq güclər yeni metodlarla işləməyə başlayıblar. Müxalifət və QHT-lər vasitəsilə ölkələrin siyasi həyatına təsir etmək imkanından məhrum olanlar yeni qüvvələri meydana atır.

Məsələn, Fransadakı “sarı jiletlər” buna parlaq sübutdur. Azərbaycanda isə siyasi vəziyyəti gərginləşdirmək, ölkənin əsas problemindən (Qarabağ məsələsi, Ermənistanla sərhədlərin müəyyənləşməsi) diqqəti yayındırmaq üçün heyvansevərlər və feministlər meydana çıxarılıb. Onlar heyvan hüquqları və qadınları qorumaq adı altında polislə qarşıdurmaya gedir, polis bölməsinin divarlarına qırmızı boya atmaqdan çəkinmir, beləliklə də həbs və ya cərimə cəzası almaq üçün hər şey edirlər. Yəni əslində bu adamların marağı nə heyvanlar, nə də qadın qətllərinə etirazdır. Bu adamlar beynəlxalq təşkilatların diqqətini Azərbaycandakı insan haqları ilə bağlı “çox ağır” vəziyyətə cəlb etmək, bəlkə də özləri bilmədən (və ya bilərəkdən) Ermənistanın dəyirmanına su tökmək istiqamətində fəaliyyət qurublar. Təsadüfi deyil ki, bu cür aktivistlər arasında Azərbaycanın milli qəhrəmanlarını hədəf seçən, anti-Azərbaycan ruhlu adamlar da var.

Niyə və kimlər durur bunların arxasında? Erməni lobbilərinin də maliyyələşdirdiyi bu cür təşkilatlardan Azərbaycan əleyhinə necə istifadə edilir? Onları necə ifşa etməli?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev hökuməti sərt tədbirlər görməyə çağırdı:

“Bu aksiyalar təsadüfi hal sayıla bilməz. Çünki hətta milli qəhrəmanlar belə hədəf götürülür. Hesab edirəm ki, Azərbaycanda marağı olan, ölkəmizi zəif salmağa çalışan qüvvələr bir neçə müstəvidə Azərbaycanın gücünü yoxladılar. Onlar gördülər ki, Azərbaycan ərazilərini işğalda saxlamaqla, ona daimi problem yaratmaqla təsir etmək imkanları yoxdur. Xalqımız torpaqlarını azad etdi. Bundan xeyli əvvəl insanları sülhə, barışığa hazırlamaq adı altında müharibədən yayındırmağa çalışırdılar. O dönəmdə bu kəsimlərə feministlər də daxil olmaqla, xeyli vəsait ayırdılar. Gəncliyimizi tamam sıradan çıxarmağa çalışdılar. Bunun üçün bir sıra şüarlar hazırlandı. Narkomaniyanı burada yaymışdılar. Bu gün də o iş davam edir. Bu məsələləri daha çox aktivləşdiriblər. Söhbət gəncliyi sıradan çıxarmaqdan gedirdi. Çalışırdılar ki, ölkədə müharibə abı-havası olmasın. Hətta ziyalılarımıza təsir edib onları barışığa, danışıqlara cəlb etməyə çalışırdılar. Bütün bunlar effekt vermədi. İndi isə cəhd edirlər ki, şüurlara fərqli şəkildə təsir etsinlər, ölkənin işğalına əslində zehniyyətdən başlasınlar. Bununla gəncliyi sıradan çıxarmağa çalışırlar. Xaricdən gücləri çatmayıb, daxilə yönəliblər. Kənardan dəstək verdiklərini vurub Azadlıq meydanına gətirdik, tanklarını görk olsun deyə bu meydana gətirmişik. Düşünürəm ki, qeyd etdiyiniz məsələlər sıradan biri deyil. Azərbaycanda milli demokratik düşərgə çox ciddi şəkildə toparlanmalıdır. Hüquq-mühafizə orqanları bu məsələlərdə çəkinməli deyil. Ölkə ictimaiyyətinin dəstəyini hökumət arxasına alıb çox ciddi tədbirlər görməlidir. Feminist qafalılar ən böyük dəyərlərimizə, mentalitetimizə, bizi biz edənlərə zərbə vururlar. Maşaların fəaliyyətlərini genişləndirmələrinin qarşısını almalıyıq. Bu məsələdə vaxt itirmək olmaz”.

Cavanşir ABBASLI,/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed