Şrift:
Əblüfəz Şeydabəyov: “Bizim gənclər təşkilatları ilə erməni gənclər təşkilatlarının ən başlıca fərqi odur ki,...”
13.12.2012 [14:35] - Gündəm, Müsahibə
Müsahibimiz Dünya Azərbaycanlıları Gənclər Birliyinin nümayəndəsi Əbülfəz Şeydabəyovdur.


-Dünya Azərbaycanlı Gənclər Birliyinin yaranma zərurəti haradan meydana gəldi və təşkilatın təsis edilməsində məqsəd nədir?

İcazənizlə bu barədə geniş məlumat vermək istərdim. Bildiyiniz kimi, 6 may 2002-ci il tarixində Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Respublikamızda daima gənclərə qayğı və dəstək yüksək səviyyədədir, hətta əminliklə qeyd etmək istərdim ki bu sahə daha prioritet sayılmaqdadır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gənclər siyasətinə sadiq qalaraq, gəncliyə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Cənab Prezidentin imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009 cu illər) , "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" proqramı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” və bu sahədə imzaladığı digər sənədlər bunun bariz sübutudur.

Dünyanın 70 ölkəsində milli diasporamız mövcuddur. Təqdirəlayiq haldır ki, son illər xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin ictimai,sosial və siyasi fəallığının yüksəlməsi, diaspor və lobbi quruculuğu işlərində geniş iştirak etmələri sonucunda mühüm nəaliyyətlərin əldə olunması ilə nəticələnmişdir. “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq, 2010-cu il noyabr ayında Almaniyanın Frankfurt şəhərində Dünya azərbaycanlı gənclərin I Konqresi təşkil olunmuşdur.Bu Konqresin Qətnaməsinə uyğun olaraq gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği, azərbaycançılıq ideyasının inkişafı istiqamətində fəaliyyətin koordidanisiya edilməsi məqsədi ilə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılmışdır. 2011-ci il iyulun 5-də Bakı şəhərində keçirilmiş Dünya azərbaycanlıları III qurultayının Qətnaməsində Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi təşəbbüsü dəstəklənmişdir. Dünya Azərbaycanlı Gənclər Birliyi 2012-ci ilin mart ayının 12-də Bakı şəhərində keçirilən təsis qurultayı ilə öz fəaliyyətinə start vermişdir. Qurultayda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların və xaricdə yaşayan azərbaycanlı gənclər birliklərinin nümayəndələri iştirak etmiş və bu təşkilatın yaranmasını müsbət hal kimi qiymətləndirmişlər. Qurultayda həmçinin sturktur qurulmuş və səs çoxluğu ilə Birliyin sədri Ramin Məmmədov seçilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin, Birliyin təsis olunması ilə bağlı Qurultay iştirakçılarına ünvanladığı təbrik məktubu diasporamızın gənc üzvlərini qürurlandırmış və gələcək fəaliyyətləri üçün mənəvi dəstək vermişdir.

-Digər gənclər təşkilatlarından təmsil etdiyiniz təşkilatı fərqləndirən əsas cəhət və fəaliyyət istiqamətləriniz?

Respublikamızda 200-ə yaxın gənclər təşkilatları rəsmi qeydiyyatdan keçmişdir. Hər bir təşkilat və ya birliyin özünün qarşısına qoyduğu məqsədləri vardır. Çox sevindirici haldır ki bu təşkilatlar tək ölkə daxilində fəallıqları ilə yox hətta digər ölkələrin ən qabaqcıl gənclər təşkilatları ilə də sıx əlaqə saxlayır,dostluq protokolları imzalayırlar. Ortaq layihələr təşkil edir, onları Azərbaycanın zəngin mədəniyyəti və gərçəkləri ilə tanış edirlər. Dünya Azərbaycanlı Gənclər Birliyinin təsisində belə ölkəmizin aparıcı gənclər təçkilatları fəal iştirak etmişlər. Belə ki, Birliyin təsisçiləri Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası,Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı,Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, “İRƏLİ” İctimai Birliyi, Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu və Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətləridir. DAGB-nin Mərkəzi Şurası isə xaricdə ən fəal 39 azərbaycanlı gənclər təşkilatlarıdır. Qeyd edim ki, DAGB bir növ milli diaspora gənclərimizin şəmsiyyə funksiyasını yerinə yetirməkdədir. Dünyanın 70-ə yaxın ölkəsindən 300 təşkilatın Birliyi olmaq çox məsuliyyətli bir təşəbbüsdür. DAGB-ni digər gənclər təşkilatlarından fərqləndirən cəhət hədəfin diaspora və lobbiçilik olmasından başqa bizlərin dünyanın dörd tərəfinə səpələnmiş milli diasporamızın gəncləri ilə mütəmadı işləmək, Azərbaycan Rеspublikasında və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmini, elm, təhsil, mədəniyyət, sahibkarlıq, onların yaşadıqları cəmiyyətə intеqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması məqsədilə layihələr həyata kеçirmək, həmçinin bu cür layihələrin həyata kеçirilməsinə dəstək vеrmək. Dünyanın müxtəlif ölkələrində yaşamalarından asılı olmayaraq gənclərimizin milli-mənəvi dəyərlər əsasında səfərbər olmasında yaxından iştirak etməkdir.

-Təşkilatın təsis edilməsindən keçən qısa vaxt ərzində hansı işlər görülüb?

DAGB-nin sıralarında olan diasporadakı azərbaycanlı gənclərin məskunlaşma coğrafiyası çox genişdir. Beş qitə ölkələrində fəaliyyət göstərən diaspora azərbaycanlılarının təşkilatları ilə Bakıdakı Təsis Qurultayımızdan sonra Vətənimizin təbliği ilə bağlı müxtəlif xarakterli layihələr həyata keçirilmişdir. ABŞ və Avropa ölkələrinə “Azərbaycan mədəniyyət günləri” təşkil olunmuşdur. Bununla yanaşı bu ilin sentyabr ayında Cənubi Koreyada 150 ölkənin iştirakı ilə keçirilən “Dünya Sülh Təşəbbüsü” adlı beynəlxalq festivalda Birliyimizin gənc üzvü Azərbaycanı təmsil etmişdir. Festivalda 100 mindən artıq insan iştirak edib. Festivalın əsas hadisəsi "Ginnes rekordu"nun yenilənməsi olub.Daha sonra Fransanın Strasburq şəhərində oktyabr ayında Avropa Şurasının "Demokratiya: Köhnə modellər və yeni reallıqlar" beynəlxalq forumunda nümayəndəmiz iştirak etmiş Azərbaycan haqqında geniş məruzə ilə çıxış etmişdir.

Oktyabr ayında həmçinin, Amerikadakı nümayəndə heyətimiz Nyu-Yorkda BMT Baş Assambleyasının III Komitəsində iştirak etmiş və Azərbaycan haqqında məruzə ilə çıxış etmişlər. Bildiyiniz kimi bizim ali təhsil müəssisələrimizdə də əcnəbi tələbələrin sayı kifayət qədər çoxdur. Bu ilin sentyabr, oktyabr, noyabr aylarında Bakı Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrə Vətənimizin tarixini və mədəniyyətini tanıtdırmaq məqsədi ilə “Azərbaycan-gözəl diyar” adlı layihə çərçivəsində əcnəbi tələbələrin ölkəmizin regionlarına səfərləri də gerçəkləşdirilib.Qeyd edim ki,bu layihə 2013-cü ildə də davam edəcəkdir. Dünya şöhrətli yazıçı və şairlərin ev muzeylərində Azərbaycan guşəsi yaradılması layihəmizə start verilmişdir.Layihə çərçivəsində dünya şöhrətli yazıçı və şairlərin ev muzeyləri, fondları ilə əlaqə yaradılaraq, Azərbaycan dilinə tərcümə və nəşr olunmuş əsərlər həmin yazıçı və şairlərin ev muzeylərinə göndərilərək Azərbaycan guşələri yaradılacaq.

-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması üçün hansı tədbirləri həyata keçirməyi planlaşdırırsınız?

Ermənistanın təcavüzu sonucu Azərbaycan Respublikasının tarixi,hüquqi ərazisi olan Qarabağımız 1994 cü ildən işğal altındadır. Bu qəsbkar işğal amili bütün dünya dövlətləri tərəfindən pislənməkdə,onlar tərəfindən ölkəmizin ərazi bütövlüyü suverenliyi tanınmaqdadır. BMT-nin 4 qətnaməsi həm Avropa Briliyinin işğalı pisləmə sanksiyaları, İslam Konfransı Təşkilatı ölkələrinin və bir sıra beynəlxalq nüfuzlu təşkilatların işğalı lənətləyən qətnamələrinə baxmayaraq Qarabağımız hələ də işğal altında qalmaqdadır. Qarabağda etnik azərbaycanlılara qarşı soyqırım terminin bütün növləri üzrə soyqırım uyğulanmışdır, belə ki azərbaycanlılar Xocalıda və işğal olunmuş torpaqların demək olar hamsında fiziki soyqırıma məruz qalmış, tarixi mədəniyyət abidələrimiz yerlə yeksan edilərək dağıdılmış –bu mədəni soyqırım növüdür. Respublikamızın iqtisadiyatına milyardlarca manat zərər vurulmuş – bu da iqtisadi soyqırımdır. Əfsuslar olsun ki, bunları sadalamaqla bitməz...Amma DAGB-i və diasporadakı azərbaycanlılar Qarabağ mövzusunu daima beynəlxalq ictimaiyyətin diqqətində canlı saxlamaqda və işğal amilinin xarici millətlərə və onların rəsmi qurumlarına düzgün,dolğun məlumat çatdırırlar. Yaşadıqları ölkələrin mətbuatında Ermənistanın işğalçı siyasətini mütəmadi vurğulayırlar.Qarabağ problemi dünyada yaşayan hər bir azərbaycanlılın ağrılı yeridir. Bir az öncə qeyd etdiyim BMT və Avropa Şurasındakı tədbirlərdə bizim nümayəndə heyyətimizin Qarabağın Ermənistan tərəfindən işğalı və bir milyondan artıq qaçqınlarımızın olmasını öz çıxış məruzələrində digər ölkələrdən olan iştirakçılara faktlarla,xronoloji ardıcıllıqla çatdırmışdılar.

DAGB-nin bu ilin sentyabr və noyabr aylarında Parisdə Ermənistan səfirliyi qarşısında təşkil etdiyi etiraz aksiyasında Azərbaycan və Türkiyə diaspor təşkilatları, Avropa Azərbaycanlıları Konqresi, Fransa Azərbaycan Evi, Azərbaycan Fransız Gənclik Assosiasiyası, İsveçrə Azərbaycanın Dostları Dərnəyi, İspaniya Azərbaycanlıları Cəmiyyəti, Köln Türk Universitetləri Təşkilatı, Fransa Azərbaycanın Dostları Təşkilatı, Belçika Azərrbaycanlıları Assosiasiyası, Hollandiya-Azərbaycan-Türk Kültür dərnəyi, Dünya Azərbaycanlıları Konqresi, Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi, Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Almaniya Türk Federasyonu, Fransa Türk Tələbələr Birliyi, Fransa Azərbaycan Evi, Köln Türk Federasyonu, Strasburq Azərbaycan Tələbələr Birliyi iştirak etmişlərdir. DAGB Azərbaycanın beynəlxalq-hüquqi ,haqlı mövqeyinin dünyada səsi olmağa davam edəcəktir.

-Ermənistan gənclər təşkilatları ilə Azərbaycandakı gənclər təşkilatlarının fəaliyyətində nə kimi fərqli cəhətlər var?

Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycandakı gənclər təşkilatlarının bir çoxu təkcə yerli yox artıq beynəlxalq gənclər təşkilatına çevrilmişlər. Bunu onların iri miqyaslı beynəlxalq layihələri təsdiq etməkdədir. Hər bir ölkədə olduğu kimi, gənclər həmin ölkənin gələcəyi sayılırlar. Respublikamızda da gənclər siyasəti başda ölkə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etməkdədir. Gənclər və İdman Nazirliyinin gənclərlə fəal işləməsi, Prezidentin fərmanı ilə 2011-ci ildə Nazriliyin yanında Gənclər Fondunun yaradılması özlüyündə ölkədə gələcəyimizə ayrılan diqqətin böyük təzahürüdür.
Ermənistan gənclər təşkilatları haqqında doğrusu nə deyəcəyimi bilmirəm.Bu ölkənin rəsmi statistika göstəricilərinin qeydlərinə baxsaq,1994-cü ildəki 3 milyonluq əhali sayından 2 milyona yaxın əhalisi qalmış bir ölkədir. Əgər nəzərə alsaq ki, təbii ehtiyatları olmayan,özünün nəsə idxal edərək beynəlxalq bazara çıxarda bilməyən, işsizlik hər sahədə baş alıb gedən katastrofik bir xaos yaşayan iqtisadiyatlı ölkədə nə gələcək ola bilər? ...gəlin beynəlxalq araşdırmacıların bu ölkədəki yazıq vəziyyətə düşmüş gəncləri barədə olan göstəricilərinə diqqət edək:Ermənistandan qaçan 1 milyondan çox ermənilər kimlərdən ibarətdir? erməni gənclərindən.Təbii ki, bu ölkədən xaricə enerjik,iş qabiliyyəti olan,gənc-çevik vətəndaşlar qaçır.Niyə? çünku erməni gəncləri onların özlərinin sevmədikləri,seçmədikləri bir hökumətin qulları olmaq istəmirlər.Ordudan yayınma halları baş alıb gedir. Yeni iş yerləri nəinki açılmır hətta keçmiş Ermənistan SSR-dən qalma yerlər də bağlanmaqdadır. Özlərinin də dedikləri kimi ,ölkə bir qrup mafia-quldurların əlindədir.Düşünün gəncləri iş yerləri ilə təmin etməkdənsə, Erevanda qumarxanalar,kazinolar açırlar. Heç bir məntiqli erməni gənci müvəqqəti işğal etdikləri Qarabağda həqiqi hərbi xidmət qulluğuna getmək istəmir. Onlar yaxşı anlayırlar ki, hər cəhətdən inkişaf edən nüfuzlu qonşu Azərbaycan danışıqlar diplomatiyasının üslubunu istədiyi an dəyişə bilər.Beynəlxalq təşkilatlar hətta regiondaki qonşu ölkələr də ermənilərin başını yalandan sığallasalar da özləri də Azərbaycanın ərazi bütövlüyünü-Qarabağı onun ərazisi olduğunu dəfələrlə bəyan edirlər. Bizim Gənclər təşkilatları ilə erməni gənclər təşkilatlarının ən başlıca fərqi odur ki, Biz Dövlətimizə və Prezidentimizə inanırıq Onun siyasətinin dəstəkçiləriyik...amma erməni gəncləri isə həm xaricdəki diaspora erməniləri həm öz dövlətləri tərəfindən aldadıldıqlarının artıq fəqinə varıblar...Mən mütəmadi olaraq xarici media xəbərləri izləyirəm.Ermənistan gənclər təşkilatlarının Rusiya Federasiyası ilə qonşu Gürcüstan arasında təşkil etdikləri “pioner” sayağı tədbirlərdən başqa nəsə səs gətirəcək bir fəaliyyətlərini görməmişəm.Azərbaycanda gənclər istər dövlət istər özəl işlərin hər bir sahəsində təmsil olunurlar. Ölkəmizin əhalisi gəncdir. Təsadüfi deyil ki, 2012-ci il Azərbaycanda gənclər ili elan olunmuşdur. Müasir Azərbaycan gənci intelektual və ölkəmizin zəngin potensialindan yararlanmaq hüququna həmişə malikdir. Ölkədə təhsilin keyfiyyəti günü gündən yüksəlməkdədir.Bizim artıq əcnəbi tələbələrin də axın etdikləri ali təhsil müəssisələrimiz beynəlxalq standartlara tam cavab verməkdədir. Gənclərimiz dövlət proqramı əsasında dünyanın ən nüfuzlu Universitetlərində müxtəlif ixtisaslar üzrə peşəkar təhsil alır. Respublikamızın çox böyük gənc intelektuallar ordusu vardır.Bu özlüyündə gələcəyə qoyulmuş ən böyük yatırımdır.

-Sonda cəmiyyətdə öz yerini tutmuş bir gənc kimi gənclərə nəyi məsləhət görərdiniz?

Azərbaycan bizə əvvəl də bu torpaqlarda hürriyyət mubarizəsi vermiş ərən Atalarımızdan miras qalmışdır. Xalqımızın yüz illərdir üzləşdiyi çətinliklər, birlik olma arzuları, müstəqil Azərbaycan Dövlətini yaratma ideyaları bu gün bizim dövlət atributlarımız olan milli bayrağımızda, gerbimizdə və himnimizin sözlərində öz təzahürünü tapmışdır.

Qloballaşan dünya ilə paralel olaraq müasirləşən gəncliyimiz dünyanın ən öncül sıralarında yer tutmalı, müasirləşsək də özümüz qalmalıdır. Azərbaycan gənci vətənpərvər, milli dəyərlərə sahib çıxaraq,şanlı tariximizə söykənərək - Vətənimiz, xalqımız qarşısında olan mənəvi məsuliyyətini dərk etməlidir.
Azərbaycan gəncliyi ölkə Prezidentimizin yürütdüyü həm daxili həm xarici siyasətinin uğurlarına öz tövhəsini verməli bu amalda bir ürək bir bilək olmalıdır.

Bizlər daima mariflənməli, müasir texnologiyalardan maksimum yararlanmalı, dövrümüzün informasiya yarışında ən qabaqcıllarından olmalı, mübariz, məğrur öz Əbədi Müstəqilliyimizin keşikçisi olmalı, Ay-ulduzlu üç rəngli nazlı bayrağımızı Bakıdakı bayraq meydanından əzəli, öz-canımız-Qarabağımızın ən yüksək zirvəsinə sancmalıyıq!

Nicat Cəmilzadə
Bu xəbər oxucular tərəfindən 1418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed