Şrift:
Elçin Hüseynbəyli: Şuşa yaxın gələcəkdə bütün türk dünyasının mədəniyyət paytaxtı elan olunacaq
21.09.2021 [14:04] - Xəbərlər, Mədəniyyət
27 sentyabr bizim anım və qürur günümüzdür. Çünki həmin gün Ali Baş Komandan, möhtərəm İlham Əliyevin əmri ilə ordumuz döyüşə atıldı və qəhrəman oğullarımız 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarımızı özlərinin canları və qanları bahasına azad etdilər, zədələnmiş qürurumuzu, tapdanmış ləyaqətimizi özümüzə qaytardılar!

Bu fikirləri müsahibəsində yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli deyib.

“Hamımız inanırıq ki, erməni vandalizmi nəticəsində dağılmış yurdlarımız yenidən çiçəklənəcək, çünki azad etdiyimiz torpaqlar şəhidlərin qanı, anaların göz yaşları ilə suvarılıb. Biz hər dəfə onların qarşısında baş əyəndə torpağın və çiçəklərin ətrini duyacağıq. Qələbəmizdən çox az bir vaxt keçir. Amma Qarabağımız və onun tacı, döyünən ürəyi Şuşa dirçəlir. Yollar, işıq, su xətləri çəkilir, beynəlxalq hava limanları inşa olunur və bu quruculuq işləri davam edəcək”, - deyə yazıçı bildirib.

Şuşada mədəni tədbirlərin davam edildiyini deyən Elçin Hüseynbəyli bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyət paytaxtı elan edəndən sonra, güman ki, 2023-cü ildə Şuşa həm də bütün türk dünyasının mədəniyyət paytaxtı olacaq. Qısa zaman ərzində Şuşada “Xarıbülbül” Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi, mədəniyyət ocaqlarının bərpası, sənət adamlarımıza abidələrin qoyulması görülən vacib işlər sırasındadır.

“İnanıram ki, şəhidlərimizin ruhu rahatdır, çünki tökdükləri qanların, itirdikləri canların əbəs olmadığını görürlər. Allah onlara rəhmət eləsin! Nə qədər ki, millətimiz var, onlar da ölməzdilər və daim qəlblərdə yaşayacaqlar...”, - deyə Elçin Hüseynbəyli əlavə edib.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed