Şrift:
Rüfət İsmayıl: “Sumax” kolleksiyasını ölkəmizin qələbəsinə həsr edirəm
04.10.2021 [09:56] - Xəbərlər, Mədəniyyət
“Sumax” kolleksiyasını qədim Azərbaycan xalçalarına, hər bir bənzərsiz naxışa, xalqımıza, sərhədsiz mədəni və tarixi irsimizə, çoxdan gözlənilən qələbəmizə həsr edirəm.

Bu fikirləri məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl müsahibəsində deyib.

O bildirib ki, komandası ilə birlikdə ruhunu, gücünü və sevgisini səfərbər edərək, yaratdığı yeni əsəri – “Sumax” adlanan “Haute Couture” kolleksiyasını bu gün moda paytaxtı Parisdə təqdim etməkdən çox məmnundur.

Vurğulayıb ki, məşhur Azərbaycan xalçalarının motivlərindən ilhamlanaraq bu kolleksiyanı yaradıb.

“Azərbaycan qədim zamanlardan xalçaçılığın mərkəzi olmuşdur. Bu sevimli sənət növü əsrlər boyu nəsildən-nəslə incəliklə və diqqətlə ötürülmüşdür. Azərbaycan xalçası naxışların tükənməz toxunuşu, yaradıcılıq fantaziyası və yüksək ustalıqdır”, - deyə məşhur dizayner Rüfət İsmayıl vurğulayıb.

Xatırladaq ki, Rüfət İsmayıl AFFAIR-in yaradıcı direktoru və təsisçisidir. Məşhur dizayner geyim istehsal xəttinin yenilikçi və yaradıcı laboratoriyasına rəhbərlik edir.

Yeniyetməlik illərində moda evlərində modellik etməyə başlamış Rüfət 2000-ci ildə Azərbaycanın “Ən Yaxşı Modelyeri” adına layiq görülüb. Paco Rabanne və Valentin Yudaşkin kimi tanınmış şəxslərə model olaraq çalışıb. Qısa zamanda moda sevgisi onu modelyerlikdən öz markasını yaratmağa sövq edib. Öz etiketinin satışını davam etdirmək üçün İstanbula köçmək qərarına gəlib və indiki AFFAIR-in təməl daşını qoyub. Rüfət dizayn və yaradıcılıq istiqamətlərindən tekstil və geyim istehsalı fabrikinə rəhbərliyə qədər kolleksiya yaratmağın bütün sahələrində uğurla işini davam edir.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed