Şrift:
Ülviyyə Ağayeva: Bizi qələbəyə aparan əsas amil milli birliyimiz, sarsılmazlığımız oldu
14.10.2021 [09:46] - Xəbərlər, Siyasət
Ötən ilin sentyabrın 27-də başlanmış və 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz qələbə və bu qələbəyə aparan yollar hələ də dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Xüsusilə də indi, düz bir il sonra, biz özümüz də həmin günləri anbaan sanki yenidən yaşayırıq. 27 sentyabr – Anım Günü. Bu gün bizi düz bir il əvvələ apardı. Ancaq o günlərdəki gərginlik, həyəcan, ilk dəqiqələrin qeyri-müəyyənliyi və hər bir şəhid xəbərinə görə göz yaşı və ürək ağrısı, bunların ardınca zərrə-zərrə əldə etdiyimiz, geri qaytardığımız strateji yüksəkliklər və ərazilərin adlarını eşitdikcə yaşadığımız sevinc hissləri bu gün qəlbimizdə fərqli əks-səda doğurur. Geriyə dönərək son otuz ili nəzərdən keçiririk: niyə əvvəl o torpaqları itirdik?! Necə oldu ki, illər ərzində itirdiklərimizi 44 gündə qaytara bildik?! Əsas məsələ də elə bundadır. Bizi hansı amillər qələbəyə çatdırdı. Məğlub, aciz görünən xalqın gücünü dünyaya göstərdi.

Bu fikirlər açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib. O qeyd edib ki, tarixi qələbəmizin əldə olunmasını bir sıra ciddi amillər şərtləndirib: “İlk növbədə, müdrik, uzaqgörən, savadlı və xalqının etimadını qazanmış liderimiz - Ali Baş Komandanımız İlham Əliyev. Məhz onun rəhbərliyi altında xalqımız bir yumruq kimi birləşdi, işi, sözü bir oldu, hamı bir hədəfə vurdu. İstər siyasət, istərsə də hərbi sahədə xalqın nümayəndələri müxtəlif sözlərlə, yollarla eyni bir işi görürdü. Ancaq ən ağır iş məhz döyüş bölgəsində, səngərdə canlarını qurban etməyə hazır oğulların çiyninə düşürdü. Məhz onlar qoyulmuş planlara, verilmiş əmrlərə müvafiq igidliklər göstərirdilər.

Bu mühüm amilin içərisində nə qədər incəliklər, nə qədər həssas məqamlar mövcuddur. Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərimizin də qəhrəmanlığı unudulmazdır. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, qırx iki nəfər qəhrəmancasına şəhid olmuşdur. Onlardan doqquzu həkim, yeddisi feldşer, iyirmi altısı sanitardır.

Bir anda bütün xidmətlərini hərbi qaydalara istiqamətləndirmiş tibb işçilərimiz iradə və dözüm, yüksək peşəkarlıq nümayiş etdirmiş, neçə-neçə igidimizi həyata qaytarmışdı. Həkimlərimizin müsahibələrini, müharibə ilə bağlı xatirələrini dinlədikcə, onların gördükləri işlərin çoxunu möcüzə hesab etmək olar: bir çox hallarda təbabətin bütün qaydalarına, illərlə təsdiqlənmiş normalarına rəğmən, ürəyi xeyli müddət dayanmış döyüşçülərin ürəklərini döyünməyə, komadan qayıtmağa məcbur etmişlər, sağalması mümkün olmayan yaraları sağaltmışlar. Bu, ancaq iradə, sonsuz məhəbbət gücünə əldə edilmişdir. Ancaq bu tibb işçilərinin yaşadıqları hisslər onlar üçün elə döyüşdə alınan zədə qədər ağır olurdu. Rasim Abdullayev, Azər Şəmilov, Turqut Xəlilbəyli, Adil Əfəndiyev, Mirlətif Ağayev, Anar Məmmədov, Eldar Abdullayev, Nurlan Fərəməzov, Şöhrət Qasımov, Tariyel Salmanov və onların simasında bütün şəhid olmuş tibb işçilərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Üç min şəhidimizin yeganə şəhid bacısı Arəstə Baxışova bu fədakarlığın ən böyük abidəsidir”.

Müharibə günlərində bizi qələbəyə aparan əsas amillərdən birinin də milli birliyimiz, sarsılmazlığımız olduğunu söyləyən deputat deyib: “Düşmən çox təxribatlara əl atdı, iradəmizi sındıra bilmədi. Hər itirdiyi mövqeyə görə qisasını dinc əhalidən alan namərdlərin bu planları – sərhədyanı bölgələrdə qorxu, mənəvi təlatüm yaratmaq, insanlar arasında narazılıq salmaq istəkləri də boşa çıxdı. Düşmən bir mühüm amili nəzərə almırdı: xalq birləşmişdi, xalq vahid bir rəhbərə etimad göstərir və bir arzu ilə yaşayırdı: haqqı, ədaləti bərpa etmək, torpaqlarını geri qaytararaq, alnından məğlubluq ləkəsini silmək! Biz bunu bacardıq, Qələbə çaldıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ – Azərbaycandır! Vətən bölünməz!”.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed