Şrift:
İtaliyada qadınlara kişilərdən daha az əməkhaqqı verilməsinə qarşı hazırlanan qanun layihəsi Nümayəndələr Palatasında qəbul olunub
15.10.2021 [09:35] - Gündəm, Siyasət
İtaliyada biznes sektorunda qadınlara kişilərdən daha az əməkhaqqı verilməsinə qarşı hazırlanan yeni qanun layihəsi parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında təsdiqlənib.

“Bərabər əməkhaqqı qanunu” adlanan sənəd qadınların iş prosesində daha da fəal iştirakını, eləcə də şirkətlərin qadınlara və kişilərə bərabər əməkhaqqı tətbiq etməsini təşviq etmək üçün hazırlanıb. Nümayəndələr Palatasında yekdilliklə qəbul edilən qanun layihəsi qüvvəyə minməsi üçün parlamentin digər palatası olan Senatdan da keçməlidir.

Qanun qüvvəyə minəcəyi təqdirdə işəgötürənlər qadınlar və kişilər arasında eyni iş üçün bərabər əməkhaqqı siyasətini həyata keçirəcək, təşviq imkanları baxımından gender fərqini azaltmaqla “gender bərabərliyi şəhadətnaməsi” almaq hüququna malik olacaqlar. Bu sertifikatı alan şirkətlərə sosial təminat baxımından endirimli maliyyə üstünlükləri veriləcək. Əllidən çox işçisi olan şirkətlər mütəmadi olaraq kadr hesabatları hazırlamalı olacaqlar. Həmin hesabatların natamam və ya qeyri-dəqiq olduğu aşkar edilərsə, şirkətlərə cərimələr tətbiq edilə bilər. Əllidən az işçisi olan şirkətlər isə bu hesabatı könüllü olaraq hazırlayaraq təşviqlərdən faydalana biləcəklər.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun 2020-ci il üzrə Qlobal Gender Bərabərsizliyi İndeksində İtaliya 153 ölkə arasında 76-cı, iqtisadi iştirak və bərabər imkanlar kateqoriyasında isə 117-ci yerdə qərarlaşıb.

Yerli mətbuata görə, İtaliyada qadınlar eyni işi görən kişilərdən orta hesabla 12,2 faiz az əməkhaqqı alırlar. Ölkədə rəhbər vəzifələrdə çalışan qadınların nisbəti isə 28 faizdir.
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed