Şrift:
“Əkinçi”nin 100 yaşlı varisi - “Şərq qapısı” qəzeti
26.10.2021 [11:01] - Xəbərlər, Siyasət
Naxçıvan Şəhər İcra Hakimiyyətində “Şərq qapısı” qəzetinin 100 illik yubileyinə həsr olunmuş “Əkinçi”nin 100 yaşlı varisi” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva muxtar respublikada kütləvi informasiya vasitələrinə yüksək diqqət və qayğı göstərildiyini qeyd edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncam imzalayıb, burada qəzet haqqında çox dəyərli fikirlər öz əksini tapıb. Sərəncamda da qeyd olunduğu kimi, birəsrlik zəngin tarixə malik “Şərq qapısı” qəzeti təkcə Naxçıvanın ictimai-siyasi həyatında deyil, bütövlükdə, Azərbaycanın ictimai fikir tarixində mühüm rol oynayıb. Qəzet 1990-1993-cü illərdə – ümummilli lider Heydər Əliyevin muxtar respublikada yaşayıb, işlədiyi dövrdə müstəqilliyimizin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirləri geniş işıqlandırıb, müstəqillik və demokratiya uğrunda gedən mübarizədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qəzetin inkişafına böyük qayğı göstərib, “Şərq qapısı”nın yeni binası istifadəyə verilib, maddi-texniki bazası möhkəmləndirilib, kütləvi informasiya vasitələri əməkdaşlarının əməyi yüksək qiymətləndirilib.

Vurğulanıb ki, muxtar respublikada mətbuatın inkişafına göstərilən hərtərəfli qayğıdan Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı “Nuh yurdu” qəzetinə də pay düşüb, bu qayğıdan bəhrələnən qəzet kəmiyyət və keyfiyyət etibarilə özünəməxsus inkişaf yolu keçib.

Təhminə Mustafayeva qəzetin kollektivini Naxçıvan şəhər ictimaiyyəti adından yubiley münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxış edərək bildirib ki, əsryarımlıq milli mətbuat tariximizin bir əsri “Şərq qapısı” qəzeti ilə bağlıdır. Muxtar respublika nə dərəcədə ölkəmizin ictimai-siyasi həyatında, dövlətçilik, milli müstəqillik uğrunda mübarizə tarixində, müstəqillik ideyalarının təşəkkül tapmasında böyük rol oynayıbsa, “Şərq qapısı” da milli mətbuat tariximizdə həmin rola, həmin nüfuza malikdir.

Diqqətə çatdırılıb ki, 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşri ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulub, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət gerçəyə çevrilib. 1921-ci ilin dekabrından “Füqəra səsi”, 1922-ci ilin aprel ayından “Şərq qapısı” adı ilə nəşr edilən qəzet müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Sovet-totalitar rejiminin ən qatı tüğyan etdiyi zamanlarda belə, millilik amilimizi, dəyərlərimizi, vətənpərvərliyimizi, Azərbaycançılıq ideologiyasını müdafiə edib, İkinci Dünya müharibəsi illərində həm arxa, həm də ön cəbhədə qətiyyətlə mübarizə aparıb. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra qəzet qayğı ilə əhatə olunub, onun nəşrinə xüsusi diqqət yetirilib, böyük formatda gündəlik nəşri təmin edilib.

Vurğulanıb ki, qəzetin yubileylər tarixi çərçivəsində 50 illik yubileyi Ümummilli Liderin rəhbərliyi ilə ən yüksək səviyyədə qeyd olunub, “Şərq qapısı” SSR-nin ovaxtkı ali dövlət mükafatı – “Şərəf nişanı” ordeni ilə təltif edilib. Böyük siyasi xadim Naxçıvana qayıtdıqdan sonra “Daha susa bilməzdim” adlı ilk müsahibəsini də məhz “Şərq qapısı” qəzetinə verib, bu müsahibədə qəzetin fəaliyyətini çox yüksək dəyərləndirib. Həmçinin ulu öndər Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 75 illik yubileyində ölkə başçısı kimi qəzetə təbrik teleqramı ünvanlaması ölkə mətbuatı tarixində nadir hadisə idi.

Bildirilib ki, müstəqillik illərində muxtar respublikamızda mətbuatın inkişafı daim diqqət mərkəzində saxlanılıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yaradılması, “Şərq qapısı”nın 75, 80, 85, 90 illik yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, Ali Məclis Sədrinin media qurumlarının nümayəndələri ilə müntəzəm görüşlərində tapşırıq və tövsiyələrini verməsi, 2005-ci ildə Mətbuat Şurasının yaradılması, bu şuranın 2019-cu ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvü kimi fəaliyyət göstərməsi, “Şərq qapısı”nın indiki binasının istifadəyə verilməsi, saytının yaradılması və yenilənməsi, qəzetlərin rəngli formatla nəşrə başlaması, Naxçıvan Muxtar Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması və digər tədbirlər mətbuata göstərilən ən böyük diqqət və qayğıdır. Bu gün yalnız kağız formatında deyil, elektron şəkildə də istənilən şəxs muxtar respublikanın gündəlik həyat ritmini, inkişaf tempini, yenilikləri ictimai-siyasi prosesləri dünyanın istənilən nöqtəsindən çox rahatlıqla izləyə bilir. Jurnalistikaya olan dövlət qayğısı və media siyasətinin paralel şəkildə aparılmasının bir nümunəsi də gənc jurnalist kadr potensialının formalaşdırılmasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı isə jurnalistikaya, eyni zamanda yaradıcı mühitə, ziyalılığa verilən böyük qiymətdir.

Baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında qeyd edib ki, “Şərq qapısı” qəzeti həyata vəsiqə alan bir gündən xalqın maariflənməsinə, onun dünəninin, bu gününün öyrənilməsinə, Azərbaycan elmi və ədəbi mühitinin inkişafına böyük töhfələr verib. Həmişə tarixi amala, sarsılmaz əqidəyə xidmət edib, haqqın, ədalətin carçısı olub insanları saf ideallar uğrunda mübarizəyə səsləyib, Azərbaycançılıq məfkurəsinin həyata keçirilməsinə xidmət edib. Bu mətbu orqan hər bir oxucuda Azərbaycanın sabahına inam yaratmaq funksiyasını ləyaqətlə daşıyıb. Buna görədir ki, qəzet azad və demokratik cəmiyyətdə, Azərbaycanın mətbuat sistemində özünə layiqli yer tutub. “Şərq qapısı” kollektivi bu gün də üzərinə düşən şərəfli missiyanı uğurla davam etdirir.

Qeyd olunub ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan “Nuh yurdu” qəzeti də bu günün salnaməsinin yaradılmasında uğurlu fəaliyyət göstərir. Qəzet əməkdaşlarının milli dəyərlərimiz, dövlət gənclər siyasəti, ordu quruculuğu, vətənpərvərlik və digər mövzularda hazırladıqları məqalələr oxucular tərəfindən maraqla qarşılanır. Bütün bunlar Ali Məclis Sədrinin mətbuata göstərdiyi diqqət və qayğının təzahürüdür.

Rövşən Hüseynov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Hər bir jurnalist öz qələmi ilə Vətəninə, xalqına xidmət etməlidir” kəlamını xatırladaraq kütləvi informasiya vasitələri əməkdaşlarına bu yolda uğurlar arzulayıb.

Daha sonra “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qərib, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı-jurnalist, şair Asim Yadigar, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov və qəzetin İqtisadiyyat və təhlil şöbəsinin müdiri Səbuhi Həsənov çıxış edərək qəzetin nəşri tarixindən, müasir fəaliyyətindən danışıblar. Çıxış edənlər “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını mətbuat tariximizdə əlamətdar hadisə kimi dəyərləndiriblər.

Sonda “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qəribə, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin bir qrup əməkdaşına və qəzetlə fəal əməkdaşlıq edən qələm sahiblərinə fəxri fərman və hədiyyələr təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed