Şrift:
Adil Mahmudov: Azərbaycanda kiberidmanın sevilməsi bu sahənin inkişafının nəticəsidir
29.10.2021 [09:43] - Gündəm, İdman
Azərbaycanda kiberidmanın sevilməsi bu sahənin inkişafının nəticəsidir.

Bunu “Gaming League Azerbaijan”ın (GLA) rəhbəri Adil Mahmudov müsahibəsində deyib. Müsahibəni təqdim edirik.

- Pandemiya dövründə aktiv fəaliyyətini davam etdirən “Gaming League Azerbaijan” ötən həftə “Nizami E-Sport Arena”nı yenidən oyunçuların ixtiyarına verdi. İndi oyun zalında vəziyyət necədir?

- Bizə “Nizami E-Sport Arena”sı ilə əlaqədar çoxlu suallar ünvanlanırdı. Gördük ki, qısa müddətdə arena kiberidmanla maraqlanan insanların sevimli məkanına çevrilib. Sərt karantin rejimi dövründə arena bağlı qaldı. Artıq ölkənin ən böyük virtual oyunlar məkanı - “Nizami E-Sport Arena” yenidən qapılarını kiberidman həvəskarlarının üzünə açıb. Hər gün məkanda dünyanın ən populyar oyunlarında gücünüzü sınamaq imkanınız var. İlk gündən zalda boş yer tapmaq, demək olar ki, mümkünsüzdür. Bu fakt bizi sevindirməyə bilməz. Deməli, kiberidman sevilir.

- Arenanın özəlliyi nədədir?

- Bu arena Qafqazda kiberidman üzrə ən böyük oyun məkanıdır. “Nizami E-Sport Arena” təkcə oyun zalı deyil, həm də ünsiyyət məkanıdır. Paytaxtdan kənarda yaşayan insanlar burada yarışmaq üçün Bakıya gəlir və bu tendensiya aktuallığını daha çox qoruyacaq. Kiberidman həm yarış, həm də gələcəyə baxış formasıdır. Kiberidmanda yarışdığın zaman həm də istirahət edirsən.

- Hansı oyunlara daha çox müraciət edirlər?

- Bütün oyunlar sevilir. Amma FIFA, “Counter Strike” oyunlarında daha çox adam iştirak edir. Son zamanlar zalımızda xanım iştirakçıları da görmək olar. Yəni, kiberidmanın auditoriyası artır. Pandemiyadan öncə bu məkanda günün istənilən saatında maraqlı mübarizə izləmək mümkün idi. İndi məkan gecə yarısına qədər işləyir.

- Rəhbəri olduğunuz “Gaming League Azerbaijan”ın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bizim işimizə kənardan qiymət vermək daha doğru olardı. Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri keçirən “Gaming League Azerbaijan” bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Məhz buna görə kompüter oyunları üzrə milli çempionatlar təşkil olunur. Biz istəyirik ki, kiberidman gələcəkdə Olimpiya Oyunlarının proqramına daxil ediləcəyi halda ölkəmizin layiqli idmançıları olsun. Bu gün ölkəmizdə kiberidman sevilir. Bu münasibət inkişafın nəticəsidir.
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed