Şrift:
Həmədanda Qacarlar dönəminin memarlıq nümunələri dağıdılır
29.10.2021 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son bir neçə həftə içində Həmədan şəhərində bir neçə tarixi evin dağıdılması barədə yayılan məlumatlar mədəniyyət xadimləri, yerli əhali və güneyli fəalların etirazları ilə qarşılanıb.

İki gün öncə şəhərin “Ağacani beyg” məhəlləsində tarixi “Xancani” evinin dağıdılmasından sonra Həmədanın “Çürçürə” məhəlləsində yerləşən tarixi “Xoşbəxt” evinin uçurulması Qacarlar dönəminə aid olan memarlıq nümunələrinin aradan aparılmasına cəhd kimi dəyərləndirilir.

Adı çəkilən tarixi tikilinin dağıdılması İranın milli əsərlər siyahısına salınmaq üçün sənədlərinin hazırlanaraq mərkəzə göndərildiyi bir vaxtda baş verib.

Həmədandan olan mədəni irs fəalı Hüseyn Zəndi mətbuata verdiyi müsahibədə hadisənin Mədəni İrs Nazirliyi ilə Həmədan əyalətinin Mədəni İrs Baş İdarəsi arasında əlaqəli fəaliyyətin olmamasından irəli gəldiyini deyib.

“Mədəni İrs Nazirliyi ilə Həmədan əyalətinin Mədəni İrs Baş İdarəsi arasında kordinasiyalı əməkdaşlığın olmaması ucbatından tarixi və mədəni əsərlər məhv edilir”-deyə, Zəndi bildirib.

Bu son bir ay yarımda Həmədanda dağıdılan dördüncü tarixi tikilidir. Bundan öncə daha üç tikili, "Zəfər" məktəbi, “Doktor Şiri evi” və “Xancani evi” uçurulub.

Məsələ ilə bağlı Həmədan şəhərinin bələdiyyə idarəsi, şəhər şurası və Mədəni İrs baş İdarəsi arasında qarşıdurma yaranıb.

Adı çəkilən qurumlar tarixi tikililərin dağıdılmasında bir-birlərini ittiham edir, məsuliyyəti öz üzərindən atmağa çalışır.

Həmədanın Mədəni İrs, Türizm və Əl İşləri Təşkilatı tarixi tikili və abidələrin dəyərləndirilməsinin onların işi olduğunu, ancaq tikililərin qorunması və saxlanılması ilə bağlı məsuliyyətin bələdiyyə üzərinə düşdüyünü iddia edir.

Bununla bağlı açıqlama yayan Həmədan əyalətinin Mədəni İrs, Türizm və Əl İşləri Təşkilatınının başçısı Əli Malmir bələdiyyə idarəsini günahlandırıb.

Tarixi və mədəni dəyəri olan tikililər barədə əsasən Həmədan bələdiyyəsinə məlumat verilir. Bu isə bir çox hallarda Mədəni İrs Təşkilatının müdaxiləsinə icazə vermədən tarixi tikililərin uçurulması ilə nəticələnir”-deyə, Malmir Həmədan bələdiyyəsinin tarixi abidələrə qarşı məsuliyyətsiz davranışını qınayıb.

Qeyd edək ki, Həmədanda 1830 tarixi abidə. əsər və mədəni irs mövcuddur. Bunlardan 1000-i mədəni əsərlər siyahısında qeydə alınıb.

Hal-hazırda Həmədan şəhərində 35 tarixi tikili və ev var. Onlar bələdiyyə idarəsi və başqa dövlət qurumlarının laqeydliyi ucbatından dağıdılmaq təhlükəsi ilə qarşılaşıblar.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed