Şrift:
Seulda "Qarabağ Azərbaycandır!" adlı məlumatlandırma aksiyası keçirilib
16.11.2021 [10:56] - Xəbərlər, Siyasət, Diaspor
Koreya Respublikasının paytaxtı Seulda "Qarabağ Azərbaycandır!" adlı məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi, “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş kampaniya ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ildönümünə həsr olunub.

Paytaxtın Seodomun rayonunun mərkəzi küçəsi olan və ictimaiyyətin, xüsusilə gənclərin sıx toplaşdığı Şinçon ərazisində qurulmuş təbliğat köşkündə yerli və əcnəbi ziyarətçilər “Karabakh is Azerbaijan!” banerinin önündə fotolar çəkdirərək onları özlərinin sosial media hesablarında Koreya və ingilis dillərində “Karabakh” və “Azerbaijan” həştəqləri ilə paylaşıblar.

Tədbirdə, həmçinin Zəfər Günü ilə əlaqədar Koreya dilində hazırlanmış broşürlər paylanıb, Koreya dilində Şuşa, Xarıbülbül və Azərbaycan haqqında informativ banerlər nümayiş olunub. Qonaqlar Azərbaycanın nar şirələrindən dadma imkanı da əldə ediblər. Şirələrin təqdim olunduğu kağız stəkanların üzərində Xarıbülbül loqosu həkk olunub.

Tədbir boyu monitorlarda Azərbaycan, xalqımızın Zəfəri haqqında videoçarxlar nümayiş etdirilib.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov köşkə baş çəkən Seodemun rayonunun meri Mun Seok Jinə Azərbaycan haqqında, şanlı Zəfərimiz barədə məlumat verib. Mer təbliğat kampaniyasına uğurlar arzulayıb.
Bu xəbər oxucular tərəfindən 26461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed