Şrift:
Siyamək Babanejad: «Çillə gecəsi Güney Azərbaycanda ən sevilən və hər ailədə qeyd edilən bayramlardan biridir»
26.12.2012 [15:51] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Nəvid Sultani: «Bütün İranda keçirilsə də, Çillə Azərbaycanın milli bayramıdır»

Babək Təbrizi: «Qürbətdə olsaq da, bayramlarımızı yaşatmağa çalışırıq»

Güney Azərbaycanda Çillə gecəsidir. Qədim tarixi olan bu bayram Güney Azərbaycanın hər yerində qeyd olunur. «Buludunuz yağar, suyunuz axar, ocağınız yanar olsun. Yuxunuz şirin, ürəyiniz dərin, ömrünüz Çillə gecəsi kimi uzun olsun. Çillə gecəniz qutlu olsun». Bu cümlələr son günlərdə Güney Azərbaycan şəhərlərində ilin ən uzun gecəsi münasibətilə cib telefonlarının arasında gəzən SMS-lərdən biridir. «Google» axtarış saytında ərəb və latın qrafikalı əlifba ilə «çillə gecəsi» yazanda bu və buna bənzər bir çox SMS mətnlərinə rast gəlmək mümkündür. Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Çillə şənlikləri hicri-şəmsi təqvimində Azər ayının sonu, milad təqvimində isə dekabrın 20-si, ya da 21-də keçirilir. Ancaq Güney Azərbaycan şəhərlərində bu gecə üçün hazırlıqlar ən azı bir həftə əvvəldən başlayır. Şəhər mərkəzlərində meyvə və şirniyyat dükanları izdihamlı olur. Bayramın əsas atributu qarpız hesab olunur. Bu baxımdan bayram süfrəsində mütləq bu tərəvəz olmalıdır. Lakin Güney Azərbaycanın bəzi bölgələrində qarpızdan başqa, həmin bölgələrə məxsus olan şirniyyat və meyvələr də çillə süfrəsinin ayrılmaz hissəsi olub. Məsələn, Savə şəhərində nar, Urmiyada isə qoz halvası və keşir halvası bu bayramın əsas atributlarındandır. Adətə görə, qohum-əqraba ağsaqqalların evinə bayramlaşamağa gedər, orada da Çilləni qeyd edərlər. Lakin bayramla müşahidə olunan mənfi hal isə Çillə gecəsi yaxınlaşdıqca bazarda qiymətlərin qalxmasıdır. İran xəbər agentliklərinin yazdığına görə, bu il çillə ərəfəsində bir çox şəhərdə, o cümlədən azərbaycanlıların yaşadığı Zəncan, Savə, Həmədan və Ərdəbil kimi şəhərlərdə dövlət bazardakı qiymətlər üzərində nəzarəti gücləndirib. Bəzi şəhərlərdə bazarda xalqın istədiyi qədər mal olmadığına görə qiymətlərə nəzarət etmək mümkün olmayıb. Zəncan şəhər Meyvə və Tərəvəzçilər Birliyinin sədri Fərəməz Cavadinin dediyinə görə, Zəncanda adətən, çillə gecəsi qarpız satışlarının həcmi təqribən 1000 ton olsa da, bu il Zəncan bazarında sadəcə 400 ton qarpız var. Bu isə qiymətin bahalaşmasına səbəb olur. Lakin qiymətlər nə qədər bahalaşsa da, Güney Azərbaycanda hər ailə bu bayramı qeyd edir. Qeyd edək ki, Çillə gecəsi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında və Türkiyənin Van, Qars və İğdır vilayətlərində də qeyd edilir. Güney Azərbaycanın önəmli bayramlarından olan Çillə gecəsi bu gün qürbətdə yaşayan güneyli soydaşlarımız tərəfindən də keçirilir. Bu baxımdan bu dəfə milli mədəniyyətimizdə xüsusi yeri olan Çillə gecəsi haqqında yazmaq istədik. Bu bayramla bağlı daha ətraflı məlumat əldə etmək üçün güneyli soydaşlarımızla həmsöhbət olduq. İlk müraciət etdiyimiz əslən Ərdəbildən olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Siyamək Babanejad oldu. O, bayram xatirələrini belə bölüşdü: «Güney Azərbaycanda ən sevilən və hər ailədə qeyd edilən bayramlardan biri də Çillədir. Güney Azərbaycanda yaşayanda Çillə ən sevdiyim bayramlardan biri idi. Bütün qohumlarımız bizim evə yığılardı. Çünki nənəm bizimlə yaşayırdı. Adətlərə görə, bayramı qeyd etmək üçün nənə-babanın olduğu evə yığılardılar. Çillədə mütləq qarpız kəsilərdi. Hətta bizdə belə bir deyim vardı: «Kim Çillədə çox qarpız yesə, qışda üşüməz». Gözəl günlər idi. Hər kəs bayramlaşardı. Hər bir bayramın ictimai mahiyyəti də var. Həmin günlər qohum-əqraba bir yerə yığılar, nəsillər arasında mənəvi bağ yenilənərdi. Doyanadək qarpız yeyərdik. Qarpızı kəsməyin də öz mərasimi vardı. Yadıma düşəndə həmin bayramlar üçün darıxıram. Vətənin bayramı da başqa cür keçir».
Əslən Urmiyadan olan, hazırda isə Türkiyədə yaşayan başqa bir siyasi mühacir Nəvid Sultani də Güney Azərbaycanda keçirdiyi Çillədən danışdı: «Uşaqlıq illərimdə Çillə bayramını səbirsizliklə gözləyərdim. Novruz kimi sevilən bayramdır. Bayramlarda qohum-əqraba nəslin ağsaqqalının, ağbirçəyinin başına yığılarlar. Qohumlar bir-birinin evinə bayramlaşmağa gedərlər. Süfrədə qarpız, nar, halva olar. Ən önəmlisi isə qarpızdır. Qarpız süfrədə mütləq olmalıdır. Əvvəllər Çillədə kəsmək üçün qarpızları yaydan samanlığın içərisində saxlayardılar. İndi isə dükanlardan alırlar. Çillədə ən maraqlısı qarpızın kəsilməsi idi. Uşaqlarla fikirləşirdik ki, görəsən qarpız necə çıxacaq? Qırmızı, yoxsa ağ olacaq? Adətən, hər Çillədə bir neçə qarpız kəsilərdi. Hansı qarpız daha keyfiyyətli çıxsa, qonaqlara ondan təklif edilərdi. Çillə təqvimdə ən uzun gecədir. Gecə saatlarınadək bayram davam edərdi. Onu da deyim ki, Çillə yalnız Güney Azərbaycanda deyil, İranda da qeyd edilir. Farslar da bu bayramı keçirsələr də, Çillə Azərbaycanın milli bayramıdır. Mən Vətəndən uzaq yaşasam da, indi də bütün milli bayramlarımızı qeyd edirəm. Bayramlar bizim milli mədəniyyətimizin və adət-ənənələrimizin bir parçasıdır. Harada yaşamağımızdan asılı olmayaraq, milli dəyərlərimizi yaşatmaq hər bir Azərbaycan türkünün mənəvi borcudur. Türkiyədə yaşasaq da, adətlərimizə uyğun qarpız alıb bayramı qeyd etdik. Ailədə milli bayramlarımz qeyd olunmalıdır ki, böyüyən yeni nəsil dəyərlərimizdən, adət-ənənlərimizdən xəbərsiz olmasın».
Əslən Təbrizdən olan, hazırda isə Almaniyada siyasi mühacir həyatı yaşayan Babək Təbrizli ilə də həmsöhbət olduq. O da Çillə ilə bağlı xatirələrini bizə danışdı: «Ailəmizin ən böyüyünün evinə yığışardıq. Ağsaqqallarımız keçmiş xatirələrdən danışardılar. Bayatı, şeir deyərdilər. Çillə bayramında qarpız kəsilər, nar süfrəyə qoyular, pişmaniyə yeyərdik. Çillə gecəsi çox şən keçərdi. Hamı deyib-gülər, əylənərdi. İndi Almaniyada yaşayıram. Burada da dost-tanışlarımızla yığılıb bu bayramı qeyd edirik. Bayrama xas yeməkləri, şirniyyatı burada tapmaq çətin olsa da hazırlayırıq. Bu bayramda da mənim qonaqlarım vardı. Bayram gecəsində qarpız kəsib, nar yedik. Hətta süfrəmizdə pişmaniyə də vardı. Təssüflər olsun ki, Azərbaycan televiziyaları Çillə münaisbətilə bayram verilişləri yayımlamır. Lakin biz özümüz milli mahnıları oxutduq, bayramda tam milli abu-hava yaratmağa çalışdıq. Burada yaşayan soydaşlarımızla birgə bayram keçirəndə, bir yerə yığılanda qürbətdə yaşadığımızı bir anlıq unuduruq. Uşaqlıqda Çillə günü qar yağması bizi çox sevindirərdi. Güclü qar yağar, hər tərəf ağ libasda olardı. Bayramlaşandan sonra babamgildən evimizə qayıdardıq. Yolda qarı görəndə sevinərdik. Babalarımız isə deyərdilər ki, bu, təbiətin ənənəsidir. Biz də inanardıq ki, Çilləyə qədər qar yağmasa da, bayram gecəsi mütləq yağmalıdır. İndi də Çillə gecələrində yağan qarın altında dayanıb keçmiş günlərimizi yada salırıq».

Milli fəal asılmış vəziyyətdə tapılıb

İran təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən oğurlanan, daha sonra isə ölü tapılan Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Nasir Xanzadəylə bağlı olayın təfərrüatları açıqlanıb. «Oyannews»un məlumatına görə, Nasir Xanzadə milli hərəkatın mətbuat və yayım üzrə nümayəndəsi kimi fəaliyyət göstərib. Soydaşımız Azərbaycan Respublikasında çap olunan mədəni, tarixi və dilçiliklə bağlı kitabların Güney Azərbaycanda təkrar nəşrilə məşğul olub. Noyabrın 28-də birdən-birə yoxa çıxan Nasir Xanzadənin ailəsi çox axtarışdan sonra onun izini «Ettelaat»ın Təbriz şöbəsində tapıb. Ancaq milli fəalın ailəsilə görüşü günlər sonra, yəni dekabrın 7-ə təyin olunub. Lakin həmin gün Hasir Xanzadənin ailəsi görüş üçün gəldikdə onlara milli fəalın orada olmadığı bildirilib və əlavə heç bir məlumat verilməyib. Qısa müddət sonra Nasir Xanzadənin cəsədi Təbrizin «Yekə dükan» məhəlləsində xaraba evin tavanından asılı vəziyyətdə tapılıb. Onun bədənində işgəncə izləri aydın görünüb. Onun yaxın dostlarından birinin sözlərinə görə, Nasir Xanzadə ölümündən bir neçə saat əvvəl onunla əlaqə yaradaraq şöbədən buraxıldığını bildirib. Milli fəallar onun şöbədən buraxıldıqdan sonra öldürüldüyü və olaya intihar görüntüsü verildiyi qənaətindədir. Hasir Xanzadənin ailəsinə bu barədə mətbuata hər hansı açıqlama vermək qadağan edilib.

Xoy-Konya əlaqələri genişləndirilməlidir

Güney Azərbaycanın Xoy şəhərini İran parlamentində təmsil edən deputat, doktor Müəyyid Hüseyni Sədr Xoy və Türkiyənin Konya şəhərlərii arasında əlaqələrin genişlənməsini istəyib. İki şəhəri bir-birinə bağlayan VIII əsr öncə Xoyda torpağa tapşırılmış tanınmış sufi alim və şair Şəms Təbrizi və onun Konyada yatan şagirdi Cəlaləddin Rumidir. Müəyyid Hüseyni Sədr əsasən İran və Türkiyə arasında mədəni əlaqələrin dərinləşdirilməsinin zərurətindən danışıb. O, həmçinin Xoy və Van şəhərləri arasındakı Qapıköy-Razi sərhəd qapısının yenidən açılmasıyla əlaqələrin genişlənməsinə ümid etdiyini bildirib.
Konyanın Mövlanə muzeyinin sədr müavini, doktor Naci Bakırcı isə Xoy şəhərinin zəngin bir mədəni keçmişə sahib olduğuna inandığını deyib. O əlavə edib ki, bir il öncə Konyada keçirilən Xoy şəhərini tanıtma konfransı və Xoyda keçirilən Mövlanə Cəlaləddin Rumi seminarı bu iki şəhər əlaqələrində yeni bir başlanğıc olub.
Tarixi mənbələrə görə, Xoyda Şəms Təbrizi türbəsi yanında yerləşən vəhşi qoç buynuzları ilə bəzədilən minarə Səfəvilər dövründə Şah İsmayılın əmri ilə tikilib. Vebsəhifələr Xoy və Güney Azərbaycanın başqa bölgələrinin turizm potensialına yetərincə diqqət göstərilmədiyini yazırlar. Belə ki, Konya şəhəri ildə on minlərlə Mövlanə Cəlaləddin Rumi və Şəms Təbrizi heyranlarını qarşılayır, Xoyda isə Şəms Təbrizi türbəsində səssizlikdir.

Azərbaycanlı məhbuslara qarşı təzyiqlər artıb

Təbrizin mərkəzi həbsxanasında azərbaycanlı siyasi məhbuslara qarşı təzyiqlər artıb. Belə ki, həbsxana məsulları azərbaycanlı fəalları müxtəlif formada cəzalandırır. Məhbuslar zindan məsulları tərəfindən döyülür, işgəncəyə məruz qalır və davamlı şəkildə təhqir edilir. Bu təzyiqlər bir neçə gün öncə azərbaycanlı fəalların Məsud Hüseynzadənin döyülməsinə etiraz etməsindən sonra daha da kəskinləşib. Təbrizin mərkəzi həbsxanasının məsulları «Ettelaat»la əməkdaşlıq nəticəsində azərbaycanlı fəallara qarşı fiziki və mənəvi təzyiqlər göstərir və bununla da onları öz məhbus hüquqlarını tələb etməkdən çəkindirmək istəyirlər. Bu təzyiqlərin daha çox azərbaycanlı fəallar Əziz Purvəli və Mehdi Həmidi Şəfiqə yönəldiyi görünür. Məlumata görə, «Ettelaat»dan göstəriş alan zindan məsulları hər gün azərbaycanlı fəalların şəxsi əşyalarını yoxlamaqla yanaşı, həm də onların əqidə və mövqelərini öyrənməyə çalışırlar. Bütün bunlar isə islahatçılıqdan və insan haqlarından dəm vuran qurumların və medianın diqqətini cəlb etmir. Onlar da İran hakimiyyətilə birlikdə azərbaycanlı siyasi məhbusları informasiya blokadasında saxlayır və bütün bunlara göz yumurlar.

Turqut
Bu xəbər oxucular tərəfindən 1450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed