30.12.2021 [09:57] - Xəbərlər, Siyasət
Dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.
1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi
5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
MƏRUZƏSİ
Hörmətli deputatlar və sessiya iştirakçıları.
Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyev yoluna sədaqət davamlı və kompleks inkişafı təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında kompleks inkişaf davam etdirilmiş, əməkhaqları artırılmış, yüksək rifaha nail olunmuş, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmişdir.
Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin ən mühüm hadisəsi mayın 10-da ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri olmuşdur. Səfər zamanı dövlət başçısı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad rayonunun və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışında iştirak etmiş, Asan Xidmət Mərkəzinin və Ordubad Su Elektrik Stansiyasının tikintisi, Ordubadda dəmiryolu stansiyasının yenidən qurulması ilə tanış olmuşdur.
Ölkə Prezidenti Naxçıvandakı inkişafı qiymətləndirərək demişdir: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir... Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.
Hörmətli sessiya iştirakçıları!
2021-ci ildə muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuş, daxili imkanlardan səmərəli istifadə edilmiş, müdafiə, ərzaq və enerji təhlükəsizliyinə diqqət artırılmış, sosial layihələrin əhatə dairəsi genişləndirilmişdir.
İqtisadiyyatın əsas inkişaf göstəricisi sayılan ümumi daxili məhsul istehsalı 2020-ci illə müqayisədə 2021-ci ildə 2,4 faiz artaraq 3 milyard manatdan çox olmuşdur. Onun hər bir nəfərə düşən həcmi 6525 manat təşkil etmişdir ki, bu da 2020-ci ildəki göstəricidən 3,4 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşmüşdür.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi və əlverişli biznes mühitinin yaradılması muxtar respublikanın istehsal potensialını və məşğulluq səviyyəsini yüksəltmişdir. Cari ildə sahibkarlara 31 milyon manata yaxın kredit verilmişdir. Göstərilən maliyyə dəstəyi nəticəsində 120 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, il ərzində 52 hüquqi və 2389 fiziki şəxs dövlət qeydiyyatına alınmışdır.
Özəl sektorun inkişafında və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında sənaye mühüm yer tutur. Muxtar respublika iqtisadiyyatında aparıcı sahələrdən biri kimi sənayenin inkişafına və infrastrukturun yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmiş, Duzdağda yeni şaxta istifadəyə verilmiş, müasir istehsal müəssisəsinin qurulması davam etdirilmişdir. Görülən işlərin nəticəsidir ki, 2021-ci ildə istehsal olunan sənaye məhsulunun həcmi artaraq 1 milyard 69 milyon manatdan çox olmuşdur ki, bunun da 92 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Kənd təsərrüfatını inkişaf etdirmədən nə ərzaq təhlükəsizliyindən, nə də iqtisadi inkişafdan danışmaq mümkündür. Çünki aqrar sektor bir tərəfdən sənaye müəssisələrini xammalla təmin edir, digər tərəfdən isə özünüməşğulluğu təşviq edir, yerli istehsalın həcmi artır, daxili bazar qorunur. 2021-ci ilin məhsulu üçün muxtar respublikada 64 min hektardan artıq sahədə əkin aparılmışdır. Əkilmiş sahələrin 32 min 721 hektarını taxıl təşkil etmiş, zəmilərdən 103 min tondan artıq məhsul yığılmışdır.
Qarğıdalı əkinlərinə də diqqət artırılmış, məhsulun vaxtında toplanması üçün tədbirlər görülmüş və tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmuşdur. 2021-ci ildə 2150 hektar qarğıdalı sahəsindən 21 min tona yaxın məhsul tədarük edilmiş, hər hektarın orta məhsuldarlığı 96 sentner olmuşdur. Bostan-tərəvəz məhsullarına olan tələbat da nəzərə alınmış, muxtar respublika üzrə 6203 hektar sahədə tərəvəz, 2479 hektar sahədə bostan əkinləri həyata keçirilmiş, 102 hektar yeni meyvə bağı salınmışdır. Bundan başqa, 3470 hektar sahədə kartof, 52 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə 7 və 16 faiz çoxdur.
Toxumçuluq inkişaf etdirilmədən əkinçilikdə uğur qazanmaq mümkün deyil. Ona görə də muxtar respublikada torpaq mülkiyyətçilərinin məhsuldar və yerli iqlim şəraitinə uyğun toxumlarla təminatı sahəsində ardıcıl tədbirlər görülür. 2021-ci il iyulun 15-də “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin yaradılması muxtar respublikada toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsi və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Kənd təsərrüfatının davamlı inkişafı torpaq mülkiyyətçilərinin və fermerlərin müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təminatını zəruri edir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2021-ci ildə 327 müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınmış, 346 texnika lizinq və nağd yolla satılmış, məhsul istehsalçıları 7 min tondan artıq mineral gübrə ilə təmin olunmuşdur.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin qurulması və münbitliyin artırılması əkinçiliyin inkişafında mühüm əhəmiyyət daşıyır. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nın icrası diqqətdə saxlanmış, Kəngərli rayonunun Böyükdüz kəndində 363 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilmişdir. Şahbuz rayonunun Külüs, Nursu və Mahmudoba kəndlərinin ərazisində 340 hektar sahəni su ilə təmin edən nasos stansiyasının tikintisi başa çatdırılmışdır. Hazırda həmin ərazidə qapalı suvarma şəbəkəsi qurulur. Həmçinin tədbirlər planına əsasən ötən dövrdə muxtar respublikanın şəhər və rayonlarında dövlət ehtiyat fondu və qış otlaq sahələri üzrə 8583 hektar əkinəyararsız torpaq sahələri xəritələşdirilmiş, muxtar respublika ərazisindəki 214 kilometr kanalın və 429 kilometr kollektor-drenaj şəbəkəsinin əhatə etdiyi ərazilərin topoqrafik planları hazırlanmışdır.
Ərzaq təminatında xüsusi çəkiyə malik olan heyvandarlığın inkişafına diqqət artırılmış, cari ildə bu sahə ilə məşğul olanlara 13 milyon 494 min manatdan çox kredit verilmişdir. Məhsuldarlığın yüksəldilməsində mal-qaranın cins tərkibinin yaxşılaşdırılması vacib amildir. Babək rayonunda Süni Mayalanma Mərkəzinin fəaliyyətə başlaması bu sahədə mühüm əhəmiyyətə malik olmuşdur.
Kənd təsərrüfatının inkişafında arıçılıq mühüm rol oynayır. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam etdirilmiş, cari ilin ötən dövründə arıçılara 505 min manat kredit verilmişdir. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi davam etdirilmişdir. 2021-ci ilin sonuna muxtar respublikada arı ailələrinin sayı 100 mindən artıq olmuşdur. Dövlət Proqramı üzrə görülən işlər, xüsusilə Naxçıvan şəhərində “Arıçılıq məhsulları-bal” yarmarkasının keçirilməsi istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir.
Sağlam heyvandarlıq məhsulu istehsalında başlıca şərt baytarlıq xidmətinin düzgün təşkil olunmasıdır. Muxtar respublikada baytarlıq təbabəti sahəsində görülən işlər, yaradılan infrastruktur bu sahədə müsbət nəticələrin qazanılmasına səbəb olmuş, heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısı alınmışdır. Ali Məclis Sədrinin “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 4 oktyabr tarixli Fərmanı isə xidmətin təşkilində yeni yanaşma ortaya qoymuş, özəl baytarlıq məntəqələri yaradılmağa başlanılmışdır.
Ailə təsərrüfatları iqtisadiyyatın inkişafında və özünüməşğulluğun təmin olunmasında uğurlu modeldir. Cari ildə ailə təsərrüfatlarına 1 milyon 221 min manatdan çox güzəştli kredit verilmiş, istehsal olunmuş məhsulların satışına dəstək göstərilməsi məqsədilə “Ailə təsərrüfatı məhsulları” yarmarkası keçirilmişdir.
Ümumilikdə 2021-ci ildə muxtar respublikada 573 milyon 380 min manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2020-ci illə müqayisədə 5,3 faiz çoxdur.
Muxtar respublikada ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması və artırılması diqqətdə saxlanılmış, keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində 342 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 330 mindən çox ağac və gül kolu əkilmişdir. Hazırda tingçilik təsərrüfatlarında yetişdirilən meyvə və həmişəyaşıl tinglər, gül və bəzək kolları daxili tələbatı tam ödəyir.
Muxtar respublikada inkişafı xarakterizə edən əsas cəhətlərdən biri də tikinti-quruculuq işlərinin həcminin ilbəil artmasıdır. Hər il yaşayış məntəqələrində yeni inzibati binaların və sosial obyektlərin istifadəyə verilməsi, yeni yolların çəkilməsi əhalinin rahat yaşayışına xidmət edir. 2021-ci ildə muxtar respublikada 312 sosial və inzibati obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 168 obyektdə tikinti və yenidənqurma işləri isə davam etdirilmişdir.
Əhalinin içməli su təminatının yaxşılaşdırılması aparılan quruculuq işlərinin əsasını təşkil edir. Cari ilin ötən dövründə 141 kilometr içməli su xətti çəkilmiş və 45 kilometrə yaxın xətt təmir olunmuş, müxtəlifölçülü 6 kaptaj tikilmiş, 11 kəhrizin bərpası başa çatdırılmışdır.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi tədbirləri də davam etdirilmiş, 122 kilometr uzunluğunda yeni asfalt yol salınmış, 1 körpünün tikintisi, 5 körpünün isə təmiri başa çatdırılmışdır. 2021-ci ildə muxtar respublikada dəmir yolu nəqliyyatı ilə 41 min tondan artıq yük və 117 minə yaxın sərnişin daşınmışdır.
Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi sahəsində kompleks işlər həyata keçirilir. 2021-ci ildə 32 min metrdən çox fiber-optik və 100 min metrdən çox rabitə xətləri çəkilmiş, yaşayış məntəqələrində 3648 nömrə tutumlu 8 ATS, Sədərək Rayon Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilmiş, 6300-dən artıq yeni internet istifadəçisi qeydiyyata alınmış, 6 yeni poçt bölməsi yaradılmışdır.
Son illər muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması və elektroenergetika infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzindədir. Xüsusilə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə abonentlərin elektrik enerjisi ilə dayanıqlı təminatına və ucuz enerji istehsalına səbəb olmuşdur. Bu sahədə görülən işlər cari ildə də davam etdirilmiş, 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyası və Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilmiş, Şahbuz rayonunda 3 kəndin elektrik sistemi yenidən qurulmuş, Ordubad rayonunda 32 meqavatlıq “Ordubad” Su Elektrik Stansiyasının, Şərur rayonunda isə Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.
Təbii qaz təchizatı sisteminin müasirləşdirilməsi də diqqətdə saxlanılmış, Naxçıvan Qaz-Kompressor Stansiyası istifadəyə verilmişdir.
İnkişafın ən mühüm nəticələri təhsil infrastrukturunun yenilənməsində özünü göstərir. 2021-ci ildə Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin binası yenidən qurulmuş, yeni mərkəz, kabinə və laboratoriyalar yaradılmış, Naxçıvan şəhərində yeni tələbə yataqxanasının açılışı olmuşdur. Babək rayonunun Araz kəndində 88, Göynük kəndində 88, Şərur rayonunun Şəhriyar kəndində 224, Dərvişlər kəndində 198, Ordubad rayonunun Nüsnüs kəndində 414, Aşağı Əndəmic kəndində 252, Dırnıs kəndində 216, Vələver kəndində 198, Ordubad şəhərində 612 şagird yerlik məktəb binaları və Şərur rayonunun Şəhriyar kəndində uşaq musiqi məktəbi istifadəyə verilmişdir.
Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının yaradılması, Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin, “STEAM” Tədris Mərkəzinin, Babək rayonunun Sirab və Ordubad rayonunun Pəzməri kəndlərində məktəb binalarının, Şərur rayonunun Çərçiboğan kəndində uşaq musiqi məktəbi binasının, Naxçıvan şəhərində uşaq bağçasının tikintisi, Naxçıvan Dövlət Universitetinin rektorluq binasının, Şərur rayonunun Çərçiboğan kəndində məktəb binasının yenidən qurulması davam etdirilmişdir.
Gənc nəslin təhsilə yiyələnməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsiz qalmamış, 2021-ci ilin qəbul imtahanında iştirak edən abituriyentlərin 1963-ü ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmış, muxtar respublikanın qəbul göstəricisi 73 faiz olmuşdur. Qəbul imtahanlarının nəticəsinə əsasən 261 nəfər 500-dən yuxarı bal toplamışdır. Yüksək nəticə ilə tələbə adını qazananlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür.
Ötən dövrdə muxtar respublikada əhalinin sağlamlığının etibarlı təmin olunması məqsədilə tədbirlər həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, Modul Tipli Xəstəxana, Ordubad Rayon Uşaq Xəstəxanası, Şərur, Culfa və Şahbuz rayonlarının Gigiyena və Epidemiologiya şöbələri, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz və Göynük kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilmiş, muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili təqdim olunmuş, Şərur rayonunun Çərçiboğan kəndində həkim ambulatoriyasının tikintisi davam etdirilmişdir.
İcbari tibbi sığortanın tətbiqi əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da artırmışdır. 2021-ci ildə Cəhri və Nehrəm qəsəbə, eləcə də Aralıq kənd sahə xəstəxanalarında da icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 21 tibb müəssisəsi icbari tibbi sığortanın tətbiqində iştirak edir. 2021-ci ildə muxtar respublikada 219 minə yaxın sakin icbari tibbi sığortadan istifadə etmişdir.
Milli və mənəvi dəyərlərin yaşadılması, tarixi-dini obyektlərin bərpası və gələcək nəsillərə çatdırılması sahəsində də tədbirlər həyata keçirilir. 2021-ci ildə Ordubad rayonunun Nüsnüs kəndində su dəyirmanı və Cəhri qəsəbəsində yeni məscid istifadəyə verilmiş, Naxçıvan şəhərində yeni məscidin tikintisi və Ordubad Cümə məscidinin bərpası davam etdirilmişdir.
Cari ildə Şərur, Sədərək və Kəngərli rayonlarında Bayraq meydanları, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilmiş, Kəngərli rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin, Naxçıvan şəhərində Uşaq Kitabxanasının, Şərur Rayon Mədəniyyət Sarayının tikintisi, Mərkəzi Kitabxana və Uşaq Kitabxanası binasının yenidən qurulması davam etdirilmişdir.
2021-ci ildə muxtar respublikanın maliyyə sektorunda da tədbirlər diqqətdə saxlanmış, dövriyyədə olan nağd pul kütləsinin azaldılması, nağdsız əməliyyatların həcminin artırılması, elektron ödəniş sistemlərinin geniş tətbiqi üçün tədbirlər görülmüşdür. 2021-ci ildə fiziki və hüquqi şəxslər üçün 186 mindən çox bank hesabı açılmışdır ki, bunun da 94 faizi işlək hesablardır. Ticarət və xidmət müəssisələrində olan 1507 POS-terminal vasitəsilə nağdsız ödənişlərin aparılması təmin edilmişdir.
Muxtar respublikada pandemiya ilə mübarizə tədbirləri də davam etdirilmiş, yaşayış məntəqələrində qrafik əsasında dezinfeksiya işləri aparılmış, əhali peyvəndə cəlb olunmuş, lazımi dərman ehtiyatı yaradılmış, epidemioloji sabitlik qorunub saxlanılmışdır.
Bu dövrdə sosial qayğıya ehtiyacı olan 330 ailənin özünüməşğulluğu təmin olunmuşdur.
Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlarda və aparılan quruculuq işlərində gənclərin mənzillə təminatı xüsusi yer tutur. 2021-ci ildə muxtar respublikada bu məsələ diqqətdə saxlanılmış, “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və banklar tərəfindən, ümumilikdə, 191 ailəyə 7 milyon manatdan artıq ipoteka krediti verilmişdir.
Naxçıvanda bədən tərbiyəsi və idmanın kütləvi hal almasına, ən əsası isə gənclərin fiziki inkişafına xüsusi diqqət yetirilir. 2021-ci ildə idman infrastrukturlarının yaradılması sahəsində işlər davam etdirilmiş, Uzunoba Təlim-Məşq İdman Kompleksi və Ordubad Şəhər Stadionu istifadəyə verilmişdir. İl ərzində keçirilən ölkə və beynəlxalq səviyyəli idman yarışlarında muxtar respublika idmançıları, ümumilikdə, 82 medal qazanmışlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il sentyabrın 23-də “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalamış, 1 milyon manat vəsait ayrılmışdır. Həmçinin 2020-ci il dekabrın 14-də muxtar respublikada Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılmışdır. 2021-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış və dəstək fondunun vəsaitləri hesabına muxtar respublikada 28 şəhid ailəsi və qazi mənzillə, 28 Vətən müharibəsi iştirakçısı avtomobillə təmin olunmuş, müvafiq kateqoriyadan olan 23 şəxsin müalicə və müayinəsinə köməklik göstərilmiş, şəhid ailələri və qazilərdən 17-nin kredit borcu ödənilmiş, 25-nin isə mənzilləri təmir olunmuşdur.
Əhalinin rahat yaşayışının təmin edilməsi tədbirləri çərçivəsində yaşayış məntəqələrinin inzibati ərazi bölgüsündə dəyişikliklərin aparılması zərurətə çevrilmişdir. Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanununa əsasən Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikasında yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, onlar üçün əlverişli şərait yaratmışdır. Cari ildə muxtar respublika bələdiyyələrinə 31 texnika və 2 avtomobil verilmişdir.
2021-ci ildə Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər davam etdirilmiş, muxtar respublikanın müdafiə potensialı daha da möhkəmləndirilmişdir. Naxçıvan şəhərində Mərkəzi Hərbi Hospitalın, qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, aerodrom kompleksinin, təlim meydanının tikintisi başa çatdırılmış, Şahbuz rayonunda zabit-gizir ailələri üçün xidməti yaşayış binasının tikintisi davam etdirilmişdir.
Şərur rayonunda 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmiş, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman kompleksinin, 5-ci Sərhəd Zastavası üçün infrastruktur obyektlərin tikintisi, 1-ci Sərhəd Komendantlığı binasının və Nehrəm Təlim Mərkəzinin yenidən qurulması və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmiş, 20 ildən artıq qüsursuz xidmət edən 2 hərbçiyə mənzil verilmişdir.
Əhali arasında hüquq maarifi və profilaktiki tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılmışdır.
Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada məskunlaşmanın və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı artaraq 463 min nəfər olmuşdur.
2021-ci ildə muxtar respublikada Qars müqaviləsinin 100 illiyi və Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd edilmiş, “Naxçıvan – bəşəriyyətin beşiyi” beşinci rəsm festivalı keçirilmişdir.
Muxtar respublikanın kütləvi informasiya vasitələrinin inkişafı da diqqətdə saxlanılmış, 2021-ci il martın 17-də Naxçıvan dövlət teleradiosunun fəaliyyəti yenidən təşkil olunmuşdur. Muxtar respublikanın aparıcı mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin 100 illik yubileyi qeyd olunmuş, qəzet əməkdaşlarının əməkhaqları artırılmışdır. “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinin maddi-texniki bazası və işçilərin sosial müdafiəsi də gücləndirilmiş, sərgi-satış mərkəzi istifadəyə verilmişdir.
2021-ci ildə müxtəlif səviyyəli 40 xarici nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmiş, muxtar respublikanın nümayəndə heyətləri isə 39 dəfə xarici səfərdə olmuşlar.
Muxtar respublikanın sosial-iqtisadi inkişafında və qazanılan nailiyyətlərdə xidməti olanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkə Prezidentinin sərəncamları ilə 2021-ci ildə muxtar respublika sakinlərindən 48-i müxtəlif orden, medal və fəxri adlarla təltif olunmuş, 10 nəfər Prezident mükafatına, 1 nəfər 2021-ci il Gənclər üçün Prezident mükafatına layiq görülmüş, 1 nəfərə ali hərbi və 1 nəfərə ali xüsusi rütbə, 1 nəfərə isə üçüncü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir. Həmçinin 20 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları, 9 nəfər Naxçıvan Muxtar Respublikasının nişanları ilə təltif edilmiş, 2 nəfər Naxçıvan Muxtar Respublikasının mükafatına, 2 nəfər Ali Məclisin Fəxri Fərmanına, 2 gənc isə xüsusi aylıq təqaüdə layiq görülmüşdür.
Hörmətli sessiya iştirakçıları!
Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2022-ci ildə də Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir. Ölkə Prezidentinin də dediyi kimi: “Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik”.
Sağ olun.
X X X
Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış ediblər.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.
Gündəlikdə duran üçüncü məsələ - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Bağırov çıxış edib, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul olunub.
Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur.
Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunub və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib.
Ali Məclisin Sədri sessiyanın gündəliyində duran beşinci məsələnin müzakirəsi zamanı qeyd edib ki, Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Qanuna dəyişikliklər edilərək deputatların əlillik dərəcələri faizlə əvəz edilib. Buna müvafiq olaraq “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda da müvafiq dəyişiklik edilməsi ilə bağlı Qanun layihəsi hazırlanıb.
Sessiyada “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun səsə qoyularaq qəbul olunub.
Gündəlikdə duran altıncı məsələ ilə bağlı qeyd olunub ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa 2021-ci il 30 sentyabr tarixdə dəyişikliklər edilib. Dəyişikliklər normativ hüquqi aktların hazırlanması, onlara dəyişiklik edilməsi, qüvvəyə minməsi və qüvvədən düşməsi ilə bağlı mövcud normayaratma praktikasında tətbiq olunan qaydaların qanunvericilikdə təsbit edilməsini nəzərdə tutur. Buna müvafiq olaraq “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda da dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanıb.
Sessiyada “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun səsə qoyularaq qəbul olunub.
Sessiyada gündəlikdə duran yeddinci məsələ müzakirə olunub, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun səsə qoyularaq qəbul edilib.
Gündəlikdə duran səkkizinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova hesabat verib, müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.
Ali Məclisin Sədri 2021-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, şəhidlərimizin əziz xatirəsini yad edib, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası öz işini başa çatdırıb.

Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |